“Böyük zəfərdən tam və qəti qələbəyədək”
Rəşadətli ordumuz Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində erməni hərbi birləşmələrini diz çökdürdü.
cəmi 24 saat ərzində qarşı tərəf ağ bayraq qaldıraraq təslim oldu: “Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciəti zamanı Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı fikirlər səsləndirdi. Bu, hər birimizdə böyük qürur hissi doğurur”.
Şanlı ordumuzun 44 günlük müharibədən sonra da Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha ordumuzun gücünün göstəricisidir: “Antiterror tədbirləri zamanı da Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi”.
Ermənistan 3 ilə yaxın müddətdə üçtərəfli bəyanatın bir sıra müddəalarını yerinə yetirməyib: “Bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin indiyə qədər bu bənd yerinə yetirilməmişdi və bu qüvvələr davamlı olaraq hərbi təxribatlar törədirdi. Ona görə də ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaranırdı. Nəhayət, ordumuz antiterror tədbirləri həyata keçirərək 4-cü bəndi yerinə yetirmiş oldu. Bu, dövlətimizin BMT-nin Nizamnaməsinə əsaslanan müstəsna hüququdur. Ümumiyyətlə, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qarşıya qoyduğu hədəfləri reallığa çevirir. Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətidir. Otuz illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz doğma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqımızın gələcəyə əminliklə baxmasını şərtləndirdi”.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir: “Prezidentin xalqa müraciətində dediyi “İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” gələcək uğurlarımızı və hədəflərimizi də şərtləndirir. Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın havadarlarına, regionumuzda münaqişələrin mövcudluğuna maraqlı olan xarici qüvvələrə də ciddi mesajlar verdi. Azərbaycan Prezidenti müraciətində bir daha bəyan etdi ki, biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Regionumuz sülh və əməkdaşlıq məkanına çevrilir. Azərbaycanın mövqeyi bundan ibarətdir!”.
Qələbədən Xankəndiyə…
Prezident İlham Əliyev Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində suverenliyini bərpa etməsi münasibətilə həmin ərazilərdə Dövlət Bayrağını ucaltdı.
Diqqət edəcəyimiz məqam: Əliyev Qarabağdakı antiterror tədbirlərindən sonra ilk dəfədir ki, hərbi uniforma geyinərək səfər edir.
Bu o deməkdir ki, Əliyev regionda separatçılığı körükləmək istəyən qüvvələrə Ali Baş Komandan olaraq hərbi-siyasi ritorika ilə mesajlarını suverenliyin bərpası nəticəsindən irəli gələn çağırışlar kimi çatdırır.
Əliyevin Xankəndinin mərkəzi meydanında etdiyi çıxışın hərbi-siyasi və strateji məzmununda həmin məntiqi görmək çətin deyil.
Bu, Azərbaycan ərazilərinin hüdudları çərçivəsində separatçılıq üzərində yekun qələbəsinə köklənən yeni standartların elanıdır.
Regional münasibətlər sistemində sülh modeli üzrə keyfiyyətcə fərqli modelin təqdimatını İlham Əliyevin nitqində sezmək mümkün idi.
Azərbaycan sülh konfiqurasiyasını özünün müdafiə qüdrətini, milli təhlükəsizlik ideallarını praktiki olaraq irəliyə apararaq qurmağa davam edəcək, lakin ayağında top olan Ermənistan da düzgün oynamalıdır.
Bu mənada, İlham Əliyevin Xankəndidə çıxış zamanı arxa fonda görünən binanı, dalğalanan Azərbaycan Bayrağını, binanın üzərinə vurulmuş Dövlət Gerbini göstərərək Ermənistana ismarış yollaması diqqət çəkir.
Prezident deyir ki, Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bu kadrlara yaxşı baxsın. Bu bəyanatın böyük ölçülü anlayışları var.
Birincisi, Azərbaycanla Ermənistan münasibətlərində hələ qara nöqtələr qalmaqdadır.
Məsələn, İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə prosesləri gecikdirir, Bakının təqdim etdiyi şərtlərin icrasından yayınmağa çalışır.
İkincisi, Ermənistan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması üçün işlərə başlamayıb ki, bu da Qazax və Naxçıvan istiqamətlərində müəyyən gərginlik ocağının qalanması cəhdi kimi başa düşülə bilər.
Üçüncüsü, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı oxuduğu mətnlər Azərbaycanın strateji maraqlarına uyğun deyil.
Dördüncüsü, Qərbi azərbaycanlıların qayıdışı məsələsində Ermənistanın mövqeyi bəlli deyil.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə sülh quruculuğunda başlanan növbəti proseslərin hansı formada yekunlaşacağı Ermənistanın mövqeyi ilə əlaqəlidir.
Bakı İrəvana sülh gündəliyi üzrə təkliflər paketini təqdim edir, şərtlər formalaşdırır, İrəvan bunların əksəriyyəti ilə razılaşsa, növbəti açıq qalan məsələlərin həlli danışıqlarla mümkündür.
Əks təqdirdə isə Azərbaycan müəyyən hibrid əməliyyatları dövriyyədə saxlayaraq bunu Ermənistana təzyiq rıçaqları kimi daha da inkişaf etdirəcək.
Əliyevin Ermənistanda qisas haqqında düşünən qüvvələrə “bu kadrlara yaxşı baxsınlar” deməsi perspektiv ilə əlaqəli mümkün neqativ ssenarilərin işə düşməsi halında Azərbaycanın ata biləcəyi addımları özündə ehtiva edir.
Cəsarət Qasımov
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu