“Qasımova bacıları hər ay müftə əmək haqqı almaq istəyirdilər”

682
“Qasımova bacıları hər ay müftə əmək haqqı almaq istəyirdilər”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Xalq artisti Xuraman Qasımovanın ittihamlarına münasibət bildirib.
“Ölkə.Az” xəbər verir ki, teatrın mətbuat xidmətinin “Qafqazinfo”ya açıqlamasında qeyd olunur:

“Xuraman Qasımovanın səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyildir. Qasımova bildirir ki, onu və bacısını “cavan qız ikən” Teatrdan uzaqlaşdırıblar. Nəzərə alsaq ki, Xuraman və Fidan Qasımovalarla əmək müqaviləsinə 2005-ci ildə xitam verilib, o zaman F.Qasımovanın 58 (1947-ci il təvəllüdlüdür), X.Qasımovanın isə 54 yaşı (1951-ci ildə doğulmuşdur) var idi. Həm də onlara heç kəs Operada çıxış etməyi qadağan etməyib, sadəcə onlar repertuarda məşğul olmadıqlarına görə, ştatdan azad edilib, tamaşa haqqı ödənilməklə işə keçiriliblər. Onlar bununla razılaşmaq istəmirdilər, ona görə ki, illərlə səhnəyə çıxmadıqları halda hər ay müftə əmək haqqı almaq istəyirdilər.

Nigar Şabanovanın bəyanatına gəldikdə, o artıq öz cavabını alıb, ona cavab verən Xalq artistlərini heç kəs məcbur edib efirə göndərməyib, onlar öz təşəbbüsləri ilə verilişə çıxıb həqiqəti söyləmək istəyiblər. Gənclərə qayğı məsələsi Opera və Balet Teatrında ən yüksək səviyyədədir. Layiq olanlar bu Teatrın səhnəsində öz yerini tutur və onların inkişaf etməsi üçün Teatr rəhbərliyi hər cür şərait yaradır. Son 20-25 il ərzində Opera və Balet Teatrının səhnəsində ilk addımlarını atan gənclərin bir çoxu bu gün artıq yüksək fəxri adlar daşıyırlar, müxtəlif beynəlxalq mükafatlara layiq görülüblər, səsləri dünyanın mötəbər Teatr və konsert salonlarından eşidilir. Xuraman Qasımova bu həqiqətləri görmək istəmir və ya görməməzliyə vurur. Bir daha təkrar etmək istəyirik ki, Opera və Balet Teatrının səhnəsinə heç kəs pul ödəyib gəlmir, burada çıxış etdiklərinə görə onlara pul verilir.

Xuraman Qasımovanın daha bir ittihamı haqqında: “Opera Teatrında səviyyəsiz tamaşalar çoxdur”. Əgər Qasımova 2005-ci ildən bu yana Teatra gəlmirsə, tamaşaların səviyyəsi barədə necə mühakimə yürüdə bilər? Opera və Balet Teatrının tamaşalarında xarici qonaqlar, diplomatik korpus nümayəndələri, səfirlər, Azərbaycan elitasının nümayəndələri vaxtaşırı iştirak edirlər. Əgər tamaşaların səviyyəsi onları qane etməsə onlar təkrarən Teatra gələrlərmi? Fikir söyləmək üçün Teatra gəlmək və tamaşalarda iştirak etmək lazımdır.X.Qasımova “Koroğlu” tamaşası haqqında danışır, atın səhnədə süründüyünü iddia edir. “Koroğlu” operasının hər bir tamaşası “Mədəniyyət” kanalı ilə lentə alınır və sonradan televiziyada nümayiş olunur. Nədənsə atın süründüyünü heç kəs müşahidə etməyib, gülünc və cəfəngiyyat dolu fikirdir. Bu at Teatrın şəxsi atı deyil, o hər dəfə İdman və Gənclər Nazirliyinin tabeliyində olan Atçılıq idmanı və Müasir Beşnövçülük üzrə İOEUPM-dən icarəyə götürülür və qeyd etmək lazımdır ki, hər dəfə Teatra ən yaxşı cins atlar göndərilir.
Daha bir ağ yalan – “teatr bu dəqiqə Sumqayıtdan kənara çıxmır”. Qasımovaya demək istəyərdik ki, Teatr nəinki Sumqayıtdan kənara çıxmır, hətta Azərbaycanın hüdudlarından çox-çox kənarda belə qastrol səfərlərində olur. Teatrın muğam və balet truppaları, simfonik orkestri bir çox yaxın-uzaq ölkələrdə – Rusiya Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı, Belarusun Böyük Akademik Opera və Balet Teatrı, Türkiyənin İstanbul və Ankara Opera və Balet Teatrları, Fransa, Almaniya, Qətər və s. ölkələrdə çıxış etmiş və etməkdədir.

Teatrın ayrı-ayrı solistlərinin fərdi və qrup halında çıxışlarının coğrafiyası isə daha genişdir. Afaq Abbasova. Fidan Hacıyeva, Samir Cəfərov, Mənsum İbrahimov, Təyyar Bayramov və b. İtaliya, Fransa, Almaniya, Belçika, Avstriya, Çin, ABŞ, Koreya, Böyük Britaniya, Slovakiya, və onlarla başqa ölkələrdə çıxış edirlər. Bu gün Teatrın dirijorları Əyyub Quliyev, Yalçın Adıgözəlov, Orxan Həşimov dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurlar. Teatrın baş rejissoru Hafiz Quliyev Türkiyə, Rusiya, Çin, Belarus, Bolqarıstanda Azərbaycan klassiklərinin əsərlərini səhnəyə qoyur. Baş baletmeyster Kamila Hüseynova və dirijor Yalçın Adıgözəlov hazırda Türkiyədə F.Əmirovun “Nəsimi” baletinin quruluşu üzərində çalışırlar.

Uzun illər bundan əvvəl Azər Rzayevin Teatrda direktor olduğu zamankı qastrolların siyahısını da açıqlaya bilərik: Saratov, Voronej, Omsk, Həştərxan və s. Həm də bunlar A.Rzayevin xidmətləri olmayıb, o zamanki vahid SSRİ məkanında SSRİ Mədəniyyət Nazirliyi tərəfindən respublikalar arasında mədəni mübadilə çərçivəsində baş tutan tədbirlər idi.

X.Qasımovanın daha bir fikri: “mənim tələbəmi Teatra işə götürürlər, kağıza imza atdırırlar ki, “sən demə ki, Xuramanın tələbəsisən”. Faktlarla danışmaq lazımdır, xanım. Hansı tələbə belə bir kağıza imza atıb? O nəyisə səhv salıb: Teatra işə qəbul edilərkən, işçilər əmək müqaviləsinə imza atırlar, başqa heç bir sənədə.

Ümumiyyətlə başdan başa yalan və iftiralarla dolu olan bu müsahibəni verməklə X.Qasımovanın özünü ictimaiyyətin yadına salmaq və xatırlatmaq məqsədi güddüyünü düşünürük, başqa cür ola bilməz.

Opera və Balet Teatrının fəaliyyəti haqqında həqiqətləri bu Teatrın daimi tamaşaçıları çox yaxşı bilir, kim bu həqiqəti bilmirsə, onları da tamaşalarımıza dəvət edirik”.