Qələbənin kökündə şəxsiyyət amili, Prezident İlham Əliyev fenomeni dayanır

146

Qələbənin kökündə şəxsiyyət amili, Prezident İlham Əliyev fenomeni dayanır

“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabı 27 sentyabr 2020-ci ildə başlamış və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etməsi ilə başa çatan Vətən müharibəsinə həsr olunub. Tarixçi alimlərin, hərbçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin, məmurların Vətən müharibəsi ilə bağlı yazılarının toplandığı qiymətli nəşr İkinci Qarabağ müharibəsinin bütün mərhələlərini əhatə edir. Kitabda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki müstəsna fəaliyyəti və ordu quruculuğunda yeni mərhələni başlatması, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl qələbə strategiyasının əsas istiqamətləri, Vətən müharibəsi dövründə Ali Baş Komandanın uğurlu diplomatiya siyasəti və informasiya cəbhəsindəki mübarizəsi geniş tədqiq edilərək işıqlandırılıb. Azərbaycanın tarixi zəfərinin geopolitik nəticələri və Prezident İlham Əliyevin postmüharibə dövründə Qarabağın sosial-iqtisadi inkişaf strategiyası nəşrdə öz əksini tapıb.
İkiəsrlik münaqişəni, xüsusilə də onun son 32 ilini ətraflı şərh edərək qalibiyyətə aparan yola işıq tutan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabını oxuduqda bir daha əmin oluruq ki, bu Qələbənin kökündə şəxsiyyət amili, Prezident İlham Əliyev fenomeni dayanır.
Vətən müharibəsinə həsr olunan jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 18 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirməsi də əksini tapıb. Bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən hadisələrə də təsir göstərmək imkanı qazanıb.
Prezident İlham Əliyev hər zaman mühüm beynəlxalq tədbirlərin tribunalarından Ermənistanın işğalçı siyasətini ifşa edib təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəklədiyini dünyaya bəyan edib. Xüsusilə son 18 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların sənədləri müvafiq hüquqi baza yaradıb.
Ümumiyyətlə, 2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib.
Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, dinamik iqtisadi inkişaf, siyasi iradə, diplomatiyada uğurlar və ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlar olub. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən də məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin yorulmaz fəaliyyəti olub.

44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar Prezident İlham Əliyevin vahid komandanlığı altında həyata keçirilib. Bununla bağlı “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabında yer alan məlumatda göstərilir ki, hər gün təqdim edilən hərbi məruzələr Ali Baş Komandan tərəfindən dinlənilərək təhlil edilib və növbəti gün üçün yeni döyüş tapşırıqları verilib. Vətən müharibəsinin zəfər zirvəsi olan Şuşa qələbəsi də Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat planına əsasən əldə olunub. Ali Baş Komandan əməliyyatın ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirib. Döyüş günlərində İlham Əliyev tərəfindən göstərilən qətiyyətli və prinsipial sərkərdəlik qabiliyyəti nəticədə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.
Şərhçilərin kitabda yer alan təhlillərində də bildirilir ki, bu razılaşmanın tarixi əhəmiyyəti ilə yanaşı, mühüm strateji önəmi də oldu. Ağdam, Kəlbəcər və Laçın rayonları İlham Əliyevin müdrik siyasəti nəticəsində bir güllə belə atılmadan, itki verilmədən Azərbaycana qaytarıldı.
“Dəmir yumruq” əməliyyatı nəticəsində arxasında dünyanın böyük gücləri dayanan, müxtəlif lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, sıralarına peşəkar və yüksək hazırlıqlı xarici muzdlu döyüşçüləri cəlb edən işğalçı bir ordu əzildi, darmadağın edildi.
“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabında “Böyük qələbədə şəxsiyyət faktoru” adlı ön söz əvəzi məqaləsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov haqlı olaraq bildirir: “17 il idi ki, İlham Əliyev bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi bu şanlı qələbəyə doğru yorulmadan irəliləyib. Qazanılan böyük Qələbə İlham Əliyev fenomenini yeni bir rakursdan işıqlandırdı. Bu, təcrübəli beynəlxalq siyasət qrosmeysteri və istedadlı hərbi strateq keyfiyyətlərini özündə birləşdirmiş iradəli və qətiyyətli lider fenomenidir. 2020-ci ilin payızında həyata keçirilmiş və arzularımızın tacı olan qədim mədəniyyət mərkəzimiz Şuşanın azad edilməsi ilə nəticələnmiş uğurlu hərbi kampaniyanın əsl müəllifi də məhz İlham Əliyevdir.
Azərbaycan xalqının çoxəsrlik mübarizə və müharibələr tarixindəki bu böyük Qələbənin arxasında şəxsiyyət faktoru, görkəmli dövlət başçısı və qüdrətli Sərkərdə – İlham Heydər oğlu Əliyev fenomeni dayanır”.
“Zəfər memuarları – Döyüşçülər Sərkərdə və müharibə haqqında” isə Vətən müharibəsində iştirak edən 27 döyüşçünün Sərkərdə, savaş və Zəfər barədə memuarlarının toplusudur. Məqsədi hərbi əməliyyatların hazırlanması, həyata keçirilməsi, hərbçilərin yaşadıqları hisslər, onların həyəcan və sevincləri, düşüncələri haqqında məlumatı geniş ictimaiyyətə çatdırmaq olan kitabda, yüksəkrütbəli zabitlərin, əsgərlərin, qazilərin, Vətən Müharibəsi Qəhrəmanlarının, ali orden və medallarla təltif olunan döyüşçülərin bir-birindən maraqlı və qəhrəmanlıqlarla dolu döyüş xatirələri əksini tapıb.
Ayrılıqda bu igidlərin hər birinin öz döyüş yolu, fərqli hərbi uğurları, rütbələri, medalları olsa da, kitabda yer alan memuarlarını oxuduqda həm də onları birləşdirən yeganə bir amalın olduğunu yəqin edirsən: bu qəhrəman döyüşçülərin hər biri Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” əməliyyatının cəsur fədailəri kimi böyük zəfərə imza atmaq üçün rəşadətlə döyüşüblər, çarpışıblar. Torpaqlarımızın bütövlüyü, yüz minlərlə məcburi köçkünümüzün öz əzəli dədə-baba yurdlarına qayıtması üçün çıxdıqları bu müqəddəs yolda qarşılaşdıqları çətinliklərə baxmayaraq, düşmənə aman verməyiblər.

Zəfər bayramınız mübarək!

 

Elman Qoçu oğlu Nuriyev

Kür-Araz çaylarinda Bəndlərin İstsmar İdarəsinin rəisi