XX ƏSRİN BƏŞƏRİYYƏT FACİƏSİ

303

XX ƏSRİN BƏŞƏRİYYƏT FACİƏSİ

1992-ci il fevralın 26-sı… Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi kimi bəşəriyyət tarixinə daxil olub və belə də qalacaqdır. O qanlı – qadalı gecədə, həlak olanlar Azərbaycan vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda canlarını qurban veriblər, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhidlik zirvəsinə yüksəlmələri Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Faciədən 30 il keçməsinə baxmayaraq, hadisələr sanki dünən cərəyan etmiş kimidir. Xocalı şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində erməni hərbi birləşmələrinin növbəti hədəfi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı, hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak etdi. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi faciənin baş verməsinə gətirib çıxardı.
Xocalı – Azərbaycan xalqının sinəsinə çəkilmiş çalın-çarpaz dağdır və bu yaranın yeri bizi qiyamətəcən incidəcək. Torpaqlarımız işğaldan azad edilsə də, qəddar düşməndən qisasımızı alsaq da, ancaq məsum körpələrin fəryadı, günahsız anaların, bacıların, gəlinlərin naləsi, çarəsiz ataların, ərlərin, qardaşların qəzəbli nərələri, tükürpədən hayqırtıları qulaqlarımızdan getməyəcək, boğazımızda düyün düşən əbədi qəhər, ürəyimizdə kəsmək bilməyən göynərti kimi qalacaq. Xocalı həm də namərd qonşu xəyanətidir, kürəyə saplanan zəhərli xəncər, ən alçaq və namussuz təcavüz olayıdır. Bu ləkəni ermənilər heç vaxt əllərindən, üzlərindən, vicdanlarından yuya bilməyəcəklər…
Çünki məhz onların millətindən olan qaniçən cəlladların XX yüz ilin sonunda Xocalıda törətdikləri soyqırımı və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Xocalının işğalından 30 il keçməsinə baxmayaraq erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının şərəfsiz əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmur. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırımı törədənlərə nifrət artır. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 30 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan» deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız Xocalı soyqırımı qurbanlarına xalqımızın vəfa borcudur.

Zaur Mustafayev

Caspian Energy Kazakhstan”ın sədri