İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

287

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Ulu Öndər Heydər Əliyev

 

“Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri Taleh Rəhimli:  Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində  qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələblərinə  müvafiq təşkili və idarə edilməsi, istehsal və qeyri-istehsal sahələrinin  infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin   müəllifliyi və rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə nail olunmuşdur.

Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda prezident İlham Əliyevin yaradıcılıqla və uğurla inkişaf etdirdiyi Azərbaycanın iqtisadi inkişaf strategiyasının formalaşması mərhələlərinin, onun sürətli inkişafını təmin edən başlıca amilərin tədqiqi və dəyərləndirilməsi Ulu Öndərin iqtisadi irsinin öyrənilməsində və ölkəmizin perspektiv inkişafinın prioritetlərinin, məqsəd və hədəflərinin müəyyən edilməsində, reallaşmasında müstəsna əhəmiyyətə malikdir.

XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında bazar iqtisadiyyatına keçid və dünya iqtisadi sisteminə səmərəli inteqrasiya olunmaqla milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək kimi strateji vəzifələr dururdu. Ulu Öndər 1993-2003-cü illərdə Azərbaycanın milli iqtisadi inkişafının formalaşmasının uğurlu və perspektiv inkişafına istiqamətlənmiş keçid modelinin əsaslarını müəyyənləşdirmiş və bu modelin həyata keçirilməsini təmin edən islahat-inkişaf xarakterli dövlət proqramlarının, inkişaf strategiyalarının, layihələrin işlənilməsinə və reallaşdırılmasına xüsusi əhəmiyyət vermişdir. Bu illərdə Azərbaycanda milli iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən tədbirlər göstərir ki, müstəqilliyin ilk illərində aparılan iqtisadi, siyasi, institusional islahatlar ölkə iqtisadiyyatının perspektiv inkişafı üçün güclü zəmin, əsas yaratmış və bunlar dönməz xarakter almışdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, dünya təcrübəsində sistemin transformasiyasının iki yolu – “şok terapiyası” və “təkamül yolu” məlumdur. Azərbaycan reallığını nəzərə alaraq Heydər Əliyev transformasiya prosesində böhrandan çıxış və perspektiv inkişaf tədbirlər sistemini müəyyənləşdirərkən, hər bir konkret halda “şok terapiyası” və “təkamül yolu”nun prinsiplərindən ayrılıqda, tələb olunan hallarda isə onların birgə tətbiq olunmasına və iqtisadi siyasətdə koordinasiya, sistemlilik və prioritetlərin düzgün seçilməsinə xüsusi önəm verirdi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdud olduğunu nəzərə alaraq Ulu Öndər  xüsusi qeyd edirdi ki, Azərbaycanda iqtisadiyyatın o sahələrinin inkişafı təmin edilməlidir ki, ilkin olaraq bu istiqamətlər ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan versin və bu sahələrin üstün inkişafı nəticəsində yaranmış gəlirlər  ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilsin. Bu illərdə hələ də dünya qlobal maliyyə böhranından tam qurtara bilmədiyi bir mərhələdə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanın bir müstəqil dövlət kimi formalaşdırılması və inkişafı ilə bağlı iqtisadiyyatın bütün sahələrində həyata keçirdiyi çoxşaxəli islahat-inkişafa yönəltdiyi tədbirlər Ulu Öndərin böyük təcrübəyə, biliyə, analitik düşüncəyə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunu göstərdi.

Müstəqilliyin ilk illərində Ulu Öndərin iqtisadi strategiyasının bir sıra məqamlarını nəzərdən keçirərkən bu illərdə Azərbaycanın necə böyük, sərt, riskli, ziddiyyətli və mürəkkəb proseslərlə üzləşdiyini görürük. Ancaq hazırda bu dövrdə hadisələrin necə düzgün müəyyənləşdirilib qiymətləndirildiyini, uzaqgörənliklə qərarlar verildiyini və ən mühümü isə bu qərarların perspektivdə həyata keçiriləcək proseslərə mənfi təsir göstərmədən məharətlə, cəsarətlə, məntiqi ardıcıllıqla həll edildiyi müəyyən edilir. Bu tədbirlər ölkəmizin bir dövlət kimi mövcudluğunun şübhə altında olduğu gərgin və mürəkkəb bir şəraitdə – 1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması və onun apardığı dərin məzmunlu, məqsədyönlü və səmərəli işlər nəticəsində mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki müstəqilliyin ilk illərində Azərbaycanda hərbi, sosial-iqtisadi, siyasi böhran dərinləşmiş müstəqilliyin itirilməsi, hətta vətəndaş müharibəsi təhlükəsi yaranmış, Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində 90-cı illərin əvvəlidən etibarən ölkədə iqtisadiyyatın bütün sahələrində istehsal tənəzzül etmişdi. Bu dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə yenidən gəldikdən sonra müstəqilliyin ilk illərində ölkəmizin qarşısında duran problemlərin ağırlığını və xalqın qarşısında məsuliyyətini xüsusi vurğulayaraq qeyd etmişdir: “Ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm”. Onun böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların qanunvericilik bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla qeyd olunanların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi. Onu da xüsusi qeyd etmək lazımdır ki , Ulu öndərin bazar iqtisadi sisteminə keçid mərhələsində müstəqil milli iqtisadiyyatın formalaşdırılması ilə əlaqədar həyata keçirdiyi iqtisadi strategiya ölkədə makroiqtisadi sabitliyin  təmin olunması; sistemin transformasiyası ilə bağlı bütün istiqamətlər üzrə əsaslı iqtisadi islahatların aparılması; bütün səviyyələrdə bazar iqtisadi münasibətlərinin liberallaşdırılması; ölkədə demokratiyanın və sosial ədalətin bərqərar olunması ölkəmizin strateji milli maraq və mənafelərini qorumaqla dünya iqtisadi sistemə fəal və səmərəli inteqrasiya olunması prinsiplərinə əsaslanırdı. Azərbaycan bazar iqtisadiyyatı sisteminə keçidin ilk mərhələsində iqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional əlaqələrin pozulduğu, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin formada artdığı sistemsizlik böhranının bütün fəsadlarını özündə əks etdirən bir dövrdə yaşayırdı.

Milli iqtisadiyyatın bazar prinsipləri əsasında təşkilinin ilk illərində getdikcə azalan milli gəlirdə yığımın payının azalması, təkrar istehsal imkanlarının və sərmayə qoyuluşu ilə əlaqədar maraqların ən aşağı səviyyədə olması ölkə iqtisadiyyatına yerli və xarici investisiyaların kəskin şəkildə aşağı düşməsinə səbəb olmuşdur.

Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması  olkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını yaratdı və nəticədə  bu tədbirlərin həyata keçirilməsi hal-hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. Eyni zamanda Azərbaycanda etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan vermişdir.

Müstəqilliyin ilk dövründə qarşıda duran əsas vəzifə ölkəni düşdüyü böhranlı vəziyyətdən çıxarmaq, ölkə iqtisadiyyatının spesifik cəhətlərini nəzərə almaqla makroiqtisadi sabitliyi təmin etməklə milli iqtisadi inkişafın təmin edilməsindən ibarət idi. Bu vəzifənin reallaşdırılması isə milli iqtisadi inkişaf konsepsiyası olmadan mümkün deyildi. Həmin dövrdən başlayaraq müstəqil Azərbaycan Respublikasının milli iqtisadi inkişafının əsaslarını ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan və ölkə iqtisadiyyatını düşdüyü böhranlı vəziyyətdən çıxara biləcək iqtisadi inkişaf strategiyası təşkil etmişdir. Belə ki, bu inkişaf konsepsiya Heydər Əliyevin müstəsna iqtisadi təfəkkürün məhsulu olub onun həyata keçirdiyi böyük həcmli və zəruri işlər əsasında formalaşmış, bütövlükdə milli iqtisadi inkişaf haqqında milli ictimai-iqtisadi fikirlərin və idealogiyaların formalaşmasının əsas meyarına çevrilmişdir. 2009-cu ilə qədər ölkəmizdə davam etmiş keçid dövrünün ilkin mərhələsində Heydər Əliyevin diqqətini cəlb edən mühüm məsələlərdən biri də keçid dövründə və perspektivdə milli iqtisadi inkişaf strategiyasının mahiyyətinin müəyyənləşdirilməsi, onun mərhələlərlə həyata keçirilməsi mexanizminin işlənilməsi olmuşdur. Ölkə  iqtisadiyyatının  inkişaf mərhələlərində  istehsal və qeyri-istehsal sahələrinin əsas makroiqtisadi göstəricilərinin inkişaf  dinamikası Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyasının uğurla reallaşdırılmasının əyani nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, hər bir iqtisadi inkişaf modeli müvafiq və məqsədyönlü iqtisadi strategiya və bu strategiya çərçivəsində həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar vasitəsilə reallaşdırılır. Azərbaycanda müstəqilliyin ilk illərindən  başlayaraq bazar iqtisadiyyatı  sisteminin prinsiplərinin  və mexanizmlərinin formalaşması məqsədilə  iqtisadiyyatın yenidən qurulması, iqtisadi inkişafın sürətləndirilməsi, sahibkarlığın stimullaşdırılması, səmərəli investisiya və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində aparılan islahatları  Ulu Öndər  mühüm və zəruri şərti kimi dəyərləndirirdi və bunların əsasını onun  müəllifi olduğu uğurlu neft strategiyası təşkil edirdi.

Bunlar yanaşı keçid iqtisadiyyatının ilk illərində ölkəmizin maliyyə imkanlarının məhdudluğu şəraitində xarici investisiyaların iqtisadiyyatın neft-qaz sektoruna cəlb edilməsi nəticəsində ölkənin maliyyə imkanları genişlənməyə başladı, inkişaf etmiş ölkələrin yeni texnika və texnologiyalarının, innovativ layihələrinin, mütərəqqi əmək vərdişlərinin, üsul və vasitələrinin, peşə və ixtisaslarının iqtisadiyyatımıza cəlb edilməsi Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Ümum milli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin əsas cəhətlərindən biri də onun möhkəm elmi konseptual baza və mütərəqqi qanunvericilik əsaslar üzərində formalaşmasıdır. Bu baxımdan Ulu Öndərin bilavasitə tapşırıqları, qanunvericilik təşəbbüsləri və tövsiyələri əsasında müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlətin  idarəedilməsinin  təkmilləşdirilməsi, iqtisadiyyatımızda bazar iqtisadi sisteminin əsaslarının yaradılması, ölkə əhalisinin sosial-iqtisadi rifahının və hüquqlarının təmin edilməsi ilə bağlı əksər qanunvericilik sənədləri və normativ-hüquq aktları qəbul edilmiş, onların səmərəli işlək mexanizmi hazırlanmışdır.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli fundamental prinsiplər üzərində qurulmuşdur. Bu prinsiplər   ölkənin malik olduğu zəngin resurslardan səmərəli istifadə edilməsi, bazar iqtisadi sisteminin əsaslarının yaradılması, onun iqtisadi inkişafının sürətləndirilməsi,  Azərbaycanın dünya iqtisadi sisteminə səmərəli inteqrasiya edilməsi, son nəticədə ölkənin iqtisadi, siyasi, mənəvi, sosial inkişafına xidmət edən  prioritet istiqamətlərdən ibarət olmuşdur. Ulu Öndərin iqtisadi inkişaf modelinin əsasını eyni zamanda   bazar iqtisadiyyatının qurulması ilə bağlı iqtisadi islahatların ardıcıl, mərhələli və sistemli şəkildə aparılması; iqtisadi islahatların möhkəm qanunvericilik bazasına əsaslanması; yeni milli iqtisadi inkişafın sosial yönümlülüyü, onun cəmiyyətin bütün üzvlərinin maraqlarına, mentalitetə və demokratik dəyərlərə uyğunluğu; ölkənin malik olduğu zəngin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi; iqtisadi cəhətdən müstəqil milli iqtisadiyyatın əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitinin yaradılması; iqtisadiyyatın qloballaşması və milli maraqların əlaqələndirilməsi, ölkənin beynəlxalq iqtisadi, maliyyə-kredit, ticarət və digər iqtisadi təşkilatlarda iştirakının onun strateji və milli maraqlarına uyğunluğu və bu maraqlara xidmət etməsi və s. sahələr təşkil etmişdir.

Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı və dayanaqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası  prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Taleh Rəhimli

“Ordubad” Marketlər Şəbəkəsinin rəhbəri