Təhsilə yüksək diqqət və qayğı nümunəsi
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasi və iqtisadi kurs son zamanlar ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, suveren dövlətimiz təkcə regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Əlbəttə, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı dövlət başçısı İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. Olduqca təqdirəlayiq faktdır ki, Prezident İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirilən yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini şərtləndirmişdir. Son illərdə təhsil sahəsində əhəmiyyətli uğurların əldə olunması da bilavasitə təhsilin idarəolunması sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin aparılması, o cümlədən monitorinq və qiymətləndirmə, təhsilin idarəolunmasının məlumat sistemləri, strateji təhlil, planlaşdırma və kadrların idarəolunması, akkreditasiya şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirmiş, çevik idarəetməyə zəmin yaratmışdır.
Müstəqillik illərində Azərbaycan təhsili ümummilli lider Heydər Əliyevin “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır” müddəasına əsaslanan islahatlar nəticəsində tarixi təcrübə və nailiyyətlər zəminində bir çox diqqətəlayiq uğurlar qazanmış, milli dəyərlərə söykənməklə beynəlxalq təhsil sisteminə uğurla inteqrasiya edə bilmişdir.
Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı olan İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dövlət başçısının bu uzaqgörən fikirlərini bir daha təsdiqləyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”.
Təhsil sisteminin qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xüsusi vurğulamışdır: “Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.
“Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” müddəasını əsaslandıran dövlət başçısının dediyi kimi, “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir.
Müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Qloballaşan dünyada dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilmişdir.
Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır – məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək – geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. Bu nüfuzlu qurumun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırmışdır.
Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurmuşdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında daim bildirir ki, son illər Azərbaycanda iqtisadi yüksəliş bütün sahələrdə özünü büruzə verir. Təhsilin inkişafına göstərilən diqqət və bu sahəyə ayrılan vəsait günbəgün artır. Son 16 ildə ölkədə 3000 məktəb inşa olunmuş və əsaslı təmir edilmişdir. Bununla da respublikada 1,5 milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşdırılmışdır. “Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb qalmayacaq” – deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində 32 internat məktəbinin və uşaq evinin yenidən qurulduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun özəl sektorlarla gözəl işbirliyi yaratdığını da dəfələrlə diqqətə çatdırmışdır.
Belə genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirən təşkilat kimi özünü təsdiqləmiş, çoxşaxəli fəaliyyəti ilə cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır. Fond əsrin əvvəllərində yaşamış vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü inamla reallaşdırır. Bu xoşməramlı missiya isə Azərbaycana gələcək üçün yüksək səviyyəli, intellektual kadrların yetişdirilməsinə, millətin nurlu sabahına xidmət edir.
Ramella Məmmədova
Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri
Saytın rəhbəri, “Məxfi Fikir” qəzetinin baş redaktoru: Ruslan Həsənov
Tel.: 050-244-48-19; 070-200-33-85