İşləmədiyi müddətdə pul almaq istəyənlərin — nəzərinə! – VİDEO

661

İşləmədiyi müddətdə pul almaq istəyənlərin

İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək. Bunun üçün vətəndaşların hansısa quruma vaxt sərf edərək getmələrinə ehtiyac qalmayacaq. Ödənişin təyin edilib-edilməməsi isə 10 gün ərzində bəlli olacaq…

İşsizlikdən sığorta almaq üçün öncədən vətəndaşlar sosial müdafiə şöbələrinə müraciət etməli idilər. Ancaq artıq bütün bu proseslər tam olaraq elektron qaydada icra ediləcək. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminin təmin etdiyi electron xidmət sayəsində mümkün olacaq.

Ekspert Rəşad Həsənov bildirir ki, işsizlikdən sığorta məsələsinin elektronlaşdırılması çoxsaylı insanın problemini qısa zamanda həll etməyə imkan verəcək.

Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs “Məşğulluq” altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və ya mobil telefon nömrəsinə ismarıc göndərilir.

Rəşad Həsənov bildirir ki, öncədən bu sahədə bir sıra çatışmazlıqlar var idi və buna görə insanların əksəriyyəti işsizlikdən sığorta haqqını əldə edən zaman ciddi çətinliklərlə rastlaşırdılar.

Sığorta ödənişi isə təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır. Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və mobil telefon nömrəsinə ismarıc göndərilir.