Mehriban Əliyeva – zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssəməsi

189

Mehriban Əliyeva – zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssəməsi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. Vətəninə və xalqına sonsuz məhəbbətinə görə onu hamı sevir. O, doğma Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifidir. Birinci xanım adını şərəflə daşımaq, dünya birliyində Azərbaycanın mövqeyini hər zaman qorumaq, uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq… Bir sözlə, son dərəcə məsuliyyətli, həm də gərgin fəaliyyət sferası… Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatının mənası, həm də maraqlı anları və məqamlarıdır.
Azərbaycanı beynəlxalq aləmdə sidq-ürəkdən təbliğ edən, siyasəti mərhəmət və şəfqət kimi bəşəri dəyərlərlə zənginləşdirən, hər bir sahədə xoş məramı ilə fərqlənən Mehriban Əliyeva Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.
Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın Birinci vitse-prezidentinin dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirdikdə bu xidmətin miqyasını təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət dayanır.
“Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir. Kimsənsə elə də olmalısan. Bax, budur bizim həyatımız!”, – deyən Mehriban Əliyeva Azərbaycan tarixinə xalqa sonsuz məhəbbəti, gördüyü əzəmətli quruculuq işlərinin miqyası və xeyriyyəçilik əməlləri ilə daxil olub. O, həyat yolunu və fəaliyyət dairəsini özü müəyyənləşdirib, xeyirxahlıq yolunu seçib. Yardıma ehtiyacı olan hər kəsin yanında olmaq onun həyat amalıdır. O, xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, həm də gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Onu köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Bəzən hətta bayramları onlarla birgə keçirir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, erməni işğalı nəticəsində yurd yerindən didərgin salınmış məcburi köçkünlər Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.
Ötən illər ərzində Mehriban Əliyeva ümummilli amallar naminə gərgin səylər göstərib. “Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim”, – deyən birinci xanımın fəaliyyətində başlıca meyar deyilən sözün həyatda öz təsdiqini tapmasıdır. Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Mehriban xanım qısa müddətdə dünyada ən işgüzar qadın imicinə sahib olub, müasir Azərbaycan qadınının ideal obrazını yaradıb, ölkəmizdə qadın hərəkatının aparıcı simasına çevrilib.
“Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır”. Mehriban Əliyevanın bu sözləri bir daha təsdiqləyir ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım elə bu amal və məramla da özünün ömür kitabını yazır, onu ildən-ilə daha parlaq səhifələrlə zənginləşdirir. 2004-cü ildən ulu öndər Heydər Əliyevin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təşəbbüsü, dəstəyi ilə reallaşan çoxsaylı və irimiqyaslı layihələr təkcə ölkə daxilində deyil, bütün dünyada böyük rəğbətlə qarşılanır. Məhz onun təşəbbüsü və yaxından iştirakı ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə bir sıra irimiqyaslı layihələr reallaşdırılıb. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr mənəvi, tarixi, mədəni irsimizin qorunması işinə mühüm töhfələr verir. Çoxsaylı xeyriyyəçilik tədbirləri Heydər Əliyev Fondunu həm də şəfqət və mərhəmət ünvanına çevirib. Fondun mədəniyyətimizlə, incəsənətimizlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna rola malikdir. Sərhəd tanımayan xeyirxah təşəbbüsləri Heydər Əliyev Fonduna dünyada böyük nüfuz qazandırıb.
Azərbaycanda, eləcədə dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı səhifəsinə öz dəsti xəətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər səhifəsindədir.
Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!

Bərxudar Bərxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru