HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR

401

HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ
İDEOLOGİYASININ BANİSİDİR

May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə Heydər Əliyev nəinki müstəqil dövlət quruculuğu prosesini həyata keçirdi, bütün sahələr üzrə gələcək inkişafın sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram uğrunda birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı. Ümummilli lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək, azərbaycançılıq ideyasına yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi. Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıdarkən bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və elə həmin il qəbul edilmiş Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapmışdır. Bu proqram xarakterli müraciətdə dövrün real ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və yaşanan proseslərin xarakteri, Azərbaycanın daxili durumu, hökm sürən iqtisadi, siyasi böhran, ondan çıxış yolları və digər taleyüklü məsələlər tezislər şəklində özünün əsl siyasi qiymətini almışdır.
Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verir, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və milli iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar və fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil dövlət quruculuğunu həyata keçirdi, həmçinin bu dövlətin gələcək inkişafının sağlam təməlini qoydu, eyni zamanda ölkə vətəndaşlarını dövlətçilik ətrafında səfərbər edən, daxildə və beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd, məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda artIq kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideoloji-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.
Ümumdünya tarixindən də məlumdur ki, milli mənsubiyyət duyğularına, milli səfərbəredici və birləşdirici ideyaya, milli-vətəndaş birliyi hisslərinə malik olmayan xalqlar zaman-zaman öz milli dövlətlərini itirərək, başqa dövlətlərin və xalqların tərkibində assimilyasiyaya məruz qalmışlar. Bu baxımdan, ümummilli liderin milli ideologiya ilə bağlı nəzəri yanaşmasında, ilk növbədə “ölkə vətəndaşlarının vahid amal uğrunda birləşməsi, özünü azərbaycanlı sayan bütün soydaşlarımızın Azərbaycan dövlətinə bağlılığının təmin edilməsi, milli maraqlar naminə lazım gələndə hər kəsin qətiyyətlə və böyük əzmkarlıqla fəaliyyət göstərməsi” iradəsi nəzərdə tutulur.
Heydər Əliyev müstəqillik dövründə Azərbaycanda tətbiq edilən milli ideologiyanın əhəmiyyətindən bəhs edərək, vurğulayırdı ki, “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas birləşdirici ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaqla yanaşı, milliliyin ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Elman Cavadi

Zərdab Rayon 39 saylı Yol İstismar İdarəsinin rəisi

 

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.:070-200-98-72