Qarabağ əlilinin mənzil və avtomobillə təmin olunması müraciətinə nazirlikdən cavab

764

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Xəbər verildiyi kimi Qarabağ müharibəsi əlili Quliyev Elşad Elbrus oğlu mənzil və avtomobillə təmin olunmadığı ilə bağlı şikayətçi olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayon sakini Quliyev Elşad Elbrus oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış xəstəlik səbəbindən 16 aprel 2015-ci il tarixdən III dərəcə əlillik təyin edilib.

Hazırda o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə 200 manat məbləğində əmək pensiyası, müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxs kimi Prezidentin aylıq təqaüdü olaraq 210 manat təqaüdlə, uşaqlarına görə aylıq 45 manat məbləğində sosial müavinətlə təmin edilir.

E.Quliyevə əlillik təyin edildiyi vaxtdan əvvəlki dövrlərdə mənzil növbəsinə qeydiyyata alınmış şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər vardır ki, ilk mərhələdə məhz onların mənzilə təminatı nəzərdə tutulub. Yəni, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə hazırda 2014-cü il yanvar ayının 1-dək növbəyə götürülmüş şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və ya fərdi evlə təminatı işləri aparılır.

E.Quliyev dövlət tərəfindən minik avtomobili ilə təmin edilməkdən ötrü isə əvvəlcə növbəyə dayanmalıdır. Bunun üçün qanunvericiliyə əsasən səhiyyə müəssisəsi tərəfindən onunla bağlı göndəriş və həmin göndəriş əsasında nazirlik yanında Tibbi-Sosial Ekspertiza Xidməti tərəfindən minik avtomobilinə tibbi göstəriş elektron sistemə daxil edilməlidir. Bu prosedur həyata keçirildiyi halda onun minik avtomobilinə növbəyə dayanmasına hüququnun olub-olmadığı onun özünün iştirakı olmadan şəffaf şəkildə müəyyən ediləcəkdir.

E.Quliyevin mənzillə təmin edilmək üçün rüşvət istənilməsi barədə qeyd etdikləri isə heç bir fakta söykənməyən əsassız ittihamdan başqa bir şey deyil.

Həm mənzil növbəsinə dayananların, həm də ötən dövrdə mənzillə təmin olunanların siyahıları nazirliyin rəsmi saytında (sosial.gov.az) açıqlanıb. Həmin siyahılara da nəzər salmaqla, mənzil təminatında növbəlilik prinsipinə ciddi riayət edildiyinin şahidi olmaq olar.