Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır

496

Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır

Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov: Azərbaycan Respublikası müstəqil dövlət olaraq onun ərazisində yaşayan millətlərin tarixi birliyinin təcəssümüdür. Bizim dövlətimiz milli prioritetlərin formalaşması istiqamətində uzun və möhtəşəm tarixi yol keçmişdir.

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında yenidən müstəqillik əldə etdi.

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoru­yan Heydər Əliyev kimi dahi, uzaqgörən siyasətçiyə ehtiyac duyulurdu. Dahi lider xalqını ağır vəziyyətdə qoymayıb onun köməyinə çatdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirildi, ölkəmizin beynəlxalq mövqeyi gücləndi.

Digər sahələrlə yanaşı, ordu qu­ruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 okt­yabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin ina­mını diqqətə çatdırdı: “Üzümü Sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolun­da çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin stra­teji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.

Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühi­ti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qo­rumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı.

Bunlar bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunma­sında “İlhamla irəli!”- devizi, sabaha, gələcəyə inam hissi dayanırdı. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqma­tik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırıl­ması və qeyri – neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım­lar atdı. Ölkədə qeyri-neftsektorunda iqti­sadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Habelə ölkədə kənd təsərrüfatı sahəsində dinamik inkişafa nail olunma­sını, ənənəvi əkinçilik və heyvandalığın, məşğulluq vərdişlərinin bərpa olunma­sında təxirəsalınmaz işləri reallaşdırmaq üçün əlverişli mühit formalaşdırıldı. Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. O, bir daha vurğuladı ki, xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət baş­çısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.

Azərbaycanın hərbi-siyasi və dip­lomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olma­sının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaska­rıdır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadar­larının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demiş­dir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyası­nı yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”

Prezident İlham Əliyev ölkə iqtisa­diyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaq­larını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.

Hazırladı: Rübabə Vəliyeva