Xocalı soyqırımı-Qan yaddaşımız!
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin sədri Yasəmən Qəyyumlu Xocalı soyqırımının 32 ci ildönümü bağlı “Ana harayı” abidəsini ziyarət edib önünə gül dəstələri qoyub.
Birlik sədri Yasəmən Qəyyumlu televiziya kanallarına müsahibəsi zamanı Xocalı soyqırımı haqqında öz fikirlərini bildirib.
Onun dedikləri :
-Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.
Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Xocalı soyqırımı, müharibənin mövcud fəsadları bizimlə olsa da,ən böyük təskinliyimiz Ali baş komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin düşmən üzərində böyük qələbəsi, torpaqlarımızın düşməndən azad olunmasıdır. Bu gün tarixə və yaddaşlara köçən Xocalı soyqırımını kədədərimizin bağrını yaran Zəfər dolu sevinc ilə yad edirik. Çünki Xocalı azaddır.
Xocalı soyqırımı qurbanlarını hörmət və ehtiramla yad edir, ruhları şad olsun deyirik.
Fərid Səfərov
Mətbuat katibi