ABŞ Rusiyanı “boğazladı”: Gəncə-Tovuz keçidində müdafiə tədbirləri artırılmalıdır – TƏHLİL

415

ABŞ Konqresində ölkənin 2021-ci il müdafiə büdcəsi təsdiqlənib.

Ovqat.com-un məlumatına görə, büdcə layihəsində Azərbaycanın və bəzi pos-sovet ölkələrinin enerji siyasətinə ciddi təsir göstərəcək maddələr də var.

Bunlardan biri də Rusiyanın “Şimal axını-2” layihəsinə sanksiyaların nəzərdə tutulmasıdır. Artıq qüvvəyə minən bu sanksiyalar Rusiyadan Baltik dənizinin altıyla Mərkəzi Avropaya qaz xəttinin çəkilməsi layihəsində fəaliyyət göstərən enerji və sığorta şirkətlərinə yönəlib.

Sənəddə sanksiyalar sərtləşdirilib; boru xətti çəkən gəmilərinin satışı, icarəyə götürülməsi a təqdim olunması ilə yanaşı, hətta bunun təşviq edilməsinə görə də embarqolar nəzərdə tutulub. Həmçinin, qaz kəmərinin tikintisində istifadə olunan gəmilərin texniki modernləşdirilməsi üçün xidmətlərin və bu xidmət sahələrin sığortalanmasının təmin edilməsi də artıq qadağandır.

Qeyd edək ki, “Şimal Axını – 2” Rusiyadan Baltik dənizi vasitəsilə Avropaya uzanan qaz kəməridir. Onun uzunluğu 1,2 min kilometrdən çoxdur. İki boru xəttindən ibarət olan “Şimal Axını 2”-nin ümumi həcm gücü ildə 55 milyard kubmetrdir.

İnşaat işlərinə 5 alman və fransız şirkətinin də qatıldığı “Şimali axını-2” layihəsi “Qazprom”-un 100%-lik maliyyəsi hesabına çəkilir. Dolayısıyla qaz kəmərinin əsas səhmdarı da məhz bu rus şirkətidir. Ukraynanı qaz nəqli marşrutundan uzaqlaşdırmaq məqsədilə hazırlanan bu layihə “Qazprom”-la Almaniya arasında bağlanan müqaviləyə əsasında həyata keçirilir. Sözügedən müqavilə imzalandıqdan sonra ABŞ-ın təzyiqi ilə Avropa İttifaqı “qoca qitə”ni rus inhisarçılığından qorumaq bəhanəsilə enerji tələbatının şaxələndirilməsi barədə qərar qəbul etmiş və istehsalçı şirkətin qaz nəqliyyatında iştirakı qadağan olunmuşdu. Beləcə, “Şimal axını-2” layihəsinin də aqibəti sual altında qalmışdı.

Almaniya və Rusiya əvvəl həmin qanunun “Şimal axını-2” layihəsi müqaviləsindən sonra imzalandığı üçün ona şamil olunmayacağını irəli sürsələr də, ABŞ layihə iştirakçılarını sanskiya ilə hədələməsindən sonra Avropa şirkətləri geri çəkildilər. Almaniyanın Dövlət Enerji Tənzimləmə Qurumu (Bundesnetzagentur) da bu layihənin qanunsuz olduğuna qərar verdi və Rusiyaya özünə 50%-lik ortaq tapmağı məsləhət gördü. ABŞ-ın sanksiyaları səbəbindən Rusiyanın özünə ortaq tapması isə müşküldür, dolayısıyla bu “məsləhət” əslində rədd cavabına bərabərdir. Nəticədə 90%-i inşa olunan layihə hazırda havadan asılı vəziyyətdə qalıb.

Vaşinqton isə Avropa ölkələrini rus qazından imtina edərək çoxsaylı kiçik layihələrə yönəlməyə çağırır. Bu layihələrdən biri də TANAP-TAP boru xəttidir. Rus hücumuna məruz qalacağı təhdidindən dolayı riskli hesab olunduğu üçün bir çox qlobal enerji şirkətinin investisiya yatırmaqdan çəkindiyi və Azərbaycanın maliyyəsi ilə salınan TANAP-TAP-la gələcəkdə Orta Asiya ölkələrinin qazının da Avropaya nəqli nəzərdə tutulur. Bu isə Moskvanı daha da qıcıqlandırır. Təsadüfi deyil ki, “Şimal axını-2” layihəsinin təxirə salınmasından az sonra Tovuz rayonu erməni hücumuna məruz qaldı və bir çox ekspertlər bu həmlənin arxasında Rusiyanın dayandığını ehtimal edirlər. Azərbaycanın digər enerji xətti kimi TANAP-TAP layihəsinin də Tovuzdan keçməsi bu ehtimalı gücləndirir.

Maraqlıdır ki, Rusiyanın dəstəyi ilə ermənilərin bu enerji dəhlizinə hücumu çoxdan gözlənilirdi və hələ 2018-ci ilin 28 may tarixində ABŞ-ın “Foreign Policy” dərgisi Azərbaycana bu barədə xəbərdarlıq etmişdi. Dərginin “Azərbaycan Qərbə niyə lazımdır?” sərlövhəli bir məqaləsində qeyd olunurdu ki, Asiya və Avropa arasında enerji və ticarət üçün üç yol var: “İran, Rusiya və Azərbaycan. Moskva və Tehranla tikanlı əlaqələrə görə yüz milyard dollarlıq ticarətdən ötrü Qərbə yalnız bir həyat qabiliyyətli marşrut qalır – Xəzər dənizi sahilindəki kiçik Azərbaycan dövləti.

Ermənistanın Azərbaycan ərazisinin, demək olar ki, beşdə birini işğal etməsi faktını nəzərə aldıqda, ticarət cəmi 60 mil uzunluğunda bir zolağa möhtac qalır. Biz bu ticarət zolağını “Ganja Gap” (“Gəncə Keçidi”) adlandırırıq – *Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncəyə uzanan dar keçid”.

Məqalədə daha sonra Avropanın qaz təchizatında Gəncə keçidinin əhəmiyyətlərindən danışan müəllif yazırdı:

“Hazırda regionda Rusiya və İrandan yan keçən və “Ganja Gap”dan uzanan (60 mil) üç böyük neft və qaz boru kəməri var:

– Bakıdan Gürcüstana və Türkiyəyə, Aralıq dənizi vasitəsilə xarici dünyaya çıxışı olan Bakı-Tbilisi-Ceyhan boru kəməri;

– Xəzər dənizindən Qara dənizə, sonra isə xarici dünyaya neft çatdıran Bakı-Supsa boru kəməri;

– Cənubi Qafqaz boru kəməri – Azərbaycandan Türkiyəyə keçən və yaxın zamanda təklif olunan Cənub Qaz Dəhlizi ilə İtaliya, sonra isə Avropaya qaz tədarük edəcək nəql marşrutu.

Cənub Qaz Dəhlizi Xəzər regionundan “Ganja Gap” vasitəsilə həyati enerji resurslarını nəql edəcək. Bu təchizat Rusiya boru kəmərlərindən, demək olar ki, yüz faiz asılı olan Cənub-Şərqi Avropa üçün bir nemətdir”.

“Ganja Gap” vasitəsilə Gürcüstan və Azərbaycandan keçən tranzit marşrutun genişləndirilməsi Vaşinqtonun Moskvadan asılılığını azaldacağını qeyd edən müəllif bu keçiddə Rusiyanın hər an təxribat törədə biləcəyinə eyham vuraraq bildirirdi:

“Bütün bunlar o deməkdir ki, Rusiya Qərbin “Ganja Gap”dan istifadəsini çətinləşdirə biləcək hər şeyi edə bilər”.

O da təsadüfi deyil ki, bu il 12 iyulda Tovuz hücumundan sonra ABŞ-ın Dövlət Departamentinin sədri Mayk Pompeo “Türk axını” və “Şimal axını-2” layihələrində iştirak edən bütün tərəfləri bu təşəbbüsdən imtina etməyə çağırmış, əks halda “bunun bədəlinə qatlanacaqlar” deyə təhdid etmişdi. Üzərindən az keçməmiş bu gecə ABŞ Konqresinin qəbul etdiyi 2021-ci il müdafiə büdcəsinə “Şimal axını-2” layihəsinə qarşı sərt sanksiyalar salındı.

ABŞ Konqresinin bu gün qəbul etdiyi 2021-ci ilin müdafiə büdcəsindəki bəhs etdiyimiz həmin maddə neft-qaz hesabına yaşayan Rusiyanın Avropa bazarından məhrum olunması və dolayısıyla qırtlağından tutulub boğulması mənasına gəlir. Belə ağır vəziyyətdə Moskvanın öz alternativsizliyini təmin etmək üçün bütün alternativlərə hücumu gözləniləndir. Azərbaycanın enerji xətləri də əsas alternativlərdən olduğundan cəbhə xəttində növbəti hücumlara hazır olmalıyıq.