Son bələdiyyə seçkisinə maraq əvvəlkilərlə müqayisədə daha yüksək oldu. Bələdiyyəyə üzv seçilmiş şəxslərin məvacibi də bu kontesktdə gündəmə gəldi.
Bu və ya digər suallarla bağlı Teleqraf.com-a hazırda Bakının Mehdiabad qəsəbəsi bələdiyyəsinin üzvü, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı açıqlama verib.
Niyaməddin Orduxanlının sözlərinə görə, bələdiyyələr yerli özünü idarəetmə orqanlarıdır və Azərbaycanda 20 ildir fəaliyyət göstərir: “Hazırda ölkəmizdə 1700-ə yaxın bələdiyyə subyekti var”.
Onun sözlərinə görə, bələdiyyə üzvlərinin sayı yerləşdiyi əraziyə görə dəyişir: “Bələdiyyə üzvləri 7, 9, 11, 13, 19 nəfərdən ibarət ola bilər. 5 min nəfərlik qəsəbədəyə 9 bələdiyyə üzvü, 10 min sakini olan qəsəbəyə 11 bələdiyyə üzvü düşür. Məsələn, Abşeron rayon Mehdibad qəsəbəsinin 13 nəfər üzvü var. Burada yaşayan əhali təxminən 40-50 mini əhatə edir. Sakinlərin sayı 100 mini keçərsə, əraziyə 19 nəfər bələdiyyə üzvü seçilir”.
Niyaməddin Orduxanlı bildirib ki, sıravi bələdiyyə üzvləri əmək haqqı almırlar: “Bələdiyyə üzvləri yerli özünüidarətmə orqanlarında aparılan işlərə kollegial qərar verir. Mandat almış bələdiyyə heyəti aralarından bir nəfəri sədr seçirlər. Əmək haqqı ancaq sədr və sədr müavinləri üçün nəzərdə tutulur”.
Niyaməddin Orduxanlı qeyd edib ki, bələdiyyə sədrlərinin əmək haqları sədrlik etdikləri ərazinin əhalisinə görə dəyişir: “Bələdiyyə sədrlərinin əmək haqqı müxtəlifdir. 300 manat alan da var, 500 manat alan da. 1700 bələdiyyə sədri var və onların maaşı öz büdcələrindən asılıdır. Eyni zamanda, bələdiyyədə ştat yerləri var (ümumi şöbə, mühasibatlıq, komunal xidmətləri aparan şöbə, vergi müfəttişləri), burada işləyən şəxslər maaş alırlar”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bələdiyyələr öz hesablarına maliyyələşirlər: “Dövlət bələdiyyə orqanlarına vəsait ayırmır. İl ərzində yalnız bir dəfə dövlət büdcəsindən pul ayrılır. Bu da 1700 bələdiyyə arasında bölündükdə, hər birinə ortalama 800-1000 manat arasında pul düşür. Özünü idarəetmə orqan olduğu üçün pulu özü yığmalı, layihələri özü həyata keçirməlidir.
Qanunvericiliklə abadlıq, quruculuq, təmir, məhəllələr arası yollara nəzarət etmə, komunal xidmət (zibil tullantılarının təmizlənməsi), vətəndaşlardan torpaq və əmlak vergisini toplamaq kimi vəzifələr bələdiyyə orqanının səlahiyyətinə daxildir”.