“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev: Uzaqgörən liderlik və güclü dövlət quruculuğu- Prezident İlham Əliyevin Azərbaycan tarixində müstəsna rolu

112

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev: Uzaqgörən liderlik və güclü dövlət quruculuğu– Prezident İlham Əliyevin Azərbaycan tarixində müstəsna rolu

Müasir Azərbaycanın uğurlu inkişaf yolunu şərtləndirən əsas amillərdən biri güclü siyasi iradə, milli maraqlara söykənən strateji baxış və qətiyyətli liderlikdir. Məhz bu keyfiyyətləri özündə birləşdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu gün ölkəmizin həm regionda, həm də beynəlxalq müstəvidə nüfuzunun artmasının əsas memarı kimi çıxış edir. Onun rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlərə imza atmış, müstəqil və suveren dövlət kimi öz mövqeyini daha da möhkəmləndirmişdir.

Prezident İlham Əliyevin fəaliyyəti hər şeydən əvvəl milli maraqların qorunmasına və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. O, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirərək, ölkəmizi dayanıqlı inkişaf mərhələsinə çıxarmışdır. Bu inkişaf təkcə iqtisadi göstəricilərlə deyil, həm də siyasi sabitlik, sosial rifah və milli həmrəyliklə xarakterizə olunur.

Azərbaycanın enerji strategiyası Prezident İlham Əliyevin uzaqgörən siyasətinin ən parlaq nümunələrindən biridir. Neft və qaz sektorunda əldə olunan uğurlar, nəhəng beynəlxalq layihələrin – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və digər strateji enerji marşrutlarının reallaşdırılması ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu layihələr yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda Azərbaycanın geosiyasi mövqeyini gücləndirən mühüm amillərdir. Enerji təhlükəsizliyi sahəsində aparılan məqsədyönlü siyasət bu gün ölkənin uzunmüddətli inkişafını təmin edən əsas sütunlardan birinə çevrilmişdir.

Prezident İlham Əliyev enerji sahəsində olduğu kimi, sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər strateji istiqamətlərdə də ardıcıl islahatlar həyata keçirmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramları sayəsində ölkənin bütün bölgələrində genişmiqyaslı quruculuq işləri aparılmış, infrastruktur yenilənmiş, minlərlə yeni iş yeri yaradılmışdır. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı və həyat səviyyəsinin yüksəldilməsi dayanır.

Dövlət başçısının liderlik xüsusiyyətləri xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş olundu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və sarsılmaz mövqeyi nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyünü təmin etdi. Bu Zəfər yalnız hərbi uğur deyil, həm də milli ruhun, dövlət-xalq birliyinin və güclü liderliyin təntənəsi oldu. Prezident İlham Əliyev həmin dövrdə həm cəbhədə, həm də informasiya müharibəsində Ali Baş Komandan kimi nümunəvi mövqe ortaya qoydu.

Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə misilsiz bərpa və yenidənqurma işləri həyata keçirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələri, müasir infrastrukturun qurulması, enerji təminatının ən müasir standartlar əsasında təşkili Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelini açıq şəkildə göstərir. Bu proseslər bir daha sübut edir ki, Prezident İlham Əliyevin siyasəti qısamüddətli deyil, strateji və davamlı xarakter daşıyır.

Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə də balanslı və prinsipial siyasəti ilə seçilir. O, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, ölkəmizi sülhün, əməkdaşlığın və dialoqun tərəfdarı kimi tanıdır. Bu siyasət nəticəsində Azərbaycan dünya birliyində etibarlı və hörmətli tərəfdaş statusu qazanmışdır.

Sonda, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev: Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji siyasəti və ümumilikdə dövlətçilik strategiyası ölkəmizin sabit və parlaq gələcəyinin möhkəm təməlidir. Bu möhkəm təməl üzərində Azərbaycan daha böyük zirvələrə doğru inamla irəliləyir.

Bu əlamətdar gündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Ona möhkəm cansağlığı, uzun ömür, xalqımızın və dövlətimizin rifahı naminə apardığı şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Dövlət başçımızın rəhbərliyi altında Azərbaycan daim güclənəcək və inkişaf edəcək.

 

Şahmar Zərdabi

Baş redaktor