NƏ QƏDƏR AZƏRBAYCAN XALQI MÖVCUDDUR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI, ƏMƏLLƏRİ YAŞAYACAQDIR

265

NƏ QƏDƏR AZƏRBAYCAN XALQI MÖVCUDDUR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI, ƏMƏLLƏRİ YAŞAYACAQDIR

Elə bir şəxsiyyətdən danışıram  ki,  bu  gün  cismən  aramızda  olmaması hər birimizi  sarsıdır.  Elə bir dahidən söz açıram  ki, onun  cismən  sıralarımızın  önündə  olmasına hələ böyük  ehtiyac vardı. Elə bir insan haqqında düşünürəm ki, min  illər  ötsə  belə onu əvəz edə  biləcək  kimsə olmayacaq. Yəqin  ki, fikirləşmədən,  düşünmədən,  xəyallara  dalmadan  hər  bir   Azərbaycan  vətəndaşı  anladı  ki, bu  insan  ümummilli  liderimiz,  böyük  dövlət  xadimi Heydər  Əlirza  oğlu  Əliyevdir. Çünki  dünyada  bənzərsiz,  əvəzolunmaz  yeganə  şəxsiyyət  odur.  Onun  keçdiyi  çətin  və  şərəfli  ömür  yolunun  hər  addımı  əsrə  bərabərdir.  Ona  görə  ki, ulu  öndərimizin  bir  gündə  xalqa  göstərdiyi  xidmətləri   digər  rəhbərlər,  ictimai  xadimlər  onilliklər  boyu  edə  bilməyiblər.  Dahi  Heydər  Əliyevin  bacarığını,  qabiliyyətini,  fitri  istedadını  Tanrı  vergisi  adlandırırlar.  Mən  bu  fikirlə  tamamilə  razıyam.  Amma  bu  fikrə  onu  da  əlavə  etmək  istəyirəm  ki,  Tanrı  bu  vergini  hər  adama  vermir.  Allaha  və  insanlara  sevgi  ilə  yanaşan,  saf  əməllərin  sahibi  bu  mükafata  layiq  görülürlər.  Heydər  Əliyev  o  şəxsiyyətlərdən  idi  ki,  Göydə  Allaha,  yerdə  xalqına  və  öz  bacarığına  güvənirdi.  Heydər  Əliyev  o  insanlardan  idi  ki, ömrünü,  həyatının  ən  mənalı  illərini  xalqına  həsr  etdi.  Müstəqil  Azərbaycan   dövlətinin  banisi,  ümummilli  liderimiz  Heydər  Əliyev  xalqımızın  yolunda  oddan-alovdan  keçdi,  sinəsini  xalqa  tərəf  gələn  dərd-bəla  qarşısında  sipər  etdi.  Heç  bir  dövlət  rəhbəri  ömrünü  xalqına  qurban  verməyib.  Amma  Heydər  Əliyev  həqiqətən  xalq  üçün  yarandığını,  millət,  torpaq  üçün  doğulduğunu   misilsiz  xidmətləri  ilə  sübut  etdi.

Təsadüfi  deyildir  ki, 1993-cü  ildə  xalq çətin  vəziyyətə  düşəndə  ona  üz  tutdu.  Nə  yaxşı  ki,  Heydər  Əliyev  vardı,  yoxsa  indi  Azərbaycan  adlı  bir  dövlət  dünyanın  siyasi  xəritəsindən  silinmişdi. Bəlkə  də  indi  Qurtuluşumuzun  yox,  Azərbaycanın  dövlət  müstəqilliyinin  itirilməsinin   20-ci  ildönümünü  qeyd  edirdik.  Şükürlər olsun  böyük  Yaradana  ki, bizi  bu  bəladan  xilas  etdi.  Tanrı  özü  bizi  ağır  sınaqlara  çəkmişdi. Bütün  çətinliklərə  baxmayaraq,  Azərbaycan  xalqı  haqq  yolundan  dönmədi.  Sözsüz  ki,  Allah-təala  haqq  mübarizəsi  aparanları  sevir  və  onlara  rəhm  edir.  Və  ona  görə  də  bizə  rəhm  etdi.  Dahi  Heydər  Əliyevi  bir  xilaskar  kimi  Azərbaycan  xalqının  köməyinə  göndərdi.  O,  xalqın  ağır  dərdini  çiyinlərində  gəzdirdi,  dağ  boyda  dərdləri  yumruq  boyda   ürəyində   əritdi.  Biləndə  ki,  atacağı  hər  hansı  addım  onun  həyatı  üçün  təhlükəli,  xalqı  üçün  isə  xeyirlidir,  o,  çəkinmədən  bunu  etdi.  Bütöv  bir  ömrü  ancaq  xalqı  üçün  yaşadı.  Yaşadıqca  isə  yaşatdı.  Öz  xeyirxah  əməlləri  ilə  milyonların  qəlbində  əbədiləşdi.  Heydər  Əliyev   humanist   olduğu   qədər   də   ciddi,  tələbkar  insan  idi.  O,  hər  kəsi  etdiyi  səhv  hərəkətə  görə  bağışlamağı,  o  insanı  doğru  yola  çəkməyi  bacarırdı.  Amma  kimsə  bilərəkdən  xalqın  adına, ölkənin  inkişafına,  mədəniyyətimizə,  mənəviyyatımıza zərbə  vururdusa,  o  kəs  heç  vaxt  ulu  öndərimiz  tərəfindən  bağışlanılmazdı. Çünki  Heydər  Əliyev  xəyanəti  sevmirdi,  xəyanətkarı  bağışlamırdı.

Bu  böyük  insan  haqqında çox  danışmaq  olar.  Sözsüz  ki,  bu  barədə  illərlə  danışılacaq,  onun  həyat  və yaradıcılığından, fəaliyyətindən  bəhs  edən  cild-cild  kitablar  yazılacaq.  Ömrünü  xalqına qurban  verən  liderdən  əsrlər  boyu  yazsan,  yenə  də  azdır.  Min il bundan  sonra, yetişəcək, yeni  nəsillər də ona ideal kimi baxacaqlar. Çünki  onun  ideyaları  xalqı  xoşbəxtliyə  aparan  bir çağırışdır. Kim bu yolla  getsə, bütün  ömrü  boyu  xoşbəxt  yaşayacaq.

Mən dahi Heydər Əliyev cənablarına Uca Tanrıdan rəhmət  diləyir, xalqımıza daim xoşbəxtlik, sağlıqlı  firavan həyat arzulayıram.

Xurşudov Şahin Nadir oğlu

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent