Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixini yazıb

348

Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişaf tarixini yazıb

Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi ulu öndərin əziz xatirəsinə xalqımızın ehtiramının ifadəsidir.

Müasir Azərbaycanın bütöv bir in­kişaf epoxası Heydər Əliyevin adi ilə bağlıdır. 1969-cu ilin iyul ayından baş­lanan bu şərəfli epoxa özündə müasir tariximizin qürur doğuran səhifələrini cəmləşdirmişdir. Sovetlər dövrü Azər­baycanının iqtisadi baxımdan geridə olduğu bir vaxtda respublikamıza rəh­bərliyə başlayan ulu öndər xalqımızı aydın gələcəyə, yüksək sosial rifaha aparan və eyni zamanda, gələcək müstəqilliyimizin iqtisadi bazasını təş­kil edəcək tərəqqi yolunun əsasını qoy­muşdur.

Eyni missiyanı Heydər Əliyev müstəqilliyimizin ilk illərində də layiqin­cə yerinə yetirmişdir. Lakin bu dəfə Heydər Əliyev həm də müstəqilliyimizi qorumuş, dövlətçiliyimizi itirilməkdən xilas etmişdir. Bu gün müstəqil respub­likamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Heydər Əliyevin ikinci dəfə respubikamıza rəhbərliyə başla­dıqdan sonra qoyulmuşdur. Ulu öndər həm də Azərbaycan səhiyyəsinin yük­səlişinin banisidir.

Ümumiyyətlə, XX əsrin ikinci yarısında Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet hakimiyyəti illərində ulu öndərin sayəsində respublikamızda səhiyyənin hərtərəfli yenilənməsi üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970–1980–ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respublikamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu öndər o dövrkü fəaliyyəti barədə demişdir: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf et­məsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzləri­nin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalı­şırdım”.

Müstəqil Azərbaycanın ilk illərində yaranmış dərin böhran səhiyyədən də yan ötməmişdi. Həmin dövrə qədər böyük nailiyyətləri olan tibb sahəsi ölkədəki yarıtmaz idarəçiliyin nəticəsi kimi iflic vəziyyətinə düşmüş, vətəndaşlara tibbi xidmətlə bağlı formalaşmış dəyər­lər sistemi, demək olar ki, tamamilə dağılmışdı.

Yalnız Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra həyata ke­çirilən sosial islahatlar səhiyyəni də əhatə etmiş, bu sahədəki tənəzzülə son qoyulmuş və tibb xidmətinin müa­sir standartlar müstəvisinə keçirilməsi üçün əlverişdi şərait yaranmışdır. Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev insan amilini müəyyən edən məsələlər sırasında ölkə əhalisinin sağlamlağının qorunmasını və bu çərçivədə tibbi xid­mətlərə əlçatanlığın təmin edilməsini xüsusi diqqət mərkəzində saxlayırdı. Ona görə bərbad vəziyyə düşmüş səhiyyə sisteminin məhz bundan sonra səhmana salınmasına başlanılmışdır. Həmin dövrdən yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürmüş, mövcud tibbi müəssisələrinin yenidən qurulmasına başlanılmış, ambulator-poliklinika şəbəkələri genişləndirilmiş, ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verilmiş və tibb müəssisələrin maddi-texniki ba­zası da möhkəmləndirilmişdir.

Ulu öndər tərəfindən səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyasının yaradılması da bu sahədəki addımların səmərəliliyinə xidmət etmişdir. Bu islahatlar həm də Azərbaycanın sosial dövlətə çevrilməsi yolunda ilk mütərəqqi addımlar olmuşdur.

Təbii ki, islahatların uğur qazanmasında, ümumiyyətlə isə hər bir sahənin inkişafında təkmil qanunvericilik bazasının olması əsas şərtlərdən biridir. Bu baxımdan Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Xüsusi tibbi fəaliyyət haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji sağlamlıq haqqında” qanunlar kimi mükəmməl səhiyyə qanunvericiliyini formalaşdırmaqla yanaşı, islahatların da uğurlarını təmin etmişdir.

1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı mərasimində ulu öndərin etdiyi çıxışda həm səhiyyə islahatları, həm də həkim peşəsi barədə dəyərli fikirləri hər zaman öz aktuallığını saxlayacaq. “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik.

Bu islahatların həyata keçirilməsi bəzi çətinliklər yaratsa da, gələcək üçün Azərbaycanda səhiyyəni daha da keyfiyyətli edəcək və insanlara xid­mətin keyfiyyətini daha da artıracaqdır. Mən bu islahatlara inanıram və ümidvaram ki, siz, səhiyyə işçiləri, hamınız birlikdə səhiyyə sahəsində islahatların aparılmasında fəal iştirak edəcəksiniz. Sizin peşəniz elə bir peşədir ki, hər bir insana lazımdır və dünyanın hər bir yerində lazımdır. Bu, sizin kimi adamlar üçün böyük xoşbəxtlikdir. Çünki siz hamıya, hər bir vətəndaşa, cəmiyyətə, dövlətə lazımsınız. Ona görə də sizin sahəniz çox dəyərli sahədir, xalq, cəmiyyət, ölkə, dövlət üçün çox vacib sahədir”.

 

Ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilən müsləqil Azərbaycanın Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təsbit olunmuşdur. Ana qanunumuzda təsbit edilir ki, dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya sala­matlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

Məmnunluq hissi ilə qeyd eləməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 20 ilə yaxın dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilmişdir. Bu siyasətin ən böyük uğurlarından biri səhiyyəmizin keçdiyi sürətli inkişaf yoludur. Bu dövrdəki uğurlar o qədər əhatəlidir ki, onları bir məqalədə ətraflı ifadə etmək mümkün deyil.

2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə gözəl ənənəyə çevrilimişdir. Ona görə qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda elə bir şəhərimiz yoxdur ki, orada müasir tibb müəssisəsi olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standart­lar səviyyəsində tibbi xidmətlər göstərilir.

Bu dövrdə kadr hazırlığında da baş verən keyfiyyət dəyişiklikləri, tibbi per­sonalın peşəkarlığının yüksəlməsi səhiyyəmizin uğurlarından sayılmalıdır. 2020-ci ilin mart ayında “Yeni klinika”­nın açılışında Prezident İlham Əliyev bu barədə demişdir: «Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim hə­kimlərimiz ən çətin əməliyyatları apa­rırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplan­tasiyası əməliyyatları keçirilir».

Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarını daha da artırmışdır. Məhz belə tədbirlərin nəticəsidir ki, ölkəmizdə müalicəsi mümkün olmayan bir çox mürəkkəb xəstəliklər bu gün klinikalarımızda müalicə edilir.

Əsas uğurlarımızdan biri də artıq iki ildir ki, icbari tibbi sığortanın tam tətbiqidir. Əhalinin sağlamlığının qorunmasına xidmət edən icbari tibbi sığorta sisteminin yaradılması bir daha təsdiq edir ki, dövlətin sosial siyasətinin mərkəzində ilk növbədə insan amili dayanır.

Səhiyyədə əldə edilən uğurlarda, bu sahədə dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr respublikamızda vətəndaşların sağlamlığının qorun­masına böyük töhfələr vermiş, ana və uşaqların sağlamlığına xidmət etmiş­dir.

Bu gün Azərbaycan səhiyyəsi dinamik inkişaf yolundadır. Bu inkişaf isə təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də təqdir olunur, Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığı­nın təminatıdır.

Ramin Qasımov

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkimi