Prezident buna 20 il əvvəl and içmişdi…

234

Prezident buna 20 il əvvəl and içmişdi…

Bu gün, oktyabrın 15-də cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 ili tamam olur. Tarix baxımından 20 il çox az müddət olmasına baxmayaraq, bu müddət ərzində Azərbaycanda elə müsbət hadisələr və dəyişiklər baş verdi ki, onların hər birinin icrası üçün ayrıca 20 il, bəziləri üçün daha çox zaman gərəkə bilərdi.

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müvəffəqiyyətlə keçdiyi bu 20 ilin hər biri ölkəmiz və xalqımız üçün şərəfli və qürurlu anlarla doludur. Bu ilin hər biri Azərbaycanın böyüməsinə, inkişafına, güclənməsinə, dünyada söz sahibi olan və hörmət edilən ölkəyə çevrilməsinə həsr edildi. Əlbəttə, cənab İlham Əliyevin Prezidentliyi dövrünün analizi və əldə edilən uğurlu nəticələri ilə bağlı böyük həcmli məqalələr və kitablar yazmaq olar və yazılmalıdır. Lakin bu dövrü ümumi olaraq bir cümlə ilə qiymətləndirsək, bu dövrü mübaliğəsiz olaraq Azərbaycanın “Möhtəşəm 20- İli” və “Güclü Millət və Güclü Dövlət Quruculuğu Epoxası” adlandıra bilərik.

2003-cü ilin oktyabrın 15-də Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin tək milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd 21-ci yüzilin dövlət başçılarının qarşısına qoyduğu konsepsiyalardan çox fərqlənirdi. İlham Əliyevin Prezident kimi qarşısına qoyduğu ali hədəf bəlkə də, ilk baxışdan mümkün görünməyən, yəni, on illiklər ərzində heysiyyatı tapdanmış, milli mənliyi təhqir olunmuş, qaçqın və məcburi köçkünə çevrilərək taqətdən və ruhdan düşmüş bir toplumu, bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi.

İndi hadisələri təhlil edəndə bir daha anlayırsan ki, cənab Prezident bu ali məqsədə çatmaq üçün müəyyən etdiyi “Güclü Millət və Güclü Dövlət Quruculuğu Konsepsiyası”nı hansı dəqiqlik, siyasi ustalıq və qətiyyətlə həyata keçirməyi bacardı.

İlk növbədə, Quruculuq Konsepsiyasının tərkib hissəsi kimi ölkənin iqtisadiyyatı gücləndirildi, neft gəlirləri istisnasız olaraq bu Konsepsiyanın icrasına yönəldildi, ordu quruculuğu, vətənpərvər və bilikli gənc nəslin yetişdirilməsi əsas proritetə çevrildi, ictimai -siyasi sabitliyin qorunması, milli birliyin və həmrəyliyin ölkənin güc amili kimi çıxış etməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artması və sözünün eşidilməsi, dünyanın aparıcı nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün çox böyük layihələr və işlər həyata keçirildi. Ən başlıcası isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt tam olaraq qorundu və yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirildi və inkişaf etdirildi.

İlham Əliyevin yenidən qurduğu Azərbaycan bir çoxlarının hesablaya bilmədiyi və ya hesaba almaq istəmədiyi regional gücə çevrildi. Artıq Azərbaycan son və ağır döyüşə, dünyanın güc mərkəzlərinin qarşısını almağa çalışdığı Vətən müharibəsinə, torpaqlarını mənfur düşməndən azad etməyə hazır idi.

2020-ci ilin payızında Vətən müharibəsini başlatmaq, cəmi 44 gün ərzində tarixi qələbə ilə başa çatdırmaq və itirilmiş torpaqları geri qaytarmaq son 200 ildə yalnız Prezident İlham Əliyevə nəsib oldu, yalnız Prezident İlham Əliyevin siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində Azərbaycan xalqı tək yumruq kimi birləşə bildi, şanlı ordumuz qan tökərək, döyüşərək düşməni darmadağın etdi və torpaqlarımızdan birdəfəlik süpürüb atdı.

Prezident İlham Əliyev 2023-cü ilin sentyabrın 19-da isə 44 -günlük müharibənin başa çatmamış 45-ci gününü çox böyük məharətlə tamamladı və Azərbaycanın suverenliyini, bütövlüyünü, milli heysiyyatını tam və qəti şəkildə bərpa etdi. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı, millətimizə qarşı cinayət törətmiş canilər bir-bir yaxalanaraq Bakıya gətirildi, ilahi ədalət zəfər çaldı.

Bu gün, 15 oktyabr 2023-cü ildə isə Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyinə dəyişməyi bacardığının ən parlaq nümunəsini bütün dünyaya nümayiş elətdirdi, çoxumuz üçün hələ də möcüzə olan bir hadisə ilə erməni separatizminə rəsmi şəkildə son nöqtəni qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndində ucaltdı. Bu isə 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gündür, heç bir sözə sığmayan milli qürurun və milli iradənin təntənəsidir.

Beləliklə, İlham Əliyevin 20 illik Prezidentliyi Azərbaycanın “Möhtəşəm 20 il” kimi tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan 21-ci əsrin yeganə dövləti və xalqıdır ki, Prezident İlham Əliyevin sərkərdəliyi, ağlı, zəkası, diplomatik məharəti və gücü hesabına ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi.

İlham Əliyev dünyada birinci Liderdir ki, təkcə işğalçı Ermənistanla deyil, dünyanın güc mərkəzləri olan Fransa, ABŞ, Rusiya, Avropa Birliyi və s. ilə vuruşaraq, onların müqavimətini qıraraq və onlara qalib gələrək beynəlxalq hüququn və beynəlxalq ədalətin hərbi-siyasi yolla bərpa olunmasına nail oldu.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımız qarşısında xidmətlərinin, həmçinin dünya siyasət və hərb elminə verdiyi töhfələrin bənzəri və tayı-bərabəri yoxdu. Bu xidmətlərin qarşılığında ölkəmizdə hansı dövlət mükafatının və ya təltifinin Ona layiq olduğunu deyə bilmirəm, çünki o səviyyədə və Ona adekvat mükafatın olmadığını düşünürəm. Ancaq bir həqiqət aydındır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən böyük mükafatı Azərbaycan xalqının Ona olan əbədi sevgisi, adını tarixin şərəfli səhifələrinə qızıl hərflərlə yazdırması, dünyanın bir nömrəli Liderinə çevrilməsi və Ulu Öndər Heydər Əliyevin bütün vəsiyyətini, həyata keçirə bilmədiyi bütün işləri ləyaqətlə yerinə yetirməsidir.

Var olun cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Rəşad Cəbrayılov

Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri