Xalqımızın qan yaddaşı – Xocalı

343

Xalqımızın qan yaddaşı – Xocalı

Erməni vandallarının 32 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.
Azərbaycan xalqı tarix boyu yadellilərin işğalına məruz qalmış, doğma torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir. Vətənimizin hər bir qarış torpağının düşmən tərəfindən işğalı qətllərlə, kütləvi qırğınlarla müşayiət olunmuşdur. 200 il ərzində xalqımız erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasəti ilə üz-üzə qalmışdır. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə Ermənistanın işğalçılıq müharibəsi gedişində Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərinin dinc əhalisini vəhşicəsinə qətlə yetirmiş, onlara misli görünməmiş qəddarlıqla divan tutmuş və şəhəri talan edərək yerlə-yeksan etmişdir. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Girov götürülənlərdən 68-i qadın, 26-sı uşaq olmaqla 150 nəfərin taleyi bu günədək məlum deyil.

XX əsrin sonunda baş vermiş Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.     Xocalı qırğının dəhşətlərini zamanında, operativ olaraq dünyaya tanıtmaqda da gecikdik. Qırğından yalnız 3 gün sonra, fevralın 29-da ölkədə milli matəm barədə fərman verildi. Erməni vandalizminin, dəhşətli təcavüzün miqyası barədə dünyanın xəbərdar edilməsi Çingiz Mustafayev kimi vətənpərvər jurnalistlərin öhdəsinə düşmüşdü. Xocalı harayının beynəlxalq birliyə, dünya dövlətlərinə çatdırılması barədə praktik olaraq düşünən yox idi. Xalq da özünə qapılaraq bu faciəyə için-için ağlayırdı.
Həmin insanların ruhunu həm də bir qalib xalq kimi anırıq. Artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıq gətirib. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq.

Zaman ötsə də, illər keçsə də,  Xocalıda baş verənləri heç birimiz unutmayacayıq. Xocalı şəhidlərinin  xatirəsini ədliyyə işçisi olaraq əziz tutur, Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Atakişiyev Adil Aslan oğlu

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri