Qubadlı rayonunun işğalının 26-cı ildönümü

222

Qubadlı rayonunun işğalının 26-cı ildönümü

31 avqust 2019-cu il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarından olan qonaqlar iştirak edirdilər. Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı şəhidlərin məzarını ziyarət etdilər.
Qubadlı rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 26-cı ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.
Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-diyarşünaslıq muzeyi məhv edilmişdir. Ümumilikdə rayona 1,5 milyard dollar həcmində ziyan dəymişdir.
Qubadlı ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, o zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə qorunan 50-yə yaxın abidə qeydə alınmışdır.
Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər rayon sakini əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal- hazırda  38200  nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 26 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.  Başçı qeyd etdi ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir. Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmiş, Qasımov Faiq Qaçay oğlu isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. RİH başçısı bildirdi ki, aprel döyüşlərindən sonra hər üç həmyerlimizin yüksək təltifə layiq görülməsi rayon sakinlərinin  hədsiz sevincinə səbəb olmuşdur.
Bundan başqa 2018-ci il may ayının 20-dən 27-ə qədər Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya, Qaraqaya dağı işğaldan azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçmişdir. Döyüşlər nəticəsində ümumi olaraq
11000 hektarlıq ərazi işğaldan azad olunub. RİH başçısı əlavə etdi ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, 26 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı sakinlərinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
Ölkə  başçısının məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, 2019-cu ildə Abşeron rayonu St.Sumqayıt və Sumqayıt şəhər 12-ci mkr  ərazilərinə, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan ümumilikdə  900-dan çox  məcburi köçkün ailəsi köçürülmüşdür.
Bütün bunlara baxmayaraq məcburi köçkün düşmüş soydaşlarımız inanırlar ki, tezliklə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaq və həmin günü qələbə günü kimi qeyd edəcəklər.
Sonra təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğu bildirilmişdir.

 

Baş direktor: Həsənov Ruslam Şamməd oğlu

Tel: 050-244-48-19