Ulu öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

1504

Ulu öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. Bu mənada, xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Yalnız özünü milli etnos kimi dərk edən xalqlar milli dövlət quraraq onun mövcudluğunu qoruyub saxlaya bilmişlər.

Təcrübə göstərir ki, hər bir xalqın əlverişli tarixi şəraitdə milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qorumaq fürsəti əldə etməsi tarixi şəxsiyyət fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Neydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini – əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru – müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Ümummilli lider məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı.

Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir.

Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.

Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.

Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə – doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər… Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır.Eyni zamanda, harada ki baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması qeyri-mümkündür. Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, müasir texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımi şərait yaradılmışdır. Son dövrlər hər il tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadaları, konfranslar, aspirantların və gənc tədqiqatçıların respublika simpoziumları, müsabiqələr keçirilir ki, bu da elmə, elmi tədqiqatlara olan marağı daha da artırır. Eyni zamanda, araşdırmalardan aydın olur ki, 1998-ci ildən bu günə qədər elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin 1500-dən artıq əməkdaşı müxtəlif ölkələrdə – ABŞ, Böyük Britaniya, Polşa, Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və başqa ölkələrdə yaradıcı ezamiyyətlərdə olmuş, Azərbaycan elmini yüksək səviyyədə təmsil etmişlər. Nəzərə alsaq ki, istənilən sahədə, o cümlədən elmdə sürətli inkişafın başlıca amillərindən biri də çevik inteqrasiya və beynəlxalq əməkdaşlıqdır, onda yuxarıda qeyd edilənlər də Azərbaycan elminin inkişafı istiqamətində atılmış mühüm addım kimi qəbul edilə bilər.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, yuxarıda qeyd edildiyi kimi, keyfiyyətli orta təhsili olmayan, yəni baza təhsilinə malik olmayan insanların ciddi elmi araşdırmalar aparması qeyri-mümkündür. Bu baxımdan da, elmin və elmi tədqiqatların inkişafından söhbət gedirsə, ilk növbədə orta ümumtəhsil sisteminə diqqət yetirilməsi zəruridir. Təbii olaraq, elm və təhsilə göstərilən diqqətin nəticəsidir ki, ümummilli lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğısını həmişə önə çəkmişdir. Ulu öndər təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar da birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlmişdir.

Məxsusi olaraq qeyd olunmalıdır ki, islahatların keçirilməsi təhsil siyasətinin mühüm amillərindəndir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsil siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin bircə sərəncamına diqqət yetirməklə onun strateji mahiyyətinə aydınlıq gətirə bilərik. Ölkə başçısının “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında” 21 avqust 2004-cü il tarixdə imzaladığı sərəncam bu günümüz üçün zəruri olan informasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə problemlərinin həlli baxımından strateji əhəmiyyət kəsb edir. Təbii olaraq, bu tarixi sənəd indiyədək bu sahədə mövcud olan boşluqların doldurulmasına, dünyəvi təhsilə inteqrasiya yönümündə çatışmazlıqların aradan qaldırılmasına, gənc nəslin müasir standartlara uyğun daha dərindən savadlanmasına önəmli kömək göstərir.Artıq bu günün reallıqları sübut edir ki, Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir və Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə, eləcə də ölkənin hərtərəfli inkişafında yaxından iştirak etməyə qadir olan gənc nəslin yetişməsinə şərait yaradır. Milli Tərbiyə Konsepsiyasının hazırlanması, təhsilin məzmununda inteqrasiya modellərinə keçid, təhsil sisteminin kompyuterləşdirilməsi və informasiyalaşdırılmasına dair Dövlət Proqramının təsdiqi və praktiki tətbiqi, təhsildə elmi istiqamət faktorlarının gücləndirilməsi, təhsillə elmin vəhdətini təmin etmək məqsədilə prioritet sahələr üzrə elmi araşdırmaların, tədqiqatların aparılmasının intensivləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə proqramlar, layihələr üzərində fəaliyyətin müntəzəm olaraq davam etdirilməsi və digər məsələlərdən strateji istiqamətlər aydın görünür. Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.

Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi, Heydər Əliyev bütün həyatı boyu öz xeyirxah əməlləri və ədalətli mövqeyi ilə xalqımızın güvənc yerinə çevrilmişdir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır.

Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.

İlham Alıcı oğlu Aslanzadə

Azərbaycan Texniki Universitetinin “Mühəndis biznesi və menecment” fakültəsinin dekanı

 

 

 

 

 

 

 

 

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85