Zakir Fərəcov qaydaları pozdu: icra başçısı məzuniyyət götürüb, ölkəni tərk edib

133

Zakir Fərəcov qaydaları pozdu: icra başçısı məzuniyyət götürüb, ölkəni tərk edib

Hələ bir neçə həftə əvvəl icra başçılarına bu yay məzuniyyət verilməyəcəyi barədə xəbər yayılmışdı. Həmin xəbərdə deyilirdi ki, belə bir qərarın verilməsinə səbəb hökumətin yayda bir sıra iri layihələri həyata keçirəcəyi ilə bağlıdır. Eyni zamanda, icra başçılarının da yerində olmasının səbəbi kimi, ölkədə gözlənilən siyasi və ictimai hadisələr də göstərilirdi.

Qeyd edək ki, bu məlumatı bir neçə icra başçısı da təsdiqləyib. Onlar özlərinə yaxın medialara məlumat ötürmüşdülər ki, bu yay onlar üçün nəzərdə tutulan məzuniyyətlər ləğv edilib.

JAMAZ.İNFO xəbər verir ki, görünür icra başçıları arasında da ayrı-seçkilik və ya “ağ və qara”lar var. Əks təqdirdə, bütün icra başçılarına tətbiq edilən qadağaya rəğmən, bəziləri həmin qərarı özü üçün əhəmiyyətsiz etsin.

Belə ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov gələn göstərişə əsasən məzuniyyətə çıxıb. Verilən məlumata görə, icra başçısı dünəndən etibarən 15 günlük məzuniyyət götürərək, nəinki Sumqayıtı, ölkəni tərk edib. Onun ailəsi ilə birlikdə Şərqi Avropa ölkələrindən birinə getdiyi bildirilir.

Bildirək ki, ən üst səviyyədə qoyulan qadağanın Zakir Fərəcov tərəfindən pozulması olduqca maraqlıdır. Çünki digər icra başçıları kimi, Fərəcov da verilən tapşırığa əməl etməli olduğu halda, bunun əksini edib. Onun bu hərəkətinə hər hansı qiymət verilib, verilməyəcəyi də məlum deyil. Güman ki, o, bu addımını özbaşına atmayıb, arxasında dayanan məmura güvənərək edib. Əks təqdirdə, belə riskli addım atmazdı.

Xatırladaq ki, Zakir Fərəcov icra başçıları arasında ən çox adı qalmaqala qarışanlardandır. Onun Dənizkənarı Bulvar və Sumqayıtdakı yenidənqurma və abadlıq işlərinə görə, sahibkarlara 10 milyon manatdan çox borcunun yaranması, habelə şəhərin bütün qurumlarında aparılan yoxlamalar zamanı ciddi yeyintilərin üzə çıxarılması bunlardan bir neçəsi hesab olunur.