“Bu günün ən bilikli və savadlı həkimi” – Mama-Ginekologiya üzrə Uzman Həkim Nəzrin Məmmədova

13

“Bu günün ən bilikli və savadlı həkimi” – Mama-Ginekologiya üzrə Uzman Həkim Nəzrin Məmmədova

Müasir dövrdə səhiyyənin inkişafı yalnız texnoloji yeniliklərlə deyil, eyni zamanda bu sahədə çalışan peşəkar, savadlı və vicdanlı həkimlərin fəaliyyəti ilə ölçülür. Qadın sağlamlığı kimi son dərəcə həssas və məsuliyyətli bir sahədə çalışan həkimlərin üzərinə düşən yük isə ikiqat ağırdır. Bu mənada Azərbaycan səhiyyəsində öz biliyi, peşəkarlığı və humanist yanaşması ilə seçilən “Yeni Klinika”nın Mama-Ginekologiya üzrə Uzman Həkim Nəzrin Məmmədova bu gün minlərlə qadının güvənlə müraciət etdiyi, adı hörmətlə çəkilən həkimlərdən biridir.

Uzm. Dr. Nəzrin Məmmədova Azərbaycan səhiyyə sistemində fəaliyyət göstərən, qadın sağlamlığının qorunması və bərpasını özünün əsas peşə missiyası seçmiş yüksək ixtisaslı mama-ginekoloqdur. Onun tibbi fəaliyyəti reproduktiv sağlamlıq problemlərinin diaqnostika və müalicəsi, ginekoloji xəstəliklərin aradan qaldırılması, eləcə də müasir və minimal invaziv laparoskopik cərrahiyyə sahəsini əhatə edir. Hər bir xəstəyə fərdi yanaşma, dəqiq diaqnoz və effektiv müalicə prinsipləri Dr. Nəzrin Məmmədovanın iş üslubunun əsasını təşkil edir.

Nəzrin Məmmədovanın peşəkar formalaşmasında aldığı təhsil və beynəlxalq təcrübə mühüm rol oynayır. O, Türkiyənin ən nüfuzlu ali tibb təhsil müəssisələrindən olan Hacettepe Universiteti və Celal Bayar Universitetində mama-ginekologiya və obstetrika üzrə ixtisasartırma və praktiki təcrübə keçmişdir. Bu ali məktəblər yalnız Türkiyədə deyil, bütövlükdə regionda tibb elminin aparıcı mərkəzləri hesab olunur. Məhz bu təhsil ocaqlarında əldə etdiyi bilik və bacarıqlar Dr. Məmmədovanın peşəkar dünyagörüşünün beynəlxalq standartlara uyğun formalaşdığını bir daha sübut edir.

Hazırda Uzm. Dr. Nəzrin Məmmədova ölkəmizin aparıcı tibb müəssisələrindən biri olan “Yeni Klinika”da mama-ginekologiya şöbəsində fəaliyyət göstərir. Burada o, icbari tibbi sığortanın təmin etdiyi imkanlar çərçivəsində minimal invaziv əməliyyatların icra olunduğu peşəkar tibbi komandada uğurla çalışır. Onun həyata keçirdiyi əməliyyatlar və müalicə prosesləri müasir tibbin tələblərinə tam cavab verir və xəstələrin tez sağalmasına, həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Dr. Məmmədovanın fəaliyyətində laparoskopik cərrahiyyə xüsusi yer tutur. O, tanınmış həkim Vüsalə Əzizova ilə birgə icra etdiyi laparoskopik kistektomiya əməliyyatları – yəni yumurtalıq kistalarının minimal invaziv üsulla çıxarılması – ilə bir çox qadının sağlamlığına qovuşmasına nail olub. Bu cür əməliyyatlar yüksək dəqiqlik, dərin anatomiya biliyi və böyük cərrahi təcrübə tələb edir. Nəzrin Məmmədovanın bu sahədəki uğurları onun peşəkar ustalığının bariz nümunəsidir.

Bununla yanaşı, o, endometrial hiperplaziya kimi ciddi diaqnozların vaxtında aşkarlanması və müalicəsində də xüsusi həssaslıq göstərir. Zərurət yarandıqda laparoskopik histerektomiya – uşaqlığın çıxarılması əməliyyatlarını da müasir tibbi protokollara uyğun şəkildə uğurla icra edir. Bu cür mürəkkəb cərrahi müdaxilələr yalnız texniki bacarıq deyil, eyni zamanda xəstənin psixoloji durumuna diqqətli yanaşma tələb edir ki, Dr. Nəzrin Məmmədova bu xüsusiyyəti ilə də seçilir.

Çoxsaylı xəstə məmnuniyyəti, uğurlu əməliyyatlar və sağalan həyat hekayələri Nəzrin Məmmədovanın fəaliyyətinin ən real göstəricisidir. Biz də redaksiya olaraq, bu etimadı və minnətdarlığı nəzərə alaraq, Aynur Ağababyeva, Nigar Həmzəyeva, Arzu İsmayılova və Ruqiyyə Nurizadə başda olmaqla bütün xəstələrin adından Uzm. Dr. Nəzrin Məmmədovaya dərin təşəkkürümüzü bildiririk.

Şübhəsiz ki, savadlı həkimlər cəmiyyətin sağlam gələcəyinin əsas sütunlarıdır. Nəzrin Məmmədova isə bu sütunlardan biri olaraq, öz bilik və əməyini qadınların sağlamlığına həsr edən, peşəsinə vicdanla yanaşan nümunəvi həkim obrazını uğurla təcəssüm etdirir.

 

Vəfa Namazova

Baş redaktorun müavini