“Uelsin heyətində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq əla olardı. Bunun üçün əlimizdən gələni etməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Uels millisinin yarımmüdafiəçisi Harri Uilson yerli mətbuata açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsində 2 gün sonra Bakıda millimizlə keçirəcəkləri oyun haqda danışan “Bornmut”un futbolçusu Azərbaycanı məğlub etməyin yolunu bildiklərini söyləyib:
“Seçmə mərhələnin son iki oyununda qalib gəlməli olduğumuzu bilirik. İstədiyimiz oyunu sərgiləyə bilsək, əminəm ki, bunu bacaracağıq. Azərbaycanla evdəki görüş düşündüyümüzdən çətin olmuşdu. Buna görə də mütləq onlara hörmət etməliyik. Kardiffdəki matçda müdafiədə və orta xətdə yaxşı təşkilatlanmış komanda gördük. Azərbaycanın güclü və zəif tərəflərini analiz etmişik. Onları necə məğlub edə biləcəyimizi bilirik. Ancaq bizə qarşı diqqətli oynayacaqlar”.
Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels seçməsi, 3 gün sonra evdə Macarıstanla üz-üzə gələcək.