“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır” – Politoloqdan sensasiyalı TƏKLİF

126
“Fədailər Xankəndinə gedən İran maşınlarını partlatmalıdır”
Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub. Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”, – deyə məktublarda bildirilib.

Qeyd edək ki, son bir ayda İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib. Azərbaycanın İrana nota verməsinə və Rusiyaya dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu məsələ həll olunmur və sülhməramlılar İrandan gələn nəqliyyat vasitələrinin Xankəndiyə getməsinə göz yumur.

Bu vəziyyətdə Azərbaycan konkret olaraq hansı addımları ata bilər? Laçın dəhlizinin bağlanması gündəmə gələ bilərmi?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Cümşüd Nuriyev qeyd edib ki, Laçın dəhlizinin bağlanması hazırkı vəziyyətdə real görünmür:

“Belə bir proqnoz vermək bu dəqiqə qeyri-ciddidir. Lakin Azərbaycan başqa addımlar ata bilər. Artıq bizim Daxili İşlər Nazirliyi Gorus-Qafan yolunda polis postu qoyub. Polisimiz İrandan gələn bütün nəqliyyat vasitələrini yoxlayacaq. İrandan Qarabağa əsasən yanacaq və yemək gətirildiyi deyilir, lakin zəmanət yoxdur ki, ərzaq adı altında Xankəndinə silah daşınmır. Ümumiyyətlə, İran dayanmayacaq, onlar heç bir zaman Azərbaycanın yanında olmayıb və olmayacaq. Bu günə qədər həmişə İran bizim əlehimizdə olub. Biz nə qədər “dost-qardaş” desək də, müsəlman ölkəsi olmalarına baxmayaraq, onlar dəyişməyəcək. Çünki iranlılar fars və erməninin eyni kökdən olduğunu düşündükləri üçün daim onların yanında yer alırlar”.

Politoloq sensasiyalı təkliflə çıxış edərək bildirib ki, Azərbaycan İran maşınlarını vurmalıdır:

“Ümumiyyətlə, rus sülhməramlıları artıq sülhməramlı deyil, araqarışdıran statusundadır. Onlar gələcəkdə Qarabağda müharibə olmasını istəyirlər. Onlara etibar etmək olmaz. Əgər proseslər bu şəkildə davam edərsə, partizan müharibəsinə getmək lazımdır. Laçın yolunun üst tərəfindən İrandan gələn nəqliyyat vasitələrini vurub partlatmalıyıq. Hazırda bizim başqa variantımız yoxdur. Biz mütləq yeni hərakat yaratmalıyıq və bunun üçün kifayət qədər fədailərimiz var. Əgər 1-2 dəfə İran maşınlarını partlatsaq, ən azından o yol fəaliyyət göstərə bilməz. Düşünürəm ki, bunu əsgərlər yox, fədailər etməlidir. Həmçinin, bununla rus sülhməramlıları da Azərbaycan xalqının bu sahədəki qərarının çox ciddi olduğunu görəcək. Kimin nə deyəcəyinə fikir vermədən bu yolla məsələni həll etməliyik. Çünki dövlət yolu ilə bu alınmayacaq. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, nəticə dəyişmədi. Hesab edirəm ki, bu məsələni artıq öz metodlarımızla həll etməliyik”.