“Sizi narahat edən problemləri dinləməyə hazırıq” – Prezidentin köməkçisi (Video)

803
“Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz, sizin müvafiq problemlərinizi dinləməyə hazırıq”.

Anews.az xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov dövlət televiziyasının efirində 19 oktyabr mitinqindən danışarkən deyib. O bildirib ki, 28 May meydanı ətrafında nəqliyyat vasitələrindən avtobuslardan, metrolardan gün ərzində 200 minə yaxın Bakı şəhər sakini istifadə edir:

“O cümlədən, həmin meydanın ətrafı kifayət qədər sıx şəkildə sahibkarlıq obyektləri, dükanlar, ticarət mərkəzləri, məktəblər, xəstəxanalar, institutlar olan bir yerdir. Təsəvvür edin ki, Azərbaycan müxalifətinin bu antimilli, antivətəndaş aksiyası sözün həqiqi mənasında Bakının 200 mindən artıq insanın ritmik həyatını pozdu. Həmçinin nəqliyyatın ritmik hərəkətini, şəhərin ictimai-siyasi asayişini pozdu. Polis oqranları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də mən polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyatı olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. Əslində, müxalifət üzr istəməlidir. Bu işin məsuliyyətini kimsə daşımalıdır, ya daşımamalıdır?! 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır. 25-26 ildir ki, mənim də təmsil olunduğum hakimiyyət Azərbaycan dövlətini idarə edir. Azərabycanın iqtisadi-siyasi, sosial siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan vətəndaşları ilə təmasa girir. Onun hakimiyyət mandatına sahib olur. Onların istək və arzularını həyata keçirmək üçün siyasət yürüdür. Azərbaycan vətəndaşları da bütövlükdə bu hakimiyyətdən razıdırlar. Bunu keçirilən sorğular göstərir. Yəni, bir ölkənin hakimiyyətini, liderini hakimiyyətdən salmağın, devirməyin yolu Azərbaycan vətəndaşlarının iradəsindən, istəyindən keçir. Bu iradəni, istəyi qazana bilməyən istənilən qüvvə iflasa məhkumdur. Necə ki Azərbaycan müxalifəti 25-26 ildir ki, iflasa uğrayıb, Azərbaycan xalqı tərəfindən boykot olunub. Bunu birmənalı şəkildə bizim vətəndaşlar anlamalıdır.
Müxalifət partiylarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlarımıza çağırış edirəm. Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizinlə sizi narahat edən problemləri dinləməyə hazırıq.

Əli Kərimli və onun ətrafındakı antimilli qüvvələr 26 ildir ki, eyni cəfəng fikirlərlə hakimiyyətə və dövlət idarəçiliyinə, asayişə, dövlətin islahatlarına, onun yürütdüyü fəal sosial siyasətə qarşı istifadə edir. Mən əminəm ki, o insanların siyasətçilərin heç birisi indiyə qədər Azərbaycan büdcəsinə 1 qəpik vergi verməyiblər. Onların valideynləri, qohum-əqrəbaları bu dövlətdən pensiya, maaş, iş alırlar. Bu dövlətin hesabına yaşayırlar. O insanların taleyini də biz beləsi ambisiyalı insanlara qurban versək, onda bu dövlət nə günə qalar?! Baxın, xarici ölkələrdə dövlətin asayişini pozmaq istəyən vətəndaşlara qarşı polis hansı qəddarlıqla tədbirlər görür. Sivil dünyanın mərkəzi Parisdə, Barselonada, Amsterdamda, Londonda biz dəfələrlə belə halların şahidi olmuşuq. Dövlətin, vətəndaşların asayişini, ritmik həyatını, nəqliyyatın hərəkətini pozmaq istəyən insanlar müvafiq olaraq polislə, asayiş keşikçiləriylə üz-üzə gəlirlər və onlara qarşı istənilən vasitə məqbul hesab olunur. Ancaq biz 26 ildir ki, bunları ötüşdürürük. Biz düşünürük ki, Azərbaycan vətəndaşları özləri anlayar. Bu insanların gələcəkdə də, bu gün də Azərbaycan dövlətinə, dövlətçiliyinə hər hansı pozitiv ruh, dəyişiklik gətirəcəyini qoy insanlar özləri müəyyən etsin”.