AFFA-nın baş katibi Elxan Məmmədov Slovakiya ilə AÇ-2020-nin seçmə oyununa ezam olunmuş jurnalistlərə müsahibə verib.
“Qafqazinfo” Report-a istinadən müsahibəni təqdim edir:
– Milli komandanın AÇ-2020-nin seçmə mərhələsindəki çıxışı ilə bağlı fikrirləriniz necədir?
– Bu, Azərbaycan futbolu tarixində ən çətin qrup idi. Çünki qrupumuz 5 komandadan ibarət oldu. Reytinqə baxsaq, qrupumuzda bizdən zəif, hətta bizə yaxın komanda da yox idi. Düşünürəm ki, psixoloji olaraq hər oyun özündən daha yaxşı komanda ilə meydana çıxmaq çox çətindir. Ona görə bu, baş məşqçi, futbolçular və milli komanda üçün həqiqətən də çətin maneə idi. Buna baxmayaraq, komanda hər oyun inkişaf edirdi. Baş məşqçi Nikola Yurçeviç məsuliyyəti dərk edir və öz boynuna götürərək komandaya yeni futbolçular da dəvət edirdi. Yurçeviç komandaya gələndə yoldaşlıq oyunu keçirməyə belə vaxt olmadı. Dərhal seçmə mərhələyə başladıq. Bu yaxınlarda Bəhreynə qarşı yoldaşlıq oyunu keçirdik. Digərləri isə rəsmi oyunlar idi. Komandamız oyunların əksəriyyətində qol vurmağı bacardığını göstərdi. Təbii ki, biz hər oyuna 3 xal üçün çıxırdıq. Amma unutmayaq ki, özümüzdən qat-qat daha güclü rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, sevindirici haldır ki, nəsildəyişilmə prosesi başladı. Slovakiya ilə görüşdə yeni oyunçuları da gördük. Bu, bizim üçün psixoloji baxımdan vacib qarşılaşma, seçmə mərhələni uğurlu sonluqla bitirmək üçün önəmli idi. Təbii ki, 1 xal yaxşı nəticə deyil. Dekabrda bununla bağlı AFFA İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Baş məşqçinin taleyi, gələcək müqaviləsi orada həll olunacaq.
– İcraiyyə Komitəsində baş məşqçi ilə bağlı müzakirə gərgin olacaq, yoxsa…?
– Bəli, çox gərgin müzakirə olacaq. Amma komandanı növbəti mərhələyə hazırlamağa 10 ay vaxtımız var.
– Qeyd etdiniz ki, millinin növbəti seçmə mərhələyə hazırlaşmaq üçün 10 ay vaxtı olacaq. Yığmadakı baş məşqçi məsələsi qısa zamanda həllini tapacaq?
– Yeni baş məşqçi təyin olunacaq ya yox, bunu bilmirəm. Amma yeni baş məşqçi təyinatı olsa, axtarışlarımız uzun çəkə bilər.
– Son vaxtlar sizə qarşı təzyiqlər həddindən artıq çoxdur. Hər xırda şeydə, hətta Uelsdən 1200 azarkeşin gəlməsində də az qala sizi günahkar bildilər. Bu, nədən qaynaqlanır? Avropa Liqasının finalı ərəfəsində çox gündəmdə oldunuz. Hər şeyin ondan sonra başladığını düşünmürsünüz?
– Son vaxtlar deməklə gözəl bir kompliment etdiniz. Əslində son vaxtlar deyil (gülür). Sizinlə razıyam. Futbol daim gündəmdə olan sahədir. Futbolla bağlı müzakirələr etmək, danışmaq, tənqid etmək hər bir vətəndaşın haqqıdır. Hər şeyi qoyaq qırağa, bir azarkeş kimi haqqıdır. Jurnalist, klub nümayəndəsi, peşəkar futbolçu, veteran futbolçu, keçmiş məşqçi – bunların hamısı həm də azarkeşdir. Tənqid hər bir insanın haqqı və hüququdur. Bunu edirlərsə, biz bunu sağlam qəbul etməliyik. Çalışırıq ki, edək. Təbii ki, hərdən bir az xətrimizə dəyirlər. Tək özümdən yox, futbol ailəsinin üzvlərindən danışıram. Klubları da müzakirə edirlər, bəzi futbolçular müzakirə olunur. Hər şey bizə toxunur. Toxunma elementi var. Bu da normal haldır. Normal da qəbul etməliyik.
– Kənardan görünən budur ki, konkret hədəf seçilməyiniz mənfi imicinizi formalaşdırmaq məqsədilə aparılır…
– Futbolda özümü çox komfort hiss edirəm. İlk növbədə, futbol azarkeşiyəm. Mənim peşəm idarəetmədir. Bu gün AFFA-nın rəhbərliyi mənə güvənir və baş katibliyi, idarəetmə işlərini, tapşırır. Mən bütün bunları edirəm və edəcəyəm. Lakin bəzi məsələlərdə mən sizinlə razıyam. Süni tənqidlər var. Təəssüf edirəm ki, bəzən təhqirlərə də yol verilir. Biz sağlam tənqidi normal qəbul edirik. Mən burada mənfi bir şey görmürəm.
– Komandanızın zəif olduğunu düşünürsünüzmü? Loru dildə desək, yaxşılıq etdiyiniz adamlar sizi müdafiə eləmir…
– Xeyr, qətiyyən! Hər insan özünə görə işləyir. Uelslə oyunla bağlı əlavə etmək istərdim. Qaydalarda yazılıb ki, minimum 5 faiz rəqib azarkeşlərə yer verməliyik. Biz də beş faizi təqdim etdik. Daha sonra Uels Futbol Federasiyası əlavə biletlər üçün bizə müraciət etdi. Biz də onları biletlə təmin etdik. Çünki heç bir azərbaycanlı azarkeş çöldə qalmamışdı. Kimsə deyə bilməz ki, bilet yox idi. Təxminən 450 yer boş qalmışdı. Biz Azərbaycan Respublikasının ümumi strategiyasını nəzərə alaraq turizmin inkişafını da istəyirik. Ölkəmizə 1280 nəfər gəlibsə, biz onları böyük məmnuniyyətlə biletlə təmin edirik və gələcəkdə də edəcəyik. Amma Azərbaycanın hər bir azarkeşi stadiona daxil olmaq istəyirsə, hamısı daxil olacaq.
– AÇ-2020-nin final mərhələsi ilə bağlı son xəbərlər varmı?
– Noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə püşkatma olacaq. Biz də orada iştirak edəcəyik. Böyük futbol ölkələri Bakıda olacaq. Arzulayırıq ki, bunlardan biri Türkiyə yığması olsun. Qardaş və qonşu ölkədir. Təəssüf ki, millimiz final mərhələsində olmayacaq, amma qardaş ölkə keçibsə, Bakıda oynasa, yaxşı olar. Bu, püşkatmada bəlli olacaq.