“Tramp və Putin Ərdoğanın qurduğu oyunun kartlarıdır” — Fransız ekspert

740

“Tramp və Putin Ərdoğanın qurduğu oyunun kartlarıdır”

“Türkiyə prezidentinin Ağ Evə səfəri rəsmi Ankaranın Suriya üzrə strategiyasını düzgün əks etdirir”.

Musavat.com xəbər verir ki, Fransanın “L`Opinion” qəzetinin analitik yazısında belə deyilir.

Yazının müəllifi Fransanın Milli müdafiə institunun əməkdaşı, silahlanma üzrə tanınmış ekspert Jan-Dominik Merşedir. Yazar iki ölkə arasındakı son dövrlərdə baş verən gərginliyə rəğmən Donald Trampın Rəcəb Tayyip Ərdoğanı olduqca isti qarşıladığına diqqət çəkib. Müəllif Türkiyənin olduqca düzgün və zamanında diplomatik addımlar atdığını xüsusi qeyd edib. Jan-Dominik Merşenin fikrincə, türklər amerikalılarla edə bilmədiklərini ruslarla həyata keçirdilər. Bunu onların rəsmiləri də söyləyir.

Bundan başqa “Barış Pınarı” əməliyyatından sonra kürdlərin Suriyanın şimalında qurmaq istədikəri “Rojava” adlı dövlətəbənzər qurum dağıdılıb. Doğrudur, rəsmi Ankranın arzuladığı kimi 450 km-lik sərhəd boyunca olmasa da, Tel-Abyad və Ras-Əl-Ayn bölgəsi arasındakı 130 km-lik hüdudda və 32 km-lik dərinlikdə nəzarəti təmin etmək mümkün olub. Qalan hissələrdəsə, Türkiyə və Rusiya arasında bu ilin oktyabrın 22-də imzalanan sazişə görə, rusların hərbi baza qurduğu Qamışlı istisna olmaqla, birgə patrul həyata keçiriləcək.

“Belə bir sxem əslində 2018-ci ilin yanvarında ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun dilindən səsləndirilmişdi. Onun planına görə, 20 mil dərinlikdə “təhlükəsizlik zonası” yaradılmalı, həmin bölgəyə isə Türkiyə və ABŞ hərbçiləri birgə nəzarət etməli idilər”, – deyə fransız ekspert qeyd edir.

“Türkiyə tərəfi rusların amerikalılara nisbətən məsələyə daha ciddi yanaşdığını söyləyir. İndi Ərdoğan özünün ikiqat diplomatik uğuruna sevinə bilər. Belə ki, əvvəlcə o, oktyabrın 17-də  ABŞ-la “birgə bəyannamə”, oktyabrın 22-də isə ruslarla “qarşılıqlı anlaşma haqqında memorandum” imzaladı. Rəsmi Ankara bütün bunarın Suriyadakı siyasi nizamlanmanın təmin olunması üçün müsbət atmosfer yaradacağına inanır. Bəşər Əsəd isə hələ də özünün “ölkənin sahibi” olduğunu zənn edir”, – deyə Jan-Domink Merşe vurğulayır.

Fransalı mütəxəssis Ərdoğan hökumətinin ABŞ-la “S-400” böhranını aşmaq üçün çalışdığını da bildirərək, Türkiyə tərəfinin diplomatik çevikliyini tərifləyib.