Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir

162

Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir

Prezident İlham Əliyev: Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır
Bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı yüksək səviyyədə qeyd olunur. Əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan Qurban bayramı müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzinə çevrilib. Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir”.
Tarixin bütün dönəmlərində özünün zəngin milli-mənəvi dəyərlərinə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı bu dəfə də müqəddəs Qurban bayramını böyük coşqu ilə qeyd edir. Ölkəmizin bütün şəhər və kəndlərində yüksək bayram ovqatı yaşanır, qurbanlar kəsilir. İnsanlar sevinc hissi ilə bayramlaşır, bir-birlərinə ən xoş arzularını, diləklərini çatdırır, mərhəmət və lütf göstərərək imkansızlara öz yardımlarını təklif edir, dünyadan köçən yaxınlarını, əziz şəhidlərimizi anırlar. “Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər”.

Azərbaycan xalqı əsrlər boyu müqəddəs Qurban bayramını böyük sevinc və coşqu hissi ilə qarşılamış, qurbankəsmə mərasimini öz milli adət-ənənəsinə, mənəvi dəyərinə çevirmişdir. Müqəddəs Qurban bayramı insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. İslamda cəmi iki bayram — Qurban və Ramazan bayramları qanuniləşdirilib. “Qurban” sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma mənasını verir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı Hicri-qəməri təqviminin 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

Qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub. Qurban ayini İslamdan əvvəl, müxtəlif ölkələrdə müxtəlif cür icra olunub. Qurban bayramı ən qədim bayramlardan olsa da, əsl mahiyyətini İslam dinində qazanmışdır. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Üç səmavi dinin- Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcud olub. Lakin İslamda bu ibadət xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam dayanır. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Qurban bayramı Həzrəti İbrahim ə.s. və onun oğlu İsmayılın adı ilə bağlıdır.

Bu bayramın keçirilməsində əsas məqsəd Allah yolunda kəsilmiş qurbanlıq heyvanın Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq göstərərək Allaha inam, sevgi və imanın artmasını, insanların doğru yola yönəlməsini təbliğ etməkdir.
Azərbaycan ərazisində tarixin müxtəlif mərhələrində müxtəlif dini inanclar mövcud olub. E.Ə. IV əsrdən başlayaraq burada atəşpərəstliyə, yəhudiliyə xristianlığa etiqad edən əhali yaşamış bizim eranın VII – VIII əsrlərində İslam dini bütün Azərbaycan ərazisində hakim dinə çevrilmişdir. IX əsrin II yarısından başlayaraq İslam dini Azarbaycan xalqının mədəniyyətində, ədəbiyyatında, siyasətində xüsusi yer tutmuşdur. XIX-XX əsrlərdə Azarbaycan xalqının yaşadığı faciələr, ərazilərin bölüşdürülməsi, işğal olunmuş ərazilərə xristian əhalinin köçürülməsi, Sovet dövründə islamın qadağan edilməsi, dini abidələrin dağıdılması belə xalqımızı İslam dinindən uzaqlaşdıra bilməmişdir.

Azərbaycanda dini və milli tolerantlıq tarixən mövcud olmuş və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rolu olmuşdur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilməyə başladı. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələrini vahid ideologiya – azərbaycançılıq ideologiyasi, tolerantlıq, dözümlülük və fəal sosial-siyasi əməkdaşlıq prinsipləri əsasında birləşdirərək bu gün bütün dünya üçün örnək ola biləcək dövlət – din münasibətləri sistemini yaratdı. Heydər Əliyevin banisi oldugu Azərbaycan dövlətinin din siyasəti zamanın ağır sınaqlarından uğurla çıxaraq cəmiyyətdə siyasi sabitliyin, ictimai anlaşmanın, vətəndaş həmrəyliyinin mühum amili oldu. Xalqımız onun rəhbərliyi altında daha sıx birləşərək adət-ənənələrinə, dəyərlərinə möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmış oldu.

Bu gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, qəhrəman, ölməz şəhidlərimizin, cəsur qazilərimizin sayəsində Qurban bayramını Vətən müharibəsində Zəfər qazanmış qalib xalq kimi, Qələbə ab-havasında qarşılayır.
Ölkəmizdə  təkcə İslami dəyərlər üstün tutulmur, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənc müstəqil dövlətimizdə bütün səmavi dinlərin təmsilçiləri tam sərbəst şəkildə istənilən dini ayinlərini yerinə yetirirlər. Hətta Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal atında saxlayaraq viranəyə çevirmiş, onlarca məscidimizi dağıtmış ermənilərin də ölkəmizin paytaxtındakı kilsəsi öz əvvəlki şəkilində qorunub saxlanılır. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. Prezident İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi-mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görür, onun Sərəncam və tapşırıqları ilə Azərbaycanda olan bütün dini abidələr bərpa və təmir edilmişdir. Dövlət başçısının göstərişilə Bakıətrafı kənd və qəsəbələr, həmçinin işğaladan azad edilmiş əraziləmizdə məscid və ibadətgahlar, pirlər, tarixi dini abidələrimiz bərpa edilmişdir. Azərbaycan bir çox mədəniyyətlərarası konvensiyalara qoşulmuş,  İslam Əməkdaşlıq Təşkilatına üzv olmuş, “Bakı 2017 IV İslam Həmrəyliyi oyunları” na ev sahibliyi etmişdir.

Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək insanları yardımlaşmağa, birliyə səsləyir. Ölkəmizin hər yerində hər il Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.

Fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını, başda Müzəffər Ali Baş Komandan və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla müqəddəs Qurban bayramın münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy həmişə Azərbaycanda sülh və əmin-amanlıq hökm sürsün. Hamı şad-xürrəm yaşasın. Allah qurbanlarınızı, dualarınızı və niyyətlərinizi qəbul etsin.

 

Nəzakət İsayeva

Bakı Zooloji Parkının icraçı direktoru