Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbdə 16 illik idarəçilik: Təhsil, yoxsa şəxsi münasibətlər və özbaşınalıq prinsipi?

218

Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbdə 16 illik idarəçilik: Təhsil, yoxsa şəxsi münasibətlər və özbaşınalıq prinsipi?

Naftalan şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın rəhbərliyi ilə bağlı redaksiyamıza daxil olan ciddi şikayətlər təhsil müəssisəsində idarəetmə, kadr bölgüsü, müəllimlərin ixtisas uyğunluğu və pedaqoji mühitlə bağlı bir sıra suallar yaradır. İddialara görə, məktəbdə uzun illərdir davam edən idarəçilik problemləri təhsilin keyfiyyətinə mənfi təsir göstərir, müəllimlər arasında narazılıq yaradır, kollektivdə sağlam iş mühitini zədələyir.

Redaksiyamıza təqdim olunan məlumatlarda bildirilir ki, məktəbdə bəzi müəllimlərə öz ixtisaslarına uyğun olmayan fənlərin tədrisi həvalə edilir. Daha ciddi narahatlıq doğuran məqamlardan biri isə kitabxanaçılıq təhsili almış bir əməkdaşın psixoloq vəzifəsinə gətirilməsi, psixoloq kimi fəaliyyət göstərən digər əməkdaşa isə tarix fənninin tədrisinin tapşırılması ilə bağlı iddialardır. Əgər bu məlumatlar təsdiqini taparsa, burada söhbət təkcə kadr bölgüsündən deyil, məktəbin tədris prosesinin təşkili və peşəkar idarəetmə prinsiplərinə əməl olunmasından gedir.

Şikayətlərdə tarix və biologiya müəllimlərinə coğrafiya fənninin tədrisinin həvalə edildiyi də qeyd olunur. Biologiya müəllimi Samirə Mahmudovanın öz ixtisası üzrə çalışmasına baxmayaraq coğrafiya dərsləri keçdiyi iddia edilir. Həmçinin tarix müəlliməsi Təranə Vəliyevanın da coğrafiya fənnini tədris etməyə cəlb olunduğu bildirilir. Bu vəziyyət istər-istəməz sual yaradır: Məktəbdə fənlərin tədrisi hansı meyarlarla bölüşdürülür? Müəllimin diplomu, ixtisası və pedaqoji hazırlığı nəzərə alınırmı?

Daha bir diqqətçəkən məsələ müəllimlərin sertifikatlaşdırma nəticələri ilə bağlıdır. Redaksiyamıza daxil olan məlumatlarda Aygün Əliyeva adlı müəllimənin altı müxtəlif vəzifə və fəaliyyət istiqaməti ilə təmin edildiyi iddia olunur. Bunlara biologiya, kimya, həyat bilgisi, şahmat, sinif rəhbərliyi və həmkarlar təşkilatı ilə bağlı vəzifələr daxildir. İddialara əsasən, həmin müəllimə kimya fənni üzrə müvafiq ixtisas uyğunluğu olmadan dərs aparmaq imkanı əldə edib.

Ən maraqlı məqam isə budur ki, bu qədər dərs yükü və vəzifənin bir əməkdaşın üzərində cəmləşdirilməsi fonunda onun öz ixtisası üzrə sertifikatlaşdırma nəticəsinin uğursuz olduğu bildirilir. Məlumatda Aygün Əliyevanın 30 bal həddini keçə bilmədiyi qeyd olunur. Əlbəttə, sertifikatlaşdırma nəticələri rəsmi sənədlərlə təsdiqlənməlidir. Ancaq belə bir vəziyyətin mövcudluğu barədə iddialar məktəbdə dərs bölgüsünün hansı prinsiplərlə aparıldığına dair ciddi araşdırma zərurəti yaradır.

Digər iddiaya görə, tarix müəlliməsi Təranə Vəliyeva coğrafiya fənnini tədris etdiyi halda, sertifikatlaşdırmada öz ixtisası üzrə 19 bal toplayaraq uğursuz nəticə göstərib. Eyni zamanda, psixoloq vəzifəsində çalışdığı bildirilən Aygün İsmayılovaya tarix fənninin tədrisinin həvalə olunduğu, onun isə tarix müəlliməsi Təranə Vəliyevanın nəticəsindən cəmi bir bal artıq topladığı iddia edilir.

Bu faktlar təsdiqlənərsə, ortaya olduqca ziddiyyətli mənzərə çıxır: Bir tərəfdən ixtisas uyğunluğu məsələsi, digər tərəfdən isə müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi. Məktəbdə dərs bölgüsünün şəxsi münasibətlərə deyil, qanunvericiliyə, ixtisas uyğunluğuna və pedaqoji tələblərə əsaslanması vacibdir.

Şikayətlərdə rus bölməsi ilə bağlı da ciddi narazılıqlar yer alır. Bildirilir ki, rus bölməsində yaranan vakant yerlər barədə şəffaf məlumat verilmir, bəzi dərs saatları Azərbaycan bölməsində çalışan müəllimlər arasında bölüşdürülür. Hətta rus dilini bilmədiyi iddia olunan əməkdaşın rus bölməsində riyaziyyat dərsi keçməsi ilə bağlı məlumatlar da təqdim olunub. Coğrafiya fənni üzrə isə öz ixtisası üzrə sertifikatlaşdırmada uğursuz nəticə göstərdiyi bildirilən müəllimənin rus bölməsinə cəlb edildiyi iddia edilir.

Əgər rus bölməsində dərs deyən müəllimlərin dil bilikləri və ixtisas uyğunluğu lazımi səviyyədə deyilsə, bu, həmin bölmədə təhsil alan şagirdlərin tədris keyfiyyətinə birbaşa təsir göstərə bilər. Burada əsas məsələ konkret şəxslərin kimliyi deyil, uşaqların keyfiyyətli təhsil almaq hüququdur. Heç bir şəxsi münasibət, dostluq və ya yaxınlıq prinsipi şagirdlərin təhsil maraqlarından üstün tutulmamalıdır.

Redaksiyaya daxil olan şikayətlərin digər mühüm istiqaməti məktəbdə kadr siyasətinin qohumluq, dostluq və şəxsi münasibətlər əsasında qurulması iddialarıdır. Bildirilir ki, direktorun yaxın ətrafında olan şəxslərə daha əlverişli dərs saatları və müxtəlif vəzifələr verilir, kollektivdə rəhbərliyə yaxınlıq müəyyən üstünlüklər yaradır. Bu iddiaların araşdırılması, dərs bölgüsü cədvəllərinin, vakant yerlərin elan olunması qaydasının və vəzifə təyinatlarının qanuniliyinin yoxlanılması zəruridir.

Bundan başqa, şikayətçilər məktəbdə narazılığını bildirən müəllim və texniki işçilərin psixoloji təzyiqlə üzləşdiyini iddia edirlər. Onların sözlərinə görə, bəzi əməkdaşlar barəsində valideyn müraciətləri, izahatlar və müxtəlif protokollar əsasında intizam tədbirlərinin görülməsi narazı səslərin susdurulması vasitəsinə çevrilir. Hətta müəllimlərə qarşı mobbinq xarakterli davranışların olduğu da iddialar arasındadır.

Bu məqam xüsusi araşdırma tələb edir. Çünki məktəb rəhbərliyi kollektivdə qorxu və təzyiq mühiti yaratmaq üçün deyil, müəllimlərin normal fəaliyyətinə şərait yaratmaq, onların hüquqlarını qorumaq və tədrisin keyfiyyətini yüksəltmək üçün çalışmalıdır. Əməkdaşların qanuni şikayət və müraciətlərinə görə təzyiqə məruz qalması yolverilməzdir.

Şikayətçilərin iddialarına əsasən, Adilə Bağırovanın 16 illik direktor fəaliyyəti dövründə məktəbdə ciddi idarəetmə problemləri formalaşıb. Onlar təhsil müəssisəsinin akademik göstəricilərinin də qənaətbəxş olmadığını, şagirdlərin imtahan və qiymətləndirmə nəticələrinin narahatlıq doğurduğunu bildirirlər. Məktəbin şəhər üzrə nəticələrinə dair səsləndirilən fikirlər isə müstəqil statistik məlumatlar əsasında yoxlanılmalıdır.

Ən düşündürücü məqam isə bütün bu iddialarla bağlı aidiyyəti qurumlara müraciət edildiyi, lakin şikayətçilərin qənaətbəxş cavab ala bilmədikləri barədə məlumatlardır. Onlar Elm və Təhsil Nazirliyinin, regional təhsil idarəsinin və müvafiq sektorun məsələni lazımi səviyyədə araşdırmadığını düşünürlər. Hətta məktəb rəhbərliyinin məsuliyyətdən kənarda saxlanıldığına dair narazılıqlar səsləndirirlər.

Burada bir sual yaranır: Əgər şikayətlər əsassızdırsa, niyə aidiyyəti qurumlar faktları açıq şəkildə araşdırıb ictimaiyyətə ətraflı məlumat vermirlər? Əgər iddiaların müəyyən hissəsi doğrudursa, niyə indiyədək müvafiq tədbirlər görülməyib?

Təhsil müəssisəsi heç bir şəxsin şəxsi mülkiyyəti, dost-tanış münasibətlərinin idarə olunduğu məkan və ya özbaşına qərarların verildiyi qurum ola bilməz. Məktəbin əsas vəzifəsi uşaqlara keyfiyyətli təhsil vermək, müəllimlərin peşəkar inkişafını təmin etmək və sağlam pedaqoji mühit formalaşdırmaqdır.

Elm və Təhsil Nazirliyinə, aidiyyəti regional təhsil idarəsinə, müvafiq nəzarət qurumlarına və zərurət yarandığı halda hüquq-mühafizə orqanlarına müraciət edərək aşağıdakı məsələlərin araşdırılmasını vacib hesab edirik:

  • Məktəbdə müəllimlərin ixtisaslarına uyğun olmayan fənlərin tədrisinə cəlb edilməsi;
  • Psixoloq vəzifəsinə təyinatların qanuniliyi və müvafiq peşə tələblərinə uyğunluğu;
  • Rus bölməsində vakant yerlərin gizlədilməsi və dərs saatlarının bölüşdürülməsi iddiaları;
  • Aygün Əliyevaya altı müxtəlif vəzifə və dərs istiqamətinin verilməsinin hüquqi əsasları;
  • Müəllimlərin sertifikatlaşdırma nəticələri ilə dərs bölgüsü arasındakı uyğunluq;
  • Müəllim və işçilərə qarşı təzyiq, mobbinq və intizam tədbirlərindən sui-istifadə iddiaları;
  • Məktəbdə dərs bölgüsünün, kadr təyinatlarının və vakant yerlərin şəffaflığı;
  • Son illərdə məktəbin təhsil göstəriciləri və şagirdlərin akademik nəticələri.

Adilə Bağırova 16 ildir rəhbərlik etdiyi təhsil müəssisəsində idarəetmənin hansı prinsiplər əsasında qurulduğu ilə bağlı ictimaiyyətə aydınlıq gətirməlidir. Təhsil sahəsində rəhbər vəzifə şəxsi nüfuzun qorunması deyil, dövlət qarşısında məsuliyyət daşımaq deməkdir.

Bir daha vurğulayırıq ki, səsləndirilən fikirlər redaksiyaya daxil olan şikayət və iddialara əsaslanır və onların hər biri rəsmi araşdırma yolu ilə təsdiq və ya təkzib edilməlidir. Adilə Bağırovanın, məktəb rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Çünki söhbət hansısa direktorun və ya müəllimin şəxsi münasibətlərindən deyil, Naftalan şəhərində təhsil alan uşaqların gələcəyindən gedir. Məktəbdə əsas söz sahibi şəxsi münasibətlər deyil, qanun, peşəkarlıq və təhsilin keyfiyyəti olmalıdır.

Beynelxalqinformasiyaagentliyi.az