“Sənə qarşı bu dəhşətli cinayəti törədənlər mütləq cavab verəcək” – Qənirə Paşayeva 10 yaşlı Nərmindən yazdı

660
“Sənə qarşı bu dəhşətli cinayəti törədənlər mütləq cavab verəcək” – Qənirə Paşayeva 10 yaşlı Nərmindən yazdı

Dəhşət, böyük üzüntü və ciddi narahatlıq içindəyik. 10 yaşlı Nərmin balamiza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Bu cürlərinin əslində yer üzündə gəzmə haqqı olmamalıdır. Respublikamızın hüquq mühafizə orqanları ciddi araşdırma aparırlar və inanırıq ki, bu dəhşətli hadisəni törədən layiq olduğu ən ağır cəzanı alacaq. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə analar və atalar səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq. Artıq yoldayam. Bir az sonra Nərminin ailəsinin yanında olub, onlara acılarını minlərlə insanımizin paylaşdığını və Nərminə qarşı bu dəhşətli cinayəti törədənlərin mütləq ədalət qarşısında cavab verib layiq olduğu (olduqları) ağır cəzanı alacağını da söyləyəcəm. Nur içində yat gözəl Nərmin. Sənə qarşı bu dəhşətli cinayəti törədənlər ədalət qarşısında mütləq cavab verəcəklər.

Qənirə Paşayeva, millət vəkili