Xanhüseyn Kazımlı Milli Məclisə içkili gəlib? – ŞOK İDDİA

800
Bir neçə gündür ki, sosial medianı deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntü zəbt edib. Görüntülərdən aydın olur ki, millət vəkili fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır.
Deputatın sözügedən videosunu izləyən sosial şəbəkə istifadəçiləri X.Kazımlının səhhəti ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. İddia olunur ki, deputat ciddi xəstəliyə düçar olub.
Qeyd edək ki, X.Kazımlı Milli Məclisin son iclasında da çıxış etmək üçün söz istəyib və eynən məlum videodakı kimi rabitəsiz danışıb. Deputatın çıxışı Milli Məclisdə gülüş doğurub və onun iclasa içkili vəziyyətdə gəldiyi ehtimal olunub.Maraqlıdır, deputatın anlaşılmayan çıxışları nədən xəbər verir? Həkimlər bu barədə necə düşünürlər?

AYNA-ya danışan tanınmış həkim Rəşid Mahmudov deyib ki, Xanhüseyn Kazımlının həkimə ehtiyacı var:

“Millətin də, dövlətin də dəyəri onun ziyalısıdır. Bir ziyalı ki yaltaqdır, vay o millətin halına. Onların hamısını ziyalılıqdan çıxarmaq lazımdır. Bunu isə biz – sən, mən etməliyik”.

Həkim-nevroloq Qalib Əsədov isə bildirib ki, nitqin bu şəkildə pozulması bir çox səbəblərdən baş verə bilər:

“Düzdür, hər hansı bir şəxsi müayinə etmədən onun haqqında dəqiq diaqnoz qoymaq mümkün deyil. İnsanın xüsusi nevroloji statusunu dəqiqləşdirəndən sonra, demək olar ki, onda nə var. Ancaq belə rabitəsiz nitq yuxusuzluqdan, yorğunluqdan, hansısa kimyəvi dərmanların, müəyyən spirtli içkilərin təsirindən baş verə bilər.
Həmçinin, yaşı 70-dən çox olan bəzi insanlarda Altsheymer xəstəliyi müşahidə olunur. Həmin xəstəliyin daşıyıcılarında da bu şəkildə nitqin pozulması baş verir. Eyni zamanda, beyinin alın payında müəyyən problemlər, məsələn şiş varsa, o cümlədən insult, qansızma olanda da nitqdə pozulmalar yaranır”, – deyə nevroloq vurğulayıb.

Q.Əsədov bir məsələni də qeyd edib ki, zehni problemi olan insanlar, adətən bunu özləri dərk etmirlər:

“Yəni heç kim ağlından şikayət etmir. Hətta dəlilər belə, özlərini ən ağıllı adam hesab edirlər və düşünürlər ki, onlarda hər şey əladır. Bunu kənardan müşahidə edənlər həmin şəxsə tövsiyə edə bilərlər ki, “artıq bəsdir”.

Qeyd edək ki, deputat özü isə məlum videosuna görə sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:
“Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər”.