Azərbaycanda yaşı 100-dən çox olanlar niyə”Ginnesin Rekordlar Kitabı”na düşmür?

631

BIA/az Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.

2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məluamat görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 880 nəfərə çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, “Ginnesin Rekordlar Kitabı”na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Hazırda dünyanın rekordlar kitabına düşən ən yaşlı sakini 112 yaşlı yapon Masadzo Nonakadır, Azərbaycanda isə indiyə qədər yaşı verifikasiya edilmiş uzunömürlülər arasında hələ ki “Ginnesin Rekordlar Kitabı”na düşə biləcək şəxs yoxdur”.

U.Həşimova əlavə edib ki, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.

Onun sözlərinə görə, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəddə göstərilən yaşı üst-üstə düşmür. 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından, ondan sonra doğulanların yaşı daha dəqiq yazılıb.