“Qazilər niyə təhsilhaqqı ödəməlidir?” – ÇAĞIRIŞ

441

“Ölkəmizdə şəhid, itkin və qazi övladları təhsil haqqından azaddırlar. Bəs qazilər özləri? Onlar niyə təhsil haqqı ödəməlidirlər? İndi ki, bu savaş hələ çox davam edəcək, nə qədər ki, Qarabağ uğrunda Qarabağı görməyən oğullar şəhid olacaq, bu qərarın yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Dostluğumda olan ziyalıları, millət vəkillərini, jurnalistləri bu məsələni gündəmə gətirmələrini xahiş edirəm…”

“AzPolitika.info”-nun məlumatına görə, bu fikirləri tanınmış jurnalist Vüsalə Məmmədova özünün “facebook” səhifəsindən paylaşdığı yazıda qeyd edib.

Gününüz üçün çox aktual olan bir problemi gündəmə gətirən Vüsalə Məmmədovanın həmin yazısını olduğu kimi təqdim edirik:

“Coğrafiya taledir və heç birimiz bu taledən qaça bilmərik. Nə qədər sülh istəsək də, nə qədər müharibəyə nifrət etsək də tarix göstərir ki, yaşamaq üçün yeganə yolumuz müdafiə olunmaqdır.

Mən də müharibəyə nifrət edirəm. Yer üzündə kimsənin güllə səsi eşitməsini arzulamıram. Ancaq bir müharibə adamı kimi arzu limitimi də doldurduğumun fərqindəyəm…Hələ uşaqlıqdan o qədər sağ qalmağı arzulamışam ki…

Artıq dərin kədər hissi ilə qəbul edirəm ki, döyüş alnımıza yazılıb və bu bir sevgilik ömrü müharibə şəraitində yaşayacağıq…

Ötən günlərdə baş verənləri izləyir, hər kəsin yazdığını oxumağa çalışıram. Hamımız şəhidlərimiz üçün üzülürük. Əksəriyyət səmimiyyətlə onların övladlarına necəsə dəstək olmağa çalışır, orduda döyüşmək üçün müraciət edir və s. Yəni, hər kəs bacardığı qədər dəstək olmağa çalışır. İllərdir müharibə mövzusunu işləyən bir jurnalist kimi sabah gündəm dəyişəndə mövzunun da dəyişəcəyini yaxşı bilirəm.

Xahiş edirəm, inciməyin. Amma bu həqiqətdir. Belə olacağını hamımız bilirik. Nə qədər ki, həmrəyik, bir mövzuda da dəstəyinizi rica edəcəyəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Amma unutmayaq, bu torpağı müqəddəsləşdirən təkcə şəhid qanı deyil, hər bir qazi də onlar qədər dəyərlidir!

Böyüklərimiz deyib ki, ölənlə ölünmür. Ancaq qalanlarla yaşaya bilərik axı…

Ölkəmizdə şəhid, itkin və qazi övladları təhsil haqqından azaddırlar. Bəs qazilər özləri? Onlar niyə təhsil haqqı ödəməlidirlər? İndi ki, bu savaş hələ çox davam edəcək, nə qədər ki, Qarabağ uğrunda Qarabağı görməyən oğullar şəhid olacaq, bu qərarın yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Dostluğumda olan ziyalıları, millət vəkillərini, jurnalistləri bu məsələni gündəmə gətirmələrini xahiş edirəm.

Rica edirəm, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı xəsarət alan şəxslərin də təhsil haqqından azad edilməsi təmin edilsin. Sabah o gənclərə “hərbi xidmətini yerinə yetirərkən yaralanmısan” deyilməsin…

Zəruri qeyd: Universitetə müraciət edəndə güzəştə gedirlər. Ancaq qanını bu torpağa qatan biri niyə xahiş eləməlidir? Aprel döyüşlərində yaralanan bir tələbə məzun olsa da, sonuncu kursun ödənişini etmədiyi üçün diplomunu ala bilmir.

Əvvəlki ilin təhsil haqqını universitet ödəmişdi. İndi universitetə yenidən müraciət etmişik, cavab gözləyirik. Ödəməyəcəkləri təqdirdə bir hesab açıb o vəsaiti toplamağı düşünürəm. Amma hələ ki, universitetdən cavab gözləyirəm…”

Qeyd edək ki, tanınmış jurnalistin çağrışına millət vəkilərinin də reaksiyasını dərc etməyə çalışacağıq