Xeyriyyəçi xanım, nəcib insan

313

Xeyriyyəçi xanım, nəcib insan

Mehriban xanım Əliyevanın taleyində çox yerdə birinci və aparıcı olmaq qisməti var. O özü də bu qismətin fərqindədir. Bu şansın məsuliyyətini dərk etdiyindəndir ki, indi əsl Azərbaycan qadınının simvoluna çevrilib, bütün dünyaya Azərbaycan qadınının son dərəcə gözəl nümunəsini sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, bu gün Azərbaycan qadını güclü olmalıdır. Güclü olmaqdan ötrü isə, hər kəsdən daha bilikli, daha adil, daha ağıllı, daha intellektli olmaq lazımdır. Qəlbimiz hər kəsinkindən daha çox insan sevgisi ilə dolu olmalıdır. Bax, o zaman bütün çətinlikləri aradan qaldırmaq mümkünləşər.
Mehriban xanım taleyinə, qismətinə düşən dövrün nəbzini tutaraq ağlı, müdrikliyi, ən əsası, bunu gözəlləşdirən əməlləri ilə onun fövqünə ucalmağı bacarıb. O, sadəliyi və xeyirxahlığı ilə, qısa zamanda, bütün Azərbaycan xalqının və bəşəriyyətin tərəqqipərvər kəsiminin böyük sevgisini qazanıb. Dünya bu zərif, incə xanımın insan sevgisi ilə dolu ürəyinə heyrandır, Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələr böyük rəğbət qazanmışdır. O, indi dünyada zəif və zərif cinsin ən güclü, ən qüdrətli simalarından biri kimi tanınır və qəbul olunur. O, indi dünyanın ən gənc və sevilən, hörmətlə yanaşılan birinci xanımların-dandır.
Azərbaycanda milli dövlətçilik tariximizdə, ilk dəfə olaraq, Birinci Xanım institutunu formalaşdıran Mehriban Əliyeva az zaman ərzində Azərbaycan qadınının kimliyini bütün dünyaya göstərdi.
Alimlər insanın bioloji varlıqdan şəxsiyyətə çevrilməsində, onun inkişafında, fitri istedadının püxtələşməsində genetik amillərin rolunu çoxdan təsdiqləyiblər. Mehriban xanım Əliyevanın həyatında da bu amillərin rolu danılmazdır. O, ziyalı ailəsində doğulub. Valideynləri Azərbaycan elmində və ədəbiyyatında ağır çəkiyə malik insanlardır. Babaları da ədəbiyyatımızda, söz sənətimizdə izi olan, sözü, səsi eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq nümunəsi ilə seçilən ziyalılar olub.
O, həm də Azərbaycan tarixində yeri əbədiləşən müdrik bir dövlət başçısının, ailəsinin üzvü olub və tale Onu həm də Azərbaycanın Birinci Xanımı edib.
Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu məhəbbəti qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini O öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə əldə edib.
O öz millətinə, xalqına olduqca saf, insanlara sadə, səmimi, təmənnasız münasibətilə buna nail olub. Bu gözəl münasibət Onun ən qiymətli sərvətidir.
Heç şübhəsiz, insan müəyyən zaman və məkanla, yaşadığı ətraf mühitlə sıx bağlıdır. Platon deyib: “Heç kim təsadüfən yaxşı insan olmur”. Mehriban xanım Əliyevanın fəaliyyətində də sələflərinin izi var. O, genetik kodu, qan yaddaşı ilə Ona ötürülən əməllərə sadiqdir.
Ata-baba yolunu onların adına layiq, hələ ondan da artıq davam etdirmək, təbii ki, hər övladın, hər xələfin işi deyil. Babası Mir Cəlal Paşayevin ədəbiyyatımızın inciləri sırasında özünə yer alan, hər birimizin təkrar-təkrar oxuduğu, dəyişən zamanlarda belə milli-mənəvi dəyərlərə söykənən təsir gücünü, əhəmiyyətini itirməyən təkcə bir əsərini – “Bir gəncin manifesti”ni yada salaq. Əsl ziyalılıq etalonu olan bu yazıçının, bu söz adamının, bu alimin həmin əsəri gənclər üçün tərbiyə məktəbi idi və indi də bu rolu oynamaqdadır. “Bir gəncin manifesti”ndən hələ də öyrənəcəklərimiz çoxdur. Bir fakt da danılmazdır ki, belə bir əsər yalnız öz millətinə, xalqına, onun mənəviyyatına, mental dəyərlərinə sadiq olan bir insanın qələmindən çıxa bilərdi. Ana babası Nəsir İmanquliyevin jurnalist məktəbini keçən hər bir jurnalist yaxşı bilir ki, Nəsir müəllim bu sahəyə iliyinə qədər bələd olan peşəkar olmuşdur. Onun nəzəri-təcrübi məktəbində dərs alıb, ondan nəsə öyrənməmək qeyri-mümkün idi. Aida İmanquliyeva və Arif Paşayev – bu iki alimin, iki ziyalının da Azərbaycan elmi, Azərbaycan təhsili qarşısında sanballı xidmətləri heç kimə sirr deyil. Mehriban Əliyeva onların ailə tərbiyəsini görüb, onların nəsihətlərini, tövsiyələrini eşidib. Sonra da Azərbaycan xalqının böyük övladı, müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin və bənzərsiz alim, gözəl insan, akademik Zərifə Əliyevanın gəlini kimi onların məsləhətlərini dinləyib. Hər iki ailədə gördüklərini, öyrəndiklərini yaddaşına yazıb. Azərbaycana, azərbaycançılığa bitib-tükənməyən sevgisi də bu yaddaşdan qaynaqlanır.
Müasir dövrümüzün tarix səhifəsinə xeyirxahlıq, nəcib əməllər sahibi kimi imza atan Mehriban xanım Əliyeva bəşəriyyətin Azərbaycan xalqına misilsiz və əvəzolunmaz bir hədiyyəsidir. Böyük Nəsimidən kökdən, soydan qaynaqlanan mərhəmətlik missiyası Mehriban xanım Əliyevanın böyük ömür yolunun həyat amalının ali görüntüsüdür. Azərbaycanda, eləcədə dünyada yüksək ehtiram sahibi olan ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva bəşər tarixinin şanlı səhifəsinə öz dəsti xəətti ilə daxil olaraq görkəmli şəxsiyyətlər səhifəsindədir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!

Əvəz Qocayev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini