ZAKİR FƏRƏCOV SAHİBKARLARI NECƏ ALDADIB?

116

ZAKİR FƏRƏCOV SAHİBKARLARI NECƏ ALDADIB?

Xəbər verdiyimiz kimi, Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-dən çox fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir ki, Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisinin həyata keçirilməsini onlar böyük zəhmət hesabına həyata keçiriblər. “Bizim gecə-gündüz zəhmətimizn nəticəsində görülən işləri Siz Bulvarın açılışında möhtəşəın işlər adlandırmısınız. Ancaq bu möhtəşəm işləri görən 400-dən artıq iş adamı, sahibkar, fəhlə bu günədək öz halal pullarını ala bilmirlər. Gördüyümz işlərin əvəzi olaraq bizə çatmalı olan milyonlarla vəsaiti Zakir Fərəcov vermir. Zakir Fərəcov hətta bizə hədə-qorxu gəlir, həbslə hədələyir”.
Müraciət sahibləri bəyan edir ki, dəfələrlə Zakir Fərəcovdan sənəd əsasında işləməyi tələb etsələr də, o “Şəhərin sahibi mənəm, nə sənəd -zad…” deyərək görülən işlərin sənədləşməsinə imkan verməyib. “Zakir Fərəcovdan hər dəfə pullarımızı tələb edəndə “Tələsməyin, Bakıya icra başçısı gedirəm…” deyərək bizləri aldadıb. Zakir Fərəcov deyir ki, guya bizim pullarımızı verib, qoy ortaya bircə sənəd qoysun. Qoya bilməz, çünki bizim halal pullarımızı verməyib”.
İş adamları qeyd edirlər ki, Zakir Fərəcov onlarla görüşəndə yeni bəhanələr tapır, “Tələsməyin müavinim Adil Xudadatov iş adamlarından pulları yığıb borcunuzu bağlayacaq”, deyə bildirir. “Görəsən, vaxtilə KAMAZ şoferi işləyən, heç bir ali təhsili olmayan, Abşeronda çalışarkən Fərəcova milyonlar atan və cəzasını çəkən, sonra Fərəcovun etimadını doğruldan və Sumqayıt İcra Hakimiyyətində işləyən Xudadatov kimdir ki, sahibkarlardan, ticarət obyektlərindən pul yğır? Görəsən şəhərin hüquq-mühafizə orqanları hara baxır? Yeri gəlmişkən, Adil Xudadatov kefi yaxşı olanda “Mən Abdullanın əsgəriyəm” deyir. Qoy, təhlükəsizlik orqanları araşdırsın görək Abdulla kimdir?”
Sahibkarlar vurğulayırlar ki, Adil Xudadatov hansı səlahiyyətlə iş adamlarından pul yığır? “Adil Xudadatov dəyəri yüz minlər, milyonlar olan obyektləri hansı pullarla alıb? Zakir Fərəcovun mülklərinin ümumi dəyəri bəlkə də Sumqayıt şəhərinin büdcəsindən çoxdur”.
Müraciətdə daha sonra deyilir: “Biz dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma müraciət edək ? Ki, problemimiz həll olunsun.
Bizim yazdığımız müraciətlər, şikayətlər niyə Sizə yetişmir? Siz öz çıxışınızda qeyd etmisiniz ki, bəziləri şikayətlərin sizə çatmasına mane olublar. Bəs, bu gün niyə bizim şikayətlərimiz Sizə çatmır? Zakir Fərəcovdan halal pullarımızı necə alaq? Bu adam təkcə bir obyektini satsa borcların hamısını bağlayar. Bizim də canımız qurtarar”.
Ev-eşiklərini girov qoyaraq, mal və material aldıqlarını, elə bu səbəbdən də borca düşdüklərini vurğulayan sahibkarlar, artıq borc üzündən mülklərinin əllərindən çıxdıqlarını deyirlər. “İndi hamımız çətin durumdayıq. Bizim düşdüyümüz durumu nəzərə alın, göstəriş verin Zakir Fərəcova, pullarımızı qaytarsın. Cənab Prezident! Bir çıxışınızda vicdansız məmurlara müraciətlə “Barı Allahınız olsun” demisiniz. Zakir Fərəcovun Allahı yoxdur. Bizi bu Allahsızın əlindən xilas elə, ya da onu da göndər həbsxanadakı dostlarının yanına”.
Qeyd edək ki, müraciəti imzalayan 9 iş adamı sonda Zakir Fərəcova da ismarıc göndəriblər. “İşdən çıxsan da, həbsxanaya düşsən də, ölkədən qaçsan da, hətta ölsən də biz səndən halal pulumuzu alacağıq”.

cumhuriyyet.net