Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub

142

Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyevin əvəzsiz xidmətləri olub

Azərbaycanın içməli su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin adı müasir dünya tarixinə  böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Vətəni, xalqı qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi əsl həyat məktəbi, tükənməz xəzinədir. Azərbaycan xalqı öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətləri ilə həmişə fəxr edir, qürur duyur.

Məlum olduğu kimi, 2023-cü il mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib.

1969-cu ilin yayında Azərbaycana rəhbər təyin olunan Ulu Öndər respublika iqtisadiyyatını böhrandan çıxarmaqla yanaşı, sosial infrastrukturun yaradılması, əhalinin üzləşdikləri problemlərin təcili surətdə aradan qaldırılması istiqamətində böyük işlər gördü.

Həmin dövrlərdə sürətlə inkişaf edən Bakı şəhərinin içməli suya artan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Kür su kəmərinin birinci növbəsinin inşasına 1968-ci ildə başlanılsa da, işlər olduqca ləng gedirdi. Yalnız Heydər Əliyevin 1970-ci ilin iyun ayının 10-da Azərbaycan KP MK-nın növbəti iclasında Kür su kəmərinin birinci növbəsinin istifadəyə verilməsinin sürətləndirilməsi ilə bağlı verdiyi konkret tapşırıqlardan sonra işlər əsl məcrasına düşdü. Kür su kəmərinin çəkilişini əsl ümumxalq tikintisinə çevirdi. Məhz bunun nəticəsi idi ki, 30 ayda görülməli işlər təqribən 4 ay ərzində başa çatdırıldı.

1970-ci il sentyabr ayının 27-də Kür su kəmərləri sisteminin birinci növbəsi istifadəyə verildi. Paytaxtımızın sosial-iqtisadi həyatı üçün son dərəcə  mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisəyə həsr olunmuş  təntənəli mərasimdə çıxış edən Ulu Öndər demişdir: “Bu gün biz Kür su kəmərinin çəkilişinin birinci mərhələsində qazanılan qələbəni bayram edirik. Su hər bir kəs üçün sevinc və səadət rəmzidir. Əgər bu gün Kür suyu Bakıya axırsa, bu, böyük sevinc və səadət bayramıdır, bunu təmin etmiş adamların hamısı isə nəcib hünər göstərmişdir. Kür su kəmərinin birinci növbəsinin, gələcəkdə isə bütün kompleksin işə salınması Bakı, Sumqayıt şəhərlərində və bütün Abşeronda əhalinin və xalq təsərrüfatının suya artan tələbatının ödənilməsində, sözsüz, böyük rol oynayacaqdır”.

Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərlərinin ikinci növbəsinin  çəkilişini də qısa müddətdə başa çatdırmağa imkan yaratdı. Respublikamızın rəhbəri Heydər Əliyevin diqqət və qayğısı sayəsində cəmi bir il sonra – 1971-ci il sentyabrın 15-də ikinci növbə istifadəyə verildi. Azərbaycanın ictimai həyatı  və xalq təsərrüfatı üçün son dərəcə mühüm əhəmiyyət daşıyan həmin obyektin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edən ulu öndər Heydər Əliyev belə bir mürəkkəb texniki obyektin tikintisini və quraşdırılmasını qısa müddətdə başa çatdırmış inşaatçıları, quraşdırıcıları, layihəçiləri, istismar işçilərini böyük əmək qələbəsi münasibətilə təbrik etmiş, onların  fədakar əməyini yüksək qiymətləndirmişdir. Xatırladaq ki, o dövr üçün zərbəçi tikinti elan olunmuş Kür su kəməri kompleksinin istifadəyə verilməsi Bakı və Abşerona saniyədə 3,5 kubmetr içməli suyun nəqlinə imkan yaratmışdır.

Ötən əsrin 70-ci illərində ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda, o cümlədən respublikamızın paytaxtı Bakı şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Paytaxtda, eləcə də Sumqayıtda yeni yaşayış massivləri salınır. Bu da Bakı və Abşeron yarımadasının içməli su təchizatını daha da yaxşılaşdırmaq zərurətini yaradır. Bu məqsədlə 1980-ci illərdə Kür su kəmərləri sisteminin ikinci növbəsinin tikintisi həyata keçirilir. İkinci növbə çərçivəsində mərhələlərlə Bakıya daha üç magistral su kəməri çəkilir. Bununla da, Kür su kəmərləri ilə Bakı və Abşerona nəql olunan suyun həcmi xeyli artırılaraq saniyədə 9,5 kubmetrə və ya sutkada 820 min kubmetrə çatdırılır.

Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan Ceyranbatan su təchizatı sisteminin 3-cü növbəsinin inşasında da Ümummilli Liderin müstəsna xidmətləri olmuşdur. 1978-ci ildə istismara verilən 3-cü növbədən sonra sutəmizləyici qurğularının məhsuldarlığı saniyədə 7,5 kubmetrə çatdırılmışdır.

Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. 1993-cü ilin yayında xalqın təkidli xahişi ilə hakimiyyətə gələn Ulu Öndərin müəyyənləşdirdiyi düzgün sosial-iqtisadi strategiyanın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı. Ümummilli Lider Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsasını yaratmaq imkanlarını nəzərdən keçirdi. Bunun üçün, ilk növbədə, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının ölkəmizin, xalqımızın gələcək firavanlığının təminatına yönəldilməsini nəzərdə tutan mükəmməl neft strategiyası işlənib hazırlandı. 1994-cü il sentyabr ayının 20-də  “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanda iqtisadi sabitliyin təməli qoyuldu. Bu da öz növbəsində beynəlxalq maliyyə qurumlarının ölkəmizdə  həyata keçirilən iqtisadi və infrastruktur layihələrinə marağını artırdı.

Müstəqilliyini yenicə qazanmış Azərbaycanın məhdud maliyyə ehtiyatları içməli su təchizatı sektorunda iri həcmli layihələri həyata keçirməyə imkan vermirdi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün beynəlxalq maliyyə təşkilatlarından kredit cəlb etmək təşəbbüsünü irəli sürdü. 1995-ci ildə Ulu Öndərin göstərişi ilə fiziki və mənəvi cəhətdən köhnəlmiş Ceyranbatan və Kür sutəmizləyici qurğularının yenidən qurulması üçün Dünya Bankından, eləcə də  Avropa Yenidənqurma və İnkişaf  Bankından dövlət zəmanətli kreditlərin cəlbi üçün danışıqlara başlanıldı. Həmin danışıqların nəticəsi olaraq sözügedən banklar “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə güzəştli şərtlərlə 88,7 milyon dollar kredit ayrılmasına razılıq verdilər.

1998-ci ildə icrasına başlanılan layihə çərçivəsində Ceyranbatan sutəmizləyici qurğular kompleksinin reagent təsərrüfatı, şəffaflaşdırıcılar, birinci növbə süzgəclər sexi tam bərpa olundu. Bundan əlavə, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ikinci və üçüncü növbə süzgəclər sexi qismən yenidən quruldu, hər üç növbə üçün yeni xlorator təsərrüfatı yaradıldı. Layihə çərçivəsində Kür sutəmizləyici qurğular kompleksində də mühüm işlər görüldü. Layihəyə uyğun olaraq radial, üfuqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən quruldu,  Bakı şəhərinin su təchizatı sisteminin əsas istehsal sahələrində də bir sıra yenidənqurma işləri aparıldı. Bütövlükdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi”nə  Azərbaycan hökumətinin iştirak payı da daxil olmaqla 100,93 milyon dollar xərcləndi. Həyata keçirilmiş tədbirlər nəticəsində təmizlənən suyun keyfiyyət göstəriciləri standartlara uyğunlaşdırıldı ki, bu da  paytaxt sakinlərinin  təmiz içməli su ilə təminatına imkan yaratdı.

Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən işlər Ümummilli Liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.  Ulu Öndərin Oğuz və Qəbələ rayonlarının ərazilərində yerləşən yeraltı suların Bakıya gətirilməsi kimi nəcib təşəbbüsü ölkə Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrildi. 2007-ci ilin mart ayında dövlət başçısının iştirakı ilə təməli qoyulmuş Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ilin son günlərində istismara verildi. Layihə çərçivəsində yeni su mənbəyi yaradıldı, 262,5 kilometr uzunluğunda özüaxımlı magistral kəməri çəkildi, suyun tənzimlənməsi üçün kəmər üzərində çoxsaylı nizamlayıcı qurğular inşa olundu. Bunun ardınca Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin inşasına başlanıldı. Ən son texnologiya əsasında tikilən və məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatanda yeni kompleksin istismara verilməsi Kür sutəmizləyici qurğularında emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad şəhərləri, həmçinin kəmərlərin marşrutu boyunca yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaratdı.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə yaradılan infrastruktur uzun illərdir ki, xalqımıza xidmət göstərir. Eyni zamanda, Ulu Öndərin əhalinin su kimi əvəzsiz və vacib nemətlə təminatı istiqamətində verdiyi tövsiyə və tapşırıqlar hazırda ardıcıl şəkildə həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda istehlakçıların  böyük əksəriyyəti Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi  standartlara uyğun keyfiyyətli içməli su ilə təmin olunurlar.

RÖVŞƏN MƏMMƏDOV

SALYAN SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ