Azərbaycançılıq ideyasının banisi

614

Azərbaycançılıq ideyasının banisi

Bütün zamanların ən böyük azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa şərəfli xidmətin heyrətamiz nümunəsi olduğu kimi, onun mükəmməl təlimi, müdrik ideyaları da son dərəcə qiymətlidir. Ulu öndərin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önəmli yer tutan məsələlərdən biri də  Azərbaycançılıqdır. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, Azərbaycançılığın elmi-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirmiş və əsaslandırmış, eyni zamanda bütün fəaliyyəti boyunca bu ideologiyanın  hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Ümummilli liderimiz hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycançılıq istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə Azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz ulu öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Ötən əsrin yetmişinci illərində görkəmli siyasi xadimin təşəbbüsü ilə Azərbaycan dili və tarixinə dair aparılan bir sıra fundamental tədqiqatlara ilk dəfə dövlət mükafatının verilməsi də bu sahədəki mükəmməl konsepsiyanın üzvi tərkib hissəsi idi. Ayrıca vurğulamaq yerinə düşər ki, respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə maddənin daxil edilməsi də Azərbaycançılıq ideologiyasının möhtəşəm təntənəsi kimi o zaman çox böyük əks-səda doğurmuşdu. Sovetlər Birliyinin sərt mühitində belə bir addımı yalnız Heydər Əliyev kimi böyük dahi, bütün varlığı xalqa, Vətənə məhəbbətdən yoğrulmuş müdrik şəxsiyyət, əsl rəhbər ata bilərdi. Ulu öndər sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan … nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
O vaxtkı rejimin çətinliklərinə baxmayaraq, dahi rəhbərimiz Azərbaycançılığın tərkib hissəsi kimi xarici ölkələrdə yaşayan soydaşlarımızla mədəni əlaqələrin qurul-masına da xüsusi diqqət yetirirdi. Təkcə elə o zaman fəaliyyət göstərən Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin imkanlarından bu yöndə məharətlə istifadə olunmasını xatırlatmaq kifayətdir.
Ümumiyyətlə, ulu öndərin respublikamıza birinci rəhbərliyi dövründə bütün sahələrdə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər gələcəyə hesablanmış milli siyasətin parlaq ifadəsi idi. Haqlı olaraq vurğulanır ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin ilkin bazası, zəruri təməli məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur. SSRİ hökumətində yüksək post tutduğu 1982-1987-ci illərdə, eləcə də fəaliyyətinin sonrakı mərhələlərində də ümummilli lideri­miz daim Azərbaycan naminə çalışmış, respublikamızın milli maraqlarının təminatına yönələn konseptual siyasət yürütmüş, böyük tarixi missiyanı ardıcıl şəkildə və qətiyyətlə gerçəkləşdirmişdir.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, o zamankı rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində çox keçmədən ölkə nəinki istiqlalını, bütövlükdə, öz varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə 1993-cü ildə respublikada yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü ağır vəziyyətdən qurtardı, bütün sahələrdə hüquqi-demokratik prinsiplərə əsaslanan idarəçiliyi, hərtərəfli inkişafı təmin etdi.
“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən görkəmli siyasi xadimin, böyük vətənpərvərin müstəqil dövlətimizə rəhbərlik etdiyi 1993-2003-cü illər həm də onun Azərbaycançılıq təliminin möhtəşəm təntənəsi, həyati gücünün əzəmət və vüsətinin parlaq təzahürüdür. Belə ki, bu illərdə dahi rəhbərimiz tərəfindən Azərbaycançılıq ideologiyasının əsas müddəaları, başlıca prinsipləri sistemli şəkildə işlənib hazırlanmış və cəmiyyət həyatının bütün sahələrində öz ifadəsini tapmışdır. “Bizim üçün bir tarixi amil – Azərbaycançılıq ideologiyası var”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev bu təlimin prinsiplərindən, qarşıya qoyduğu vəzifələrdən bəhs edərkən ən vacib məqamı ayrıca vurğulamışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasının əsasında dayanan və ulu   öndərin böyük dühasının bəhrəsi olan Azərbaycançılıq təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Milli ideologiyamız olan Azərbaycançılığı tarixilik və müasirlik kontekstində dəyərləndirən,  ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim sayan, onun bütün xalq, müxtəlif siyasi qüvvələr üçün birlik vasitəsi olmasının vacibliyinə xüsusi önəm verən ulu öndər fikrini belə ümumiləşdirmişdir: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır”.
Ümummilli liderimiz Heydər Əliyevin  Azərbaycançılıq təliminin  bir üstün cəhəti də ondadır ki, bu ideologiya milli-mənəvi dəyərlərə  əsaslanmaqla, onları qoruyub yaşatmaqla, inkişaf etdirməklə yanaşı, bəşər sivilizasiyasının ən qabaqcıl nailiyyətlərindən də bəhrələnir, bu sintez isə, son nəticədə, hər bir vətəndaşın, bütövlükdə, ölkənin və xalqın yüksəlişini təmin edir. Dahi rəhbər bu barədə demişdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etmək deməkdir”.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin Azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırmışdır. Onun 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmçinin 9 avqust 2001-ci il tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları bu baxımdan böyük tarixi-siyasi əhəmiyyət daşımaqla milli-mənəvi dəyərlərin qorunmasına, möhkəmləndirilməsinə və daha da yüksəlişinə xidmət edir. Azərbaycançılıq ideologiyasının çoxşaxəli sistemində milli dil məsələləri xüsusi yer tutur. Hər bir xalqın milli varlığının təcəssümü, daşıyıcısı olan doğma dilin tərəq-qisinin, statusunun, işlənmə dairəsinin yüksək səviyyədə təsbit olunması müstəqil dövlət quruculuğu prosesində, milli-mənəvi həmrəyliyin təmin edilməsində ən vacib faktorlardan biridir. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, – deyən ulu öndərin Azərbaycançılıq təlimində ana dilinin roluna verilən aşağıdakı qiymət, irəli sürülən qiymətli tövsiyələr  bu baxımdan xarakterikdir: “Hər bir Azərbaycan gənci… birinci növbədə, gərək öz dilini, ana dilini bilsin… Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycançılıq təlimində  milli mədəniyyətə, ədəbiyyata da xüsusi dəyər verilmiş, onların əhəmiyyəti həmişə nəzərə alınmışdır. Bu da təsadüfi deyil, çünki ədəbiyyat, incəsənət əsrlər boyu milli varlığın keşiyində dayanmış, milli-mənəvi dəyərlərin daşıyıcısı, qoruyucusu kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir.“Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya  xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”, – deyən müdrik rəhbər mədəniyyəti xalqı irəliyə aparan, inkişaf etdirən, dünyada tanıtdıran, milli məfkurəni yaşadan  mühüm vasitə kimi yüksək qiymətləndirmişdir. Ona görə də ulu öndər Heydər Əliyevin Azərbaycançılıq təliminin əhatəli sistemində milli-mənəvi dəyərlərin qorunması, tarixi keçmişin şanlı ənənələrinə, ədəbi-mədəni abidələrinə ardıcıl diqqət və qayğı həmişə ön planda dayanmışdır. Ustad klassik­lərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, müasir yaradıcı ziyalılara verilən yüksək qiymət bunun bariz nümunəsidir. Təkcə elə milli kimliyimizin, mənəvi dəyərlərimizin ana kitabı olan “Kitabi-Dədə Qorqud” dastanının 1300, söz mülkünün sultanı Məhəmməd Füzulinin 500 illik yubileylərinin YUNESKO xətti ilə dünya miqyasında geniş qeyd olunması Azərbaycan mənəviyyatının təbliği işinə böyük töhfədir. Belə faktlar yüzlərlə, minlərlədir.
Ulu öndər xalqımıza məxsus müqəddəs adət-ənənələrin qorunması işinə də xüsusi diqqət yetirmişdir. Cəmiyyət həyatında  müşahidə olunan bəzi neqativ meyillərin azərbaycanlı mentaliteti ilə bir araya sığmadığına diqqət yönəldib onlara qarşı kəskin mövqe ortaya qoyan dahi rəhbərin “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanılmaz xəyanətdir!” adlı bəyanatı vətənpərvərliyin, Azərbaycançılığın, yüksək mənəviyyat amalının əsl təcəssümüdür.
Hazırda ölkəmizin ideoloji həyatında mühüm yer tutan, bütün sahələrdə həmrəyliyin və möhtəşəm uğurların əsas faktorlarından biri sayılan  Azərbaycançılıq, ümumən, bütün dünyada yaşayan yurddaş və soydaşlarımızı birləşdirən mükəmməl təlimdir. Azərbaycançılıq ideologiyasının bütün dünya azərbaycanlıları arasında yayılması, getdikcə genişlənməsi də məhz ulu öndər Heydər Əliyev dühasının işığında gerçəkləşmişdir. Təsadüfi deyil ki, 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” kimi qeyd edilməsi üçün ilk rəsmi qərar da məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuşdur. Belə ki, ulu öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən muxtar respublikanın Ali Məclisi 16 dekabr 1991-ci il tarixdə “31 Dekabr – Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul etmişdir.
Görkəmli dövlət xadimi Azərbaycana ikinci rəhbərliyi dövründə də bu istiqamətdə sistemli, möhtəşəm işlər görmüşdür. Dünyanın müxtəlif ölkələrində yaşayan yurddaşlarımızla əlaqələrin qurulması və möhkəmləndirilməsi, bu məqsədlə ayrıca Dövlət Komitəsinin təşkili, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və digər çoxsaylı tədbirlər bu baxımdan xarakterikdir. Ulu öndər dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı həmişə vaxt tapıb orada yaşayan soydaşlarımızla görüşür, onların Azərbaycançılıq ideyaları ətrafında birləşməsi üçün müdrik tövsiyələrini verirdi. Görkəmli siyasi xadimin aşağıdakı sözləri bütün zamanlarda dünya azərbaycanlıları üçün əsl fəaliyyət devizi, həyat kredosudur: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daima doğma Azərbaycanla bir vurmalıdır”.
Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətini “bütün dünya azərbaycanlıları üçün istinad və cazibə mərkəzi, onların ümid və məhəbbətlə üz tutduqları müqəddəs məkan” kimi dəyərləndirməklə yanaşı, planetimizin müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı bu sual ətrafında fikirləşməyə də səsləyirdi: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər”.
Dahi rəhbərin bu qiymətli sözləri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını daim Vətən və xalq üçün fəaliyyətə səfərbər etməkdədir.
Müdrik rəhbərimiz 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayındakı çıxışında Azərbaycançılıq məfkurəsinin müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün birləşdirici funksiyasına, ideoloji əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daima öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”.
Bəli, dahi rəhbərin tövsiyə etdiyi Azərbaycançılığın ana xətti məhz budur – həmişə və hər yerdə Azərbaycan naminə çalışmaq, onun hərtərəfli yüksəlişinə səy göstərmək, milli-mənəvi dəyərləri qorumaq, Vətən və xalq qarşısında borc və məsuliyyəti dərk edib əməli fəaliyyətdə rəhbər tutmaq!
Hazırda ölkəmizdə bütün digər sahələrlə yanaşı, Azərbaycançılıq təliminin prinsiplərinin ardıcıl və əhatəli şəkildə həyata keçirilməsi sahəsində də ulu öndərin siyasi kursuna dönmədən əməl olunur, Vətənimizin və xalqımızın hərtərəfli yüksəlişi üçün misilsiz işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildə Dünya Azərbaycanlılarının Üçüncü Qurultayındakı çıxışında dediyi aşağıdakı sözlər də Azərbaycançılıq ideologiyasının əbədiyaşar gücünü bir daha nümayiş etdirir: “Bizim bir  Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var –  Azərbaycançılıq məfkurəsi”.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bu yöndə son dərəcə böyük və əhatəli işlər görülmüş və görülməkdədir. Hazırda Naxçıvan ümummilli liderin siyasi kursuna, onun Azərbaycançılıq ideologiyasına istinadən heyrətamiz inkişafın və quruculuğun ən parlaq təzahür meydanıdır. Bütün bunların hamısının əsasında “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən ulu öndərimiz Heydər Əliyevin möhtəşəm və əbədiyaşar təlimi durur.

Rəfail Mehrəliyev
Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri

 

 

 

 

 

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85