Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi elə insan sağlamlığına ayrılan diqqətdir. Bu gün ölkəmizdə “Talassemiya” Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq 2016-ci ildə də ölkəmizdə səhiyyə sahəsində kifayət qədər uğurlar əldə olundu. Belə ki, 2016-cı ildə Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanaları, o cümlədən, Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxana əhalinin istifadəsinə verildi. Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırıldı. 2016-cı ildə ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində, mütəmadi olaraq, ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən, neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır.
Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olmuşdur. Bunun nəticəsidir ki, tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.
Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətəlayiqdir ki, bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir. 2016-cı ildə Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb. Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli qərarı ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Qeyd olunan Proqram qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, 2017-ci ildən başlayaraq, xəstələrin dövlət hesabına innovasion preparatlarla təminatına imkan yaradacaqdır.
Bu il, eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “2016-2020-ci illər üçün İnsan immun çatışmamazlığı virusu və Qazanılmış immun çatışmamazlığı sindromu ilə mübarizə üzrə yeni Tədbirlər Proqramı” Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və bu xəstəliklərlə mübarizə işi qarşıda gələn illərdə də davam etdiriləcəkdir.
Artıq bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülmüş, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmış, 63 nəfərə böyrək köçürülmüşdür. 42 sümük iliyi transplantasiyası icra edilmişdir. Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 açıq, 91 qapalı ürək əməliyyatı icra olunmuşdur. O cümlədən, 265 uşağa 219 açıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunmuşdur.
İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq, əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa, artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir.
Respublikamızda həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını almışdır.
Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir qismidir. Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər də var. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Səhiyyə sisteminin islahatları nəticəsində, əsasən, stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır.
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Bu baxımdan reallıqlara söykənib, qətiyyətlə deyə bilərik ki, Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar mövcuddur.
Səyyaf Tağıyev
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi