Heydər Əliyev ideyalarının Azərbaycanın su təsərrüfatının uğurlu inkişafında mühüm rolu var

292

Heydər Əliyev ideyalarının Azərbaycanın su təsərrüfatının uğurlu inkişafında mühüm rolu var

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron Sukanal İdarəsinin rəisi Fərmayil Vəliyev: Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqımızın inkişaf yoluna daim nur çiləyir. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər.

Heydər Əliyevin rəhbərliyi altında işləmək, onun yaratdığı idarəetmə məktəbinin müdavimi olmaq böyük səadətdir. Belə səadətə nəsib olduğum üçün Tanrıya minnətdaram. Həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi insan onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək, meliorasiya və irriqasiya işlərini. Ölkəmizdə bu sahəyə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, meliorasiya və irriqasiya işlərinin inkişaf edərək, geniş miqyasda vüsət tapması 1969 – 1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir.

Həmin illərdə cənab Heydər Əliyevin şəxsi təşəbbüsü və yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı sahəsi, su axımını bölüşdürən, tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və çoxsaylı su tutar anbarlardan ibarət etibarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış, ölkədə suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

Ötən əsrin 70-80-ci illərində meliorasiya və su təsərrüfatı sahəsinə 2 dəfədən çox vəsait qoyulmuş, min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj sistemləri, geniş həcmli nasos stansiyaları, hidroqovşaqlar, ümumi tutumu 3 milyard kubmetr olan su anbarları və sair tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmış və bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyinin mədəniyyəti daha da səlisləşmiş, onun səmərəsi nəzərə çarpacaq dərəcədə artmışdır.

Böyük öndərin uzaqgörən siyasəti sayəsində ölkədə elə təsərrüfat sistemi yaradılmışdır ki, orada su çatışmazlığından gileylənmək bəhanədən başqa bir şey deyildi. Meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi sahəsində 1970-ci ildən başlayaraq cənab Heydər Əliyevin göstərişləri əsasında həyata keçirilən tədbirlər respublikada kənd təsərrüfatı məhsullarının istehsalında böyük nailiyyətlərin əsasını təşkil etmişdir. 1983-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1970-ci ildəkinə nisbətən 2,2 dəfə artmışdır. Bitkiçilik üzrə bu göstərici 2,6 dəfə, heyvanlarlıq sahəsində isə 1,7 dəfə olmuşdur.

Heydər Əliyev Moskvada, İttifaq rəhbərliyində işləyərkən belə respublikanın meliorasiya və su təsərrüfatı sahəsinə öz qayğısını əsirgəməmiş, bu yöndə işlərin gedişinə daim nəzarət etmiş və dəyərli köməklik göstərmişdir. Məhz həmin dövrdə onun fəal müdaxiləsi hesabına ölkəmiz üçün son dərəcə vacib sayılan Baş Mil-Muğan kollektorunun yenidən qurulmasının, Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının, Şəmkir magistral kanalının və onlarla digər vacib obyektlərin tikintisinin taleyi müsbət həll edilmişdir.

Lakin bu dahi insanın vəzifədən kənarlaşdırılması nəinki Azərbaycana, o cümlədən keçmiş SSRİ-yə böyük bəlalar gətirmişdir. Milli zəmində başlanan qanlı münaqişələr bütün dünyada söz sahibi sayılan nəhəng bir dövlətin əsaslarını laxlatmış, iqtisadiyyatını tənəzzülə sürükləmişdir. Bunu biz respublikamızda daha çox hiss etmişik. O vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi və şəxsən bizim sahəyə laqeyd münasibəti aparılan işlərin sürətinə və həcminə mənfi təsir göstərmiş, meliorasiya və su təsərrüfatına qoyulan kapital heçə endirilmiş, irriqasiya sistemlərinin istismarına ayrılan büdcə vəsaiti ildən-ilə azaldılmışdır. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş ittifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Ulu öndər Azərbaycanın işıqlı və parlaq gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdur. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən – Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlamışdır.

1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar sayəsində Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi. Demək olar ki, hər beşillikdə aqrar sektorun müxtəlif sahələrinin inkişafı üzrə mərkəzi ittifaq hökumətinin müvafiq qərarları olmuşdur.

Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən böyük uzaqgörənliklə müəyyən edən dahi rəhbər Heydər Əliyev bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Müasir meliorasiya və irriqasiyanın əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

 

Meliorasiya və su təsərrüfatı kompleksində əldə edilmiş nailiyyətlər ulu öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısı nəticəsində əldə edilmişdir.

Respublikamız üçün son dərəcə vacib olan Tərtərçay hidrokompleksinin, Xanbulançay su anbarının və Samur-Abşeron kanalının yenidən qurulması obyektlərinin açılışında ümummilli lider Heydər Əliyevin iştirakı onun meliorasiya və su təsərrüfatına, bu sahənin inkişafına olan diqqət və qayğısının əyani sübutudur.

Azərbaycanda su axınını bölüşdürən və tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları və su anbarlarından ibarət geniş və mürəkkəb su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu böyük meliorasiya potensialının əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi əvvəlki dövrdə yaradılmışdır.

1987-ci ildən sonra respublika iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdür. Tikinti işləri, demək olar ki, dayandırılmışdır. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.

Yaranmış vəziyyətdən çıxmaq, su təsərrüfatını tədricən öz xərclərini ödəməyə keçirməklə sudan istifadənin səmərəliliyini yüksəltmək, meliorasiya və irriqasiya obyektləri üzərində mülkiyyət münasibətlərini təkmilləşdirmək və sahənin gələcək inkişafına xarici investisiyaların cəlb edilməsini təmin etmək məqsədilə müvafiq islahatların keçirilməsi olduqca vacib idi.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünya miqyaslı siyasətçi Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

Aqrar islahatın bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ hüquqi sənəd hazırlandı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri də dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyevi xalqımıza bəxş etməsi olmuşdur.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezident İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, səhmdar cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.