Əbədi və ölməz Heydər Əliyev dühası

897

Əbədi və ölməz Heydər Əliyev dühası

Hər bir tarixi şəxsiyyətin öz xalqı və bəşəriyyət üçün tarixi izləri mövcuddur. Bu şəxsiyyətlərin işlətdikləri hər bir kəlam sonradan öz əhəmiyyəti və mühümlüyü ilə yeni tarixlərin yazılmasına xidmət edir. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir…

Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı

Ümumiyyətlə, Azərbaycanın bu günkü regional və beynəlxalq mövqeyini izləyərkən, araşdırarkən, bizlər bir daha keşməkeşli tarixi hadisələri incələyərək, bir çox mühüm amillərə varırıq. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi, sosial sifarişi ilə rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın, tərəqqinin Azərbaycan modelini yaratdı. Əslində, bu strategiya hələ uzun illər öncədən müəyyənləşdirilmişdi. Qalırdı zamanını, vaxtını gözləməyə… Uzaqgörən Lider bu zamandan tam vaxtında istifadə edərək, Azərbaycan xalqının xilasını reallaşdırdı. Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı… Beləliklə, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz və müdrik bir İnsan olan Heydər Əliyevin zəngin həyatını, siyasi irsini və s. bu kimi faktorlarını araşdırdıqca, bizlər bir daha müəyyən edirik ki, Onun Azərbaycan üçün atdığı hər bir tarixi addım bizlərə əvəzedilməz bir nümunədir. Çünki Heydər Əliyev dühası rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı

Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərinin xaos və özbaşınalığını arxada qoyaraq özündə yeni inkişaf ideologiyası ilə ifadə oluna biləcək dəyərlərə can atmaq həvəsi hiss etdi. Yeni şəraitdə milli və dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazası və kollektiv özünüdərk zərurəti yarandı. Ona görə də bu gün Heydər Əliyev tarixindən danışarkən, mülahizələr irəli sürərkən bu gerçəklik vurğulanır – XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Tarixin bu dövründə baş verən hadisələr dahi tarixi şəxsiyyəti – Heydər Əliyevi siyasi səhnəyə gətirdi! Yeri gəlmişkən, politoloji nöqteyi-nəzərdən yanaşarsaq qeyd edə bilərik ki, dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan bu dövr kəsişməsində çox böyük ağrı-acılardan üzüağ çıxdı. Çünki Azərbaycan istər bu, istərsə də daha öncəki tarixi dövrlərdə mövcud olduğu coğrafiyası, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə dünyanın diqqət mərkəzində olub. Düşünsək ki, belə bir mahiyyətə malik ölkəni ölümün, məhvin caynağından xilas etmək heç bir siyasi şəxsiyyətə nəsib olmur, bəlkə də yanılarıq. Ona görə ki, Allah Azərbaycan xalqına fövqəl İnsan, Lider ərməğan etmişdi və belə bir dövlətin lideri olmaq Ulu Öndər Heydər Əliyev Şəxsiyyətinə yazıldı. İqtisadiyyat, sənaye, hərbi, mədəniyyət, təhsil, mətbuat və digər sahələrin hər birinin bugünkü tərəqqisinin təməlində bilavasitə Heydər Əliyev izi, Heydər Əliyev nəfəsi duyulmaqdadır. Belə ki, ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşməyə nail olunduqdan sonra demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması, cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni – açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Bütün bunlar Heydər Əliyev müdrikliyi əsasında hazırlanmış əvəzsiz konsepsiyanın tərkib hissələri idi. Həəmçinin, Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı.

İqtisadi sosial-inkişafın möhkəm əsasları

Ulu Öndər Heydər Əliyevin ilkin səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Ulu Öndərimiz iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Heydər Əliyev neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu

Bundan başqa, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Onu ölkə başçısı kimi olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü. 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev bu tarixi kəlamlarn vurğuamşdı: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.

Beləliklə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan və onun inkişaf strategiyası bütün sahələri əks etdirməklə, milli mətbuatımızın da strateji hədəflərini müəyyən etmiş oldu. Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin güşəsindəHeydər Əliyev adlı Düha yaşayır, əbədi və ölməz Heydər Əliyev Dühası…

Orxan Məmmədov

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi 

Baş direktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85