Hüseyn Abdullayevin məhkəməsi oldu

608

BİA.az Aprelin 18-də sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında zərərçəkmiş şəxs və şahidlər dindiriliblər.

Prosesdə dindirilən zaman zərər çəkmiş şəxslər Müzəffər İsmayılov, Könül Dəryabaricavad və Rəsmiyyə Abdullayeva bildiriblər ki, “Araz-İnşaat” açıq səhmdar cəmiyyətinin səhmdarları olsalar da, cəmiyyətin inzibati binasının icarəyə verilməsi nəticəsində əldə olunmuş gəlirlərdən onlara hər hansı məbləğdə divident ödənilməyib.

Qeyd edək ki, zərər çəkmiş şəxslər istintaq zamanı “Araz-İnşaat” ASC-nin faktiki olaraq Hüseyn Abdullayevə məxsus olduğunu bildiriblər.

Məhkəmədə şahid Canbulat Kalyayev bildirib ki, Hüseyn Abdullayevin əmlaklarının və lahiyələrinin sənədləşmə işlərini aparmış, Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın xarici ölkədə oğlunun yanında olması xəbərini internet xəbər saytlarından oxuduqda əvvəllər Zeynəb Abdullayevanın iki dəfə hava limanından qaytarıldığını bildiyi üçün onun xarici ölkəyə getməsini gördükdə hansı qaydada ölkəni tərk etməsi onu təəccübləndirib.

Kalyayev Canbulat məhkəmədə həmçinin, H.Abdullayevin 2005-ci ildə deputat seçkiləri ərəfəsində öz adına olan əmlaklarını başqa şəxslərin adına keçirilməsi barədə göstəriş verdiyini bildirib, şahid İlqar Mustafayev də həmin faktı ifadə verərkən təsdiqləyib.

Şahid İmran Məmmədov məhkəmədə ifadə verərək “Araz İNC” MMC-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasından 2 milyon 160 min manat məbləğində qeyri-yaşayış sahəsini nəğd pul ödəməklə aldığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası zamanı İ.Məmmədovun H.Abdullayevin qardaşı Azər Abdullayevlə birlikdə işləmələri müəyyən olunub.

Şahid qismində dindirilmiş Zahid Hüseynov ifadəsində göstərib ki, 2005-ci ilin yaz aylarında yaşayış binasının tikintisini həyata keçirən “Araz İNC” MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, təyin olunmağı barədə əmrlə tanış olarkən əmrin təsisçi olan Zeynəb Abdullayeva tərəfindən imzalandığını görüb. Binanın tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) olmayıb.

Vurğulayaq ki, Zahid Hüseynov istintaqda həmin binanın tikintisinə Hüseyn Abdullayevin özünün nəzarət etdiyini bildirib.

“Araz-İnşaat” ASC-nin baş mühasibi vəzifəsində işləmiş Sədaqət Cəlilova məhkəmədə dindirilən zaman bildirib ki, 2004-cü ildən sonra müəssisəyə icraçı direktor müavini Namiq Babayev adlı şəxs təyin olunub, 2011-ci ildən sonra səhmdarlara dividentlər verilməyib.

Qeyd edək ki, istintaq materiallarından görünür ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H.Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi isə H.Abdullayevin atası Abbas Abdullayev olsa da faktiki olaraq MMC sabiq deputat tərəfindən idarə olunub.

Bundan əlavə məhkəmə iclasında şahidlər Pərviz Əliyarov, Qafar Rzayev, Azər Seyidov, Əbil Canbaxşiyev və başqaları dindirilib.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.