Xalqın və dövlətin qurtuluş günü

66

Xalqın və dövlətin qurtuluş günü

Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü, onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – Heydər Əliyev. Tale elə gətirmişdir ki, 1992-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olmuşdur. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası”nı elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanması təhlükəsinin artması xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bugününü özünə qaytardı.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. Xalqın tələbi ilə hakimiyyətə bu qayıdışın dövlətçiliyimiz üçün önəmli idi/
Bu hadisənin misilsiz faydası oldu. Bu tarixi qayıdış, sözün həqiqi mənasında, Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Bir sözlə, Ulu Öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsil zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək, öz istək və arzularının nəzərə alınmasını və bu günün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsini tələb edirdilər. Nəticədə insanların bu arzusu reallığa çevrildi.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda lider ölkə statusunu qazanmışdır. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir ölkədir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Biz Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə əminik.

Əziz soydaşlar Milli Qurtuluş Gününüz mübarək!

İlqar Nəzərov

“Şərq” İstehsalat Birliyinin rəhbəri