Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

296

Mehriban Əliyeva qadın fəallığı ənənələrinin yeni tarixi salnaməsini yaradır

“İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”.
İlham ƏLİYEV
Dünya siyasətinin transmilliləşməsi bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyillərini qabarıq üzə çıxarsa da, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər insanlığın ali zinəti kimi aktuallığını, mənəvi təsir gücünu qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq və mənəvi saflıq hər bir insanın özündən sonra qoyub getdiyi ülvi, müqəddəs dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən rahatlıq tapan belə insanlar isə, sözün əsil mənasında, mənəvi ucalığa qovuşur.
On üç il əvvəl ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu da Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına və yüksəlişinə hesablanan xoşməramlı missiya həyata keçirmişdir. İctimai əsasda fəaliyyət göstərən Fond ötən müddətdə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin öyrənilməsinə və təbliğinə dəstək vermək; ölkənin inkişafına və xalqın rifahına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə kömək etmək, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirmişdir.
Cəmiyyətin ən həssas qütblərini əhatən edən bu xoşməramlı fəaliyyət təkcə Azərbaycan cəmiyyətində deyil, ümumilikdə ölkə hüdudlarından kənarda da yüksək dəyərləndirilir. Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki səylərinə görə Fondun prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq prosesinə mühüm töhfələr verən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən də yüksək dəyərləndirilmişdir. 2006-cı ildə Mehriban xanım Əliyevanın daha bir yüksək titula – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) xoşməramlı səfiri adına layiq görülməsi bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyət sayıla bilər. Məhz Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çevrilmişdir.
Ən böyük sevinc zəhmətdən sonrakı istirahətdir. Milyonlarla insanlara çəkdiyi zəhmətin, əziyyətin, göstərdiyi qayğının səmərəsindən pay verib sevinc yaşadan insanlığın, mərhəmətin doğru ünvanı, xalqının mehribanı Mehriban xanım Əliyeva. Sizi ad gününüz münasibəti ilə təbrik edib, həyatımızda həmişə Sizi sevənlərlə bir arada şəhanə və piranə ömür yaşamağınızı arzulayırıq. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!

Kəbirə Məmmədova

“Binə” Ticarət Mərkəzinin direktoru