BÖYÜK ZƏFƏRİN MEMARI – İLHAM ƏLİYEV

446

BÖYÜK ZƏFƏRİN MEMARI – İLHAM ƏLİYEV

“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədrin 1-ci müavini Əlirza Süleymanov: Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar, ərazimizi tərk edirlər.
Onsuz da Azərbaycan heç vaxt müharibə arzusunda olmayıb. Bu cümləni təsdiqləyən 30 illik səbrimiz var. Bəlkə də, dünyada bizdən çox danışan xalq da yoxdur. Biz hər şeyi danışıq, sülh yolu ilə qaydasına salmağa çalışırıq.
Deyirdik ki, üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi fəaliyyətləri davam edir və ərazilərimizi minalayırlar.
Və bunun səbəb olduğu terror aktlarından birinin üzərindən cəmi bir sutka keçib. Dünən Xocavənddə səhərə yaxın, özü də sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş iki fərqli mina partlayıb, nəticədə 4-ü polis olmaqla 6 vətəndaşımız həlak olub.
İndi onların vida mərasimində çox ağır mənzərə var. Atasının dəfn mərasimində ağlayan, bəlkə də nəyin baş verdiyini heç anlamayan körpələri gördükcə başa düşürsən ki, bu problem gələcək nəsillərə qalmamalıdır, dərhal bir tədbir görülməlidir.
Bunun adı isə antiterrordur!
Çünki sənin doğruların “həqiqət” axtarışında olanların marağına uyğun gəlmirdi. Biz isə torpaqlarımız üzərinə çökən qaranlığı aydınlatmalıydıq.
Tədbirin giriş sözü də çox aydın şəkildə deyilmişdi: “Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”.


44 günlük tarixi savaşımızdan 3 ilə yaxın bir müddət keçməsinə, dəfələrlə Ermənistana sülh üçün müraciət etməmizə rəğmən Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə terrorist fəaliyyətlətini davam etdirirdi. Bəzi məlumatlara görə, Qarabağda on mindən artıq silahlı terrorist mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər.  Azərbaycan işğala məruz qoyulan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağ erməniləri müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin fəallaşması müşahidə olunurdu. Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Sentyabrın 19-da Azərbaycanın Qa­rabağ bölgəsindəki erməni silahlı qüvvələ­ri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa av­tomobil yolunda terror məqsədilə əvvəl­cədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qul­luqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatan­lardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Or­dusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qa­rabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhər­lərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.  Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətir­məsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatları qarşısının alınması üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması Azərbaycan Respub­likasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarak­terli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nü­mayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silah­lı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıx­malı və tam şəkildə tərk-silah olunmalıdır. Razılaşmanın icrası Rusiya sülhmə­ramlı kontingenti ilə əlaqələndirilmiş şəkil­də həyata keçiriləcək. Bundan sonra bizim şərtlərimiz qəbul edildi və dəfələrlə bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Ordumuzun qələbəsi münasibətilə xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”.
Son sözü isə Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz dedi! Təəssüf və çox təəssüf ki, heç bir lokal antitteror tədbiri itkisiz olmur, bizim də bu döyüşdə itkilərimiz, şəhidlərimiz, yaralılarımız oldu. Birinci Qarabağ müharibəsində 20 min şəhid verdiyimiz halda torpaqlarımızı itirmişdiksə, indi bu şəhidlərimizin qanı hesabına ölkəmizin konstitusiya quruluşunu bərpa etdik.
Qondarma rejimin təslim olduğunu eşitmək hər nə qədər sevindirici olsa da, şəhid xəbərlərinin olması bir o qədər üzücüdür. Amma bitdi! Çünki biz bu itkilərin hesabına Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq.
Bu, son idi, son tədbir idi… Pərdə qapandı!
Allah Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin!
Qarşıdan gələn “Zəfər Günü” münasibəti ilə başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olaraq bütün Azərbaycan xalqını təbrik edirəm.

 

Hazırladı: Şahmar Zərdabi