Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir

312

Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, bununla da xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməyə başladı. Qısa müddətdə Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Beynəlxalq münasibətlər sistemində diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Parlament tərəfindən milli müstəqilliyin möhkəmləndirilməsi, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunması və demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayan mühüm qanunlar qəbul olundu. Ancaq təəssüflər olsun ki, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay oldu – 1920-ci ilin aprel ayında baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum oldu.
XX əsrin sonlarında – 1990-cı illərin əvvəlində ölkəmizdə və ittifaqın digər respublikalarında vüsət almış milli-azadlıq hərəkatı SSRİ-nin dağılması ilə nəticələndi və yaranmış tarixi şəraitdə Azərbaycan dövləti özünün müstəqilliyini bərpa etdi – 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və həmin il dekabrın 30-da ümumxalq səsverməsi – referendum vasitəsilə bəyənildi. 6 fəsil və 32 maddədən ibarət olan həmin Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yarandı, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi. Müstəqillik bərpa olunandan sonra isə dövlətin digər atributları – bayraq, himn və gerb haqqında da qanunlar qəbul edildi.
Bunlar isə heç də asanlıqla başa gəlmədi – Azərbaycanın müstəqilliyi xalqın azadlıq arzusu və bu yolda dönməz mübarizəsi nəticəsində ölkəmiz üçün ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.
Müstəqilliyin yenicə bərpa edilməsindən qısa müddət sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə ilə yanaşı, o zamankı dövlət rəhbərliyinin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr və vətəndaş qarşıdurması müstəqilliyin itirilməsi təhlükəsini yaradırdı. Məhz belə bir şəraitdə ölkənin müdrik bir xilaskara ehtiyacı vardı və xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra müstəqilliyi qoruyub inkişaf etdirmək mümkün oldu. Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Müstəqillik yolunun çətin bir yol olduğunu deyən Ümummilli Lider Heydər Əliyev eyni zamanda deyirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. İlk dəfədir ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək özünün Müstəqillik Gününü qeyd edir. 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək, əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandanın əmirlərini dəqiq yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdi. “Müstəqillik Günü haqqında” qanun layihəsinə təklif edilən dəyişikliyə görə, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin bərpası Günü kimi ölkədə qeyd ediləcək. Bu qanun layihəsinin məhz bu gündə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini bayaram edəcəyimizin yaxınlaşdığı bir ərəfədə müzakirəsi və qəbul edilməsinin çox böyük siyasi, tarixi və milli-mənəvi əhəmiyyəti var. Bu qanunun hazırlanması Azərbaycan xalqının iradəsidir ki, heç kim heç vaxt bir daha Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına ala bilməz. Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var.
Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 32 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tamam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Yəni, yeni qanun layihəsində doğru yanaşma ortaya qoyulub: Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Beləliklə, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə “İstiqlal Bəyannaməsi”nin qəbul olunduğu 28 mayın Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü hesab olunması məntiqə söykənir. Odur ki, tarixi hadisələrin düzgün tətbiqi zamanıdır. Təqvimdə 28 may tarixi Müstəqillik Günü, 18 oktyabr tarixi isə Müstəqilliyin Bərpası Günü kimi yenilənməsi, təqdirəlayiqdir. Bu, birmənalı olaraq Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar edilməsi faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
18 Oktyabr Müstəqilliyin Bərpası Günü – Azərbaycan tarixində şərəfli və qürurlu gündür. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 2021-ci ildən etibarən yeni adla “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilən 18 Oktyabr Azərbaycan tarixində şərəfli və qürurlu gündür.
Bu gün ölkəmiz dinamik inkişaf yolundadır – Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi istiqamətində uğurlu islahatlar həyata keçirir. Hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil Azərbaycan bir dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən və sosial dövlətə çevrilən Azərbaycanda insanlar rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur.
1993-cü ildə, respublikamızın qarşılaşdığı çətin bir zamanda müdrik Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı.Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamı 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. Şübhəsiz ki, 2020-ci ilin payızında Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı müharibədə qazandığı tarixi Zəfər Azərbaycan xalqının yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.
Böyük qürur hissi ilə qeyd edim ki, müstəqil Azərbaycan bu gün regionun ən güclü ordusuna, ən sabit iqtisadiyyatına və ən böyük inkişaf potensialına sahib olan bir dövlətdir.
Müstəqilliyimiz qələbələrimizin təməlidir! Artıq üçüncü ildir ki, “Müstəqilliyin Bərpası Günü”nü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və fədakarlığı, xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində zəfər çaldı.
İndi qarşımızda daha geniş quruculuq üfüqləri açılıb. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə etdiyimiz möhtəşəm birliyi və bütövlüyü qorumaq, ölkəmizin yüksəlişinə öz töhfəmizi vermək hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Bu gün müstəqil Azərbaycan xalqı cənab Ali Baş Komandanımızın rəhbərliyi altında güclü ordumuzun qazandığı qələbələrə şahidlik edir!
Dövlət işçisi olaraq sevinc və qürur hissi ilə bütün xalqımızı, ədliyyə işçilərini Milli Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, birlikdə hər zaman qələbə sevinci yaşamağımızı arzu edirik!

Elvin Baxışov

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin
direktoru