Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir

1643

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir

Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəçilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi- Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Şəhərin əhalisi yeddi mindən çox idi. Regionun yeganə mülki hava limanı burada yerləşdiyindən şəhərin nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyətə malik idi. Məhz buna görə Dağlıq Qarabağ münaqişəsi başlamazdan öncə şəhər qaçqınların pənah apardığı yerə çevrilmişdir. Orta Asiyada baş verən etnik çaxnaşmalardan qaçan Ahısxa türkləri və Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlar Xocalıda məskunlaşmışdı.

1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir.

Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və (təxminən 2500 nəfər) şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər.

Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Bunun nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınları doğulmamış uşaqları qarınlarından çıxarılmışdır.

Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktarı saxtalaşdırmaq, öz mülahizələrinə uyğunlaşdırırlar. Onların bu yanaşması nəinki reallıqdan uzaqdır, həmçinin sadə məntiq qaydalarına ziddir. Bütün bunlara baxmayaraq, ən kəskin təbliğat belə real vəziyyəti əks etdirən faktları inkar etməyə və Ermənistan tərəfinin təqdim etdiyi reallıqdan uzaq yanaşmanı qəbul etməyə imkan verməyəcəkdir. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərli informasiya ilə yanaşı, faciənin törədilməsi ilə bağlı Ermənistanın məsuliyyətini həmçinin çoxsaylı müstəqil mənbələr və faciə şahidlərinin ifadələri də təsdiqləyir.

XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri sırasında Xocalı faciəsi ən dəhşətlilərinə aiddir.  Azərbaycan xalqı və onun dövləti bu faciəni unutmur və unutmayacaqdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçılarının layiqli cəzalarına çatmalarına nail olunacağına inanırıq. Allah rəhmət etsin!

 

 

 

 

Həmid Həsənov

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi

Redaksiya: 051-311-24-99