Kirayə müqaviləsi ilə veriləcək mənzillərlə bağlı qərara — AYDINLIQ GƏTİRİLDİ

670

Kirayə müqaviləsi ilə veriləcək mənzillərlə bağlı qərara

Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı qərara aydınlıq gətirib.

“Ölkə.Az”ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:

“Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür.

Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir.

Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər”.