Ədliyyə sisteminin quruculuğunda Heydər Əliyev irsi
Bu günlər hər birimiz Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.
Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.
Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
1918-ci ildə yaradılan Ədliyyə Nazirliyinə sovetlər dövründə biganə münasibət göstərilmiş, məhdud səlahiyyətlər çərçivəsində fəaliyyət göstərmiş, bu qurum dəfələrlə ləğv edilmişdir. Nazirliyin səmərəli dövlət strukturu kimi təşəkkül tapması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan rəhbərliyinə ilk gəlişi ilə ədliyyə sistemində də intibah başlanmış, Ədliyyə Nazirliyi 1970-ci ildə bərpa olunmuş, onun fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilmiş, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, bununla da ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır. Təsadüfi deyildir ki, nazirliyin yenidən təsis olunması ilə bağlı imzalanmış həmin qərarların surəti Ədliyyə tarixi muzeyində qiymətli eksponat kimi saxlanılır.
Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək ulu öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur.
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Qanunun aliliyinin daha yüksək səviyyədə təmin edilməsi məqsədilə 2000-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamış, ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakim korpusu formalaşdırılaraq, onların yüksək statusu müəyyən olunmuşdur. Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da dahi öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə Konstitusiya Məhkəməsinə çox geniş səlahiyyətlər verilmiş və bu orqan hüquqi dövlətin və demokratiyanın inkişafında mühüm təsisat olmuşdur.
Heydər Əliyevin hakimiyyəti illərində vətəndaş cəmiyyəti quruculuğu sahəsində də mütərəqqi dövlət siyasəti formalaşmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Müasir cəmiyyətin mühüm atributlarından biri olan qeyri-hökumət təşkilatlarının inkişafında, onların ictimai həyatda rolunun güclənməsində mühüm irəliləyişlər baş vermişdir.
Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, “Notariat haqında” Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir.
Bütün sahələrdə əhalinin rifahını, ona göstərilən hüquqi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayan, hər bir fərdin maraq və mənafelərinin təmin olunmasını önə çəkən ulu öndərin “Azərbaycan Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin təkmilləşdirilməsi haqqında” 31 iyul 2002-ci il tarixli Fərmanı ilə bu sahədə müəyyən səlahiyyətlər yerli icra hakimiyyətlərinə verilmiş, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının ədliyyə orqanlarının əməkdaşları tərəfindən səyyar qaydada aparılması müəyyən edilmiş, bununla da əhalinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün əlverişli şərait yaradılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir.
Dövlət Proqramına müvafiq olaraq regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə Gəncə, Şəki və Şirvan regional ədliyyə, Qax və Qəbələ qeydiyyat şöbələrinin, habelə Salyan, Samux və Siyəzən rayon dövlət notariat kontorlarının yeni müasir inzibati binaları istifadəyə verilmişdir.
Ədliyyə sisteminə göstərilən diqqət və qayğının əyani təzahürü olaraq ədliyyə fəaliyyətinin Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə yaradılmış normativ-hüquqi əsasları daha da təkmilləşdirilir. 2006-cı il aprel ayının 18-də ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq ona hüquq mühafizə orqanı statusu verilmiş, həmin ilin may ayında isə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilmişdir. Dövlət başçısı tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı ildə Fərman imzalanması və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.
Ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən yoxsul əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə 10 hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir. Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.
Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Cəsarət Qasımov
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu