Nümunəvi təlim-tərbiyə ocağı
Uğurlu insanın bünövrəsi bağçadan başlayır…
Müsahibim Binəqədi rayonu 177 saylı körpələr evi-uşaq bağçasının rəhbəri Lalə xanım Hüseynovadır. Lalə xanım körpələrə xüsusi diqqət və qayğı ilə yanaşan, öz işini, peşəsini sevən, tabeliyində olan işçilərə münasibətdə belə digər həmkarlarına nümunə olan rəhbərdir. Elə bu səbəbdəndir ki, istər balaca fidan balalar olsun, istər valideynlər olsun, istərsə də burada çalışan tərbiyəçilər və ümumiyyətlə bütün kollektiv Lalə xanıma böyük rəğbət bəsləyirlər.
Lalə Hüseynova bacarıqlı, istedadlı rəhbər olmaqla yanaşı, həm də vətənini, millətini, dövlətini sevən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü siyasi kursu daim dəstəkləyən bir ziyalı şəxsiyyətlərdəndir.
Öz işinə hədsiz məsuliyyətlə yanaşması, rəhbəri olduğu körpələr evində hökm sürən səliqə-səhman, təmiz və səliqəli abu-hava, körpələrə yüksək peşəkarlıqla yanaşma tərzi və sair valideynlər tərəfindən yüksək sevgi ilə qarşılanır ki, bu da Lalə xanımın rəhbərlik etdiyi körpələr evinə marağı daha da artırır, valideynlər öz körpə övladlarını məhz bu körpələr evinə yazdırmaq istəyirlər.
Bağçanın həyətində abadlıq işləri görülüb, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılıb. Həyətdə uşaqlara xüsusi meydança yaradılıb.
Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.
Lalə Hüseynova bildirir ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Prezident İlham Əliyevin qayğısı sayəsində indi ölkəmizin hər yerində müasir uşaq bağçaları, uşaq evləri inşa olunur, zəruri avadanlıqla təchiz edilir. Azərbaycanda yeni uşaq tərbiyə müəssisələrinin inşası sahəsində görülən işlərə dövlətimizlə yanaşı, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb.
Lalə xanım barədə çox yazmaq, çox danışmaq olar. Bu səriştəli, bacarıqlı, istedadlı xanıma gələcək işlərində sonsuz uğurlar arzulayırıq.
Şahmar Zərdabi
Baş redaktor